Makrona dəyən “tokat”! “...Vətəndaş buna məcbur qalıb”

“Bu, siyasi böhranın və iqtidarın apardığı siyasətin nəticəsidir”

“Hər halda biz İkinci Qarabağ müharibəsi dövründə də Makronun ikiüzlülüyünü gördük”

“Əməli ilə sözü üst-üstə düşmürdü. Fikrimcə, iqtidarın siyasəti dəyişməlidir”


Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib. Dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb. Bu zaman bir kişi E.Makronun üzünə şillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər. Olaya görə iki nəfər saxlanılıb. Makron hadisəyə belə reaksiya verib: "Gəlin, bu hadisəni şişirtməyək. Bu, diqqəti əksəriyyəti narahat edən digər problemlərdən yayındırmamalıdır”.
 
Dünyaya demokratiyadan, insan hüquq və azadlıqlarından, az qala, mühazirə oxuyan prezidentin idarə etdiyi ölkədə niyə belə hadisə versin ki?! Əlbəttə, məntiqsiz. Daha məntiqsiz olan isə Makronun “siyasi lider” adlandırılmasıdır...

 AŞ PA-da Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidovun fikrincə, bu, daxildəki anti-demokratik mühitin təzahürüdür: 

“Əlbəttə, prezidentə qarşı belə hərəkət düzgün deyil və qanunaziddir. Amma iş o həddə çatıb ki, vətəndaş buna məcbur qalıb. Bu, siyasi böhranın və iqtidarın apardığı siyasətin nəticəsidir. Hər halda biz İkinci Qarabağ müharibəsi dövründə də Makronun ikiüzlülüyünü gördük. Əməli ilə sözü üst-üstə düşmürdü. Fikrimcə, iqtidarın siyasəti dəyişməlidir. Əks halda davam edən siyasi böhran insanları sarı jilet geyinib küçələrə çıxmağa, etirazlara, qeyri-qanuni hərəkətlərə sövq edəcək. Fransanın bu günə düşməsində milli maraqlara zidd qüvvələrin, xüsusilə erməni lobbisinin xüsusi rolu var”.