Əbülfəs Əliyev niyə özünü Elçibəy adlandırıb? - Orijinal səbəb 

Azərbaycanın eks-prezidenti Əbülfəs Əliyevi hər birimiz təxəllüsü ilə-Elçibəy kimi tanıyırıq. Bəs Əbülfəs bəy niyə özünü Elçibəy adlandırıb?
Bu sualın cavabını o 1992-ci ildə Vaqif Bayatlı Ödərə müsahibəsində verib.
“Sherg.az” sizə həmin faktı təqdim edir. Elçibəy danışır:
“Türkiyədə “əfəndi” sözü də var. Bu da onlarda hansısa vətəndaşa müraciətdir. Bəy əfəndimi bir qədər hörmətli adama deməklə nəzakəti artırırlar. Bizdə də ola bilər. Məsələn, “vətəndaş”, “bəy vətəndaş” demək olmaz. Amma bəy sözü hamısını əvəz edir. Elçi məsələsi elə deyil. Hərə bir cür yozur. Uşaqlıqda mənə zarafatla, məzə ilə millət deyirdilər, lağa qoyurdular. Universitetdə də bəzən millət deyə səslənirdilər. Sonra fikirləşdim ki, mən kim və nəçi olmalıyam? Birinci düşündüm ki, millətçi olmalıyam. Yəni bu idi millətçi olmaq. "Millətçi" ərəb sözüdür. Qərara gəldik ki, türk sözü işlətməliyik. Onun əvəzinə "elçi" deyək. Tələbəlik illərimiz idi. Dedik, bir-birimizi elçi deyə səsləyək, yəni millətçi. Filankəs elçidir-millətçidir. “Elçi” sözünün yüz cür mənası var. Sonra bir adam mənə dedi ki, Elçi sözünü özünə təxəllüs götür. Mən də razılaşdım”.