Türkiyənin Ankara şəhərində 11 yaşlı Furkan Seçkinin əlində stres oyuncağı partlayıb. Hadisə nəticəsində uşağın əlində 2-ci dərəcəli yanıq və qızartı yaranıb. Ailə məsul şəxslər barəsində cinayət işi başlanması üçün şikayət edib.
Sherg.az xəbər verir ki, Furkanın ailəsi oyuncağı şəhərdəki ticarət mərkəzlərindən birində yerləşən oyuncaq mağazasından alıb. Uşaq oyuncağı daha sərt olması üçün axşam soyuducuya qoyub. Səhər onu çıxarıb oynayarkən oyuncaq partlayıb və içərisindəki gel dərisinə axıb.
Furkan ailəsi tərəfindən Yenimahalle Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Müayinə zamanı onun əlində 2-ci dərəcəli yanıq müəyyən edilib.
Ailə məhsulun qablaşdırmasında kifayət qədər təhlükəsizlik xəbərdarlığının olmadığını bildirərək Ankara Respublika Baş Prokurorluğuna “ehtiyatsızlıqdan xəsarət yetirmə” ittihamı ilə şikayət ərizəsi verib.
Furkanın anası Hümeyra Seçkin oyuncağın bazardan yığışdırılmasını istədiklərini bildirib. Atası Erdal Seçkin isə məsələ ilə bağlı hüquqi mübarizəni davam etdirəcəklərini və digər uşaqların da zərər görməməsi üçün tədbir görülməsini istədiklərini deyib.
Ailənin vəkili Handan Sayan Özgül bildirib ki, məhsulun tədarükü və təhlükəsizlik yoxlamalarına cavabdeh şəxslərin müəyyənləşdirilərək barələrində cinayət işi başlanmasını tələb ediblər. Vəkilin sözlərinə görə, oyuncağın üzərində “soyuducuya qoymayın” xəbərdarlığı olmayıb.
Ailə həmçinin məhsulun bazardan yığışdırılmasını və ya qablaşdırmasının dəyişdirilərək lazımi təhlükəsizlik xəbərdarlıqlarının əlavə edilməsini tələb edir.