Rəsmi Bakı gözləmə mövqeyindədir

Prezident İlham Əliyev "SNN Türk" televiziyasına müsahibəsində kifayət qədər açıq mesajlar verdi

Azərbaycan sülh çağırışlarını davam etdirir, olmasa, yeni müharibəyə də  hazır olduğunu bildirir


Prezident İlham Əliyev avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsi zamanı mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb etdi. Dövlət başçısının müsahibəsi kifayət qədər ciddi mesajlarla yadda qaldı. Ölkə rəhbəri Cənubi Qafqaz bölgəsində ölkəmizin gələcəklə bağlı rəsmi mövqeyini nümayiş etdirdi. Qardaş Türkiyə, eləcə də qonşu dövlətlər ilə münasibətlərin perspektivlərinə dair tutarlı proqnozlar ortaya qoydu.

Son mərhələdə verilən mina xəritələrinə diqqət çəkən Prezident xəritələrin yüzdə iyirmi beş faiz dəqiq olduğunu və burada da ermənilərin özlərini qeyri-səmimi apardıqlarını qeyd etdi. Dövlət başçısı qətiyyətlə dedi ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda bölgəyə uzunmüddətli sülh gələcək. Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya olunması onlar üçün böyük imkanlar yaradacaq: “Biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır”. 
Ölkə rəhbəri rəsmi Bakının ən böyük gözləntisini də dilə gətirdi. Vurğuladı ki, Moskva Ermənistanı silahlandırmaqdan vaz keçməlidir. Lakin bu günə qədər sülhməramlıların nəzarətində olan ərazilərə Ermənistandan silahların və hərbçilərin göndərilməsi 10 noyabr üçtərəfli Bəyanatının müddəalarına ziddir və bu hələ də davam edir: “Görünür, ikinci Qarabağ savaşı hələ ki, heç kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur. Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalayıblar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir”. Ölkə başçısı bölgənin aparıcı dövlətlərindən biri kimi Rusiyanın regionun təhlükəsizliyində rolunu xüsusi qeyd etdi. Hazırda əsas prioritet kommunikasiyaların açılmasıdır. Rəsmi Bakı haqlı olaraq bu məsələdə paralel açılmanın tərəfdarıdır. Prezident burada Ermənistanla digər nəqliyyat layihələrinin ola biləcəyini qeyd etməklə əməkdaşlıq imkanlarının geniş olduğunu bir daha diqqətə çatdırdı. Prezident xüsusilə vurğuladı ki, Azərbaycan qarşılıqlı anlaşmaya hazırdır və 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların tam olaraq yerinə yetirilməsini istəyir. Çünki bölgədə inkişaf üçün sabitlik və sülh əsas şərtdir. Yanvar bəyanatına əsasən, nəqliyyat, kommunikasiya sistemləri bərpa edilməlidir. Amma hələ ki, Ermənistan tərəfdən bu istiqamətdə müsbət addımlarının şahidi deyilik. Əgər Ermənistan yenidən yanlış addım atıb müharibə etmək istəsə, bu, onlara çox baha başa gələcək. Azərbaycan rəhbəri əlavə etdi ki, bölgədə baş verən bütün proseslərdən xəbərdarıq. Laçın dəhlizi vasitəsilə Qarabağa nələr gəlib-getdiyi yaxşı məlumdur. 2021-ci il 11 yanvar Bəyanatına əsasən, Rusiya sülhməramlıları tərəflər arasında atəşkəsin qorunmasına nəzarət etməlidir. Münaqişə tərəfləri arasında neytral mövqe saxlanmalıdır. Ancaq sülhməramlılar öz missiyalarını doğru şəkildə yerinə yetirmirlər. Erməni yaraqlılarının hərəkəti üçün şərait yaradırlar. Hər kəs öz missiyasını bilərək, ona düzgün əməl etməlidir. Prezidentin bu nüansa toxunması çox vacib amil idi. Dövlət başçısının Türkiyə ilə Azərbaycanın münasibətlərində vahid siyasətin formalaşması, iki qardaş ölkənin sarsılmaz dostluğu və birliyi ilə bağlı söylədiyi fikirlər də yeni anons xarakteri daşıyır. Qeyd olunduğu kimi Türkiyə-Azərbaycan birliyi artıq regional amildir və bu, qlobal amilə də çevrilə bilər. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev "CNN Türk" televiziyasına müsahibəsində kifayət qədər açıq mesajlar verdi. Ekspert bildirib ki, dövlət başçısı Bakının mövqeyini və atacağı addımları göstərdi:

“Bunlar xüsusilə Qarabağda baş verənlər, məsələn, Ermənistanın yenidən əsgər göndərməsi, Rusiyanın təhlükəli mövqeyi fonunda əhəmiyyətlidir. Ölkə rəhbəri Xankəndidəki ermənilərin Azərbaycan cəmiyyətinə mütləq inteqrasiyasını vurğuladı və qeyd etdi ki, “Biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq”. Burada üç mühüm məqam var. Birincisi, Xankəndi mütləq Azərbaycan idarəçiliyinə keçəcək, bu, Bakının dəyişməyən mövqeyidir. İkincisi, rus sülhməramlılarının nəzarətində yaşayan ermənilərə “Rusiyaya güvənməyin”, yaxud “güvənib yolunuzu azmayın” mesajı verilir. Üçüncüsü, Bakı Qarabağdakı ermənilərə açıq şəkildə bildirir ki, “Azərbaycan qanunlarına tabe olmayanlar qanun qarşısında cavab verəcək”. Prezident Rusiyaya 10 noyabr razılaşmasını xatırlatdı və Ermənistandan rus sülhməramlılarının nəzarətindəki ərazilərə silah-hərbçi daşınmasını dayandırmağa çağırdı. Laçın dəhlizində və Xankəndidə baş verənləri dəqiq bildiyini açıqladı. Qeyd etdi ki, buna son qoyulmayacaqsa, qabaqlayıcı tədbirlər görüləcək. Azərbaycan humanitar məqsədli açılan Laçın dəhlizinin hərbi təyinatlı istifadə edildiyini əsas gətirərək bağlaya bilər. Ermənistandan silah-hərbçi göndərilməsinin qarşısını almaq üçün müxtəlif istiqamətlərdə “təmizləmə əməliyyatları” keçirə bilər. Bu həm də erməni ailələrin övladlarının, yaxınlarının Qarabağa göndərilməsinə qarşı yenidən etiraz etməsini təmin etmək gedişi ola bilər”.

Analitik vurğulayıb ki, hər iki istiqamətdə addımlar mümkündür. Lakin Azərbaycan hələki xəbərdarlıqlarını edir:

“Azərbaycan 10 noyabr bəyanatının bütün müddəalarının icrasını gözləyir. Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin məlum bəyanatlarından sonra Prezidentin “bütün bəndlərin yerinə yetirilməsini gözləyirik” açıqlaması söhbətin məhz 4-cü bəndin – erməni qoşunların çıxarılması – icrasından getdiyini deməyə əsas verir. Bakı israr edir və son günlər rusların təhlükəli gedişləri də bu isrardan qaynaqlanır. Bakı Rusiyanın Ermənistanı silahlandırmasından narahatdır. Dövlət başçısı İlham Əliyev Ermənistanda son seçkinin nəticələrinə toxunmaqla Moskvaya bildirir ki, “ermənilərin özləri belə müharibə istəmədiyi halda, siz niyə edirsiniz? Və “görünür, ikinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq, ona görə ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq” deməklə həm də rusları nəzərdə tutur. Rəsmi Bakı yeni müharibəyə hazır olduğunun mesajını verir və Moskvaya “verdiyiniz silahlar yenə Hərbi Qənimətlər Parkına gətiriləcək” deyir”.
A.Nərimanlı qeyd edib ki, Bakı gözləmə mövqeyindədir və İranın yeni rəhbərliyinin Azərbaycan-Ermənistan münasibətlərinə dair normal siyasətini görmək istəyir: “Bu həm də Tehrana göstərəcəkləri münasibətə adekvat münasibət görəcəklərini çatdırmağa hesablanıb. Müsbət addıma müsbət, mənfi addıma mənfi cavab veriləcək. Ölkə rəhbəri İrəvana yeganə yolun nə olduğunu göstərdi. Azərbaycanın ərazi bütövlüyünü tanı dedi. Bu təklif masada əbədi qalmayacaq. Bakı konkret nəticə istəyir və Paşinyanın “vaxt uzatma oyunları”na dözməyəcək. Sülh müqaviləsini imzalamaq istəməsələr, buna adekvat siyasət xətti yürüdüləcək. Müsahibədə cari dövrü proqnozlaşdırmağa imkan verən bir vacib məqam var idi. Prezident müharibədən sonra Qarabağa göndərilən erməni hərbçilərin saxlanılmasından, onlara göstərilən humanist münasibətdən, müharibənin qanunlarından bəhs edir. Bu, Ermənistanın terrorçu mahiyyətini göstərməkdir. Lakin dövlət başçısı fikrinin davamında “Ona görə indiki şəraitdə, əlbəttə ki, bizim başqa planlarımız var” deyə qeyd edir. Bu, yeni antiterror əməliyyatlarının anonsu hesab oluna bilər. Təbii ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək, lakin bununla bağlı müəyyən planların olduğu ehtimalı güclüdür. Və bu mesajların məhz Türkiyəni təmsil edən kanalda verilməsi təsadüfi deyil”.

Siyasi şərhçi Aqşin Kərimov da bəyan edib ki, sülhə çağırışlar davam edir:

“Azərbaycan 2020-ci il 10 noyabr bəyanatından sonra onun məntiqi davamı olan, bölgədə sülhün və təhlükəsizliyin dayanıqlı qarantına çevriləcək yeni təşəbbüslə çıxış etdi. 2021-ci ilin 11 yanvarında Moskvada yeni regional iqtisadi əməkdaşlıq platformasının yaradılması üçün növbəti üçtərəfli bəyanata imza atıldı. Bu, Azərbaycanın Ermənistana əlini uzadaraq təqdim etdiyi sülh təklifinin tərkib hissəsidir, hərçənd ki, İrəvandan adekvat mövqe sərgilənmir. Prezident İlham Əliyev sülh modelini möhkəmləndirmək üçün 2021-ci ilin 15 iyununda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Şuşa Bəyannaməsini imzaladı. Liderlərin bu addımı bölgədə sülh və sabitliyin zəmanəti baxımından vacib idi. Regional təhdidlərə qarşı birgə immunitetin davamlılığına gətirib çıxaran hadisə idi. 
Lakin buna qədərki proseslər və sonrakı gedişatlarda Ermənistan nala-mıxa vurmaqla qeyri-müəyyən mövqeni masaya daşımağa çalışırdı. Hərçənd ki, Bakı erməni diplomatiyasındakı hiyləni düzgün oxumaqla preventiv tədbirlərlə İrəvan ətrafında həlqələri daraltmaq siyasətini genişləndirdi”. 

A.Kərimov diqqətə çatdırıb ki, Bakı sülh üçün mümkün olan bütün təklifləri səsləndirir:

“Sülh üçün vacib amillərdən biri də işğaldan azad edilmiş mina xəritələrinin Azərbaycana təqdim edilməsi prosesinin davamlı olmasıdır, Ermənistanın isə bu zamana qədər təqdim etdiyi mina xəritələrində (Ağdam, Füzuli, Zəngilan) dəqiqlik yoxdur. Ölkə başçısı müsahibədə qeyd edib ki, Azərbaycana verilən mina xəritələrinin dəqiqliyi 25 faizdir. Azərbaycan müharibə istəmir, lakin bu o demək deyil ki, müharibə etməyə gücü və resursu yoxdur. Əksinə, Bakı hərb cəbhəsində yeni-yeni silahların idxalına, hərbi xərclərin çoxaldılmasına geniş yer verir. Belə olan təqdirdə, Ermənistan düşünməlidir, revanşist ritorika və “statuskar” mövqelərə son qoymalıdır. Əgər Ermənistan davranışının tempində sülh üçün davranışlar və praktiki addımlar sərgiləməsə, növbəti məğlubiyyətə uğradılacaq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etməlidir, özü də təkcə Qarabağa münasibətdə yox, həm də Azərbaycanla sərhəd zolağı təşkil edən ərazilərlə bağlı. Bu zaman sülh müqaviləsinin imzalanması mümkündür”.