“Zəfəri əldə saxlamaq onu qazanmağa bərabər cəsarət tələb edir”
“Bu gün Azərbaycanın suverenliyinə zəmanət verən başlıca amil məhz onun silahlı qüvvələridir”
Azərbaycan yeni döyüş təyyarələri alır. Bu barədə müdafiə nazirinin müaini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bildirib. Qurum rəsmisi qeyd edib ki, Azərbaycan Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələrində bütün islahatlar Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilir. Hər bir qoşun növünün öz inkişaf strategiyası və proqramı var:
“Yeni silahların, texnologiyaların alınması, şəxsi heyətin hazırlığı və s. məsələlər konseptual şəkildə yerinə yetirilir. Hərbi Hava Qüvvələri üçün yeni təyyarələrin alınması nəzərdə tutulur. Bu istiqamətdə danışıqlar aparılır. Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”.
İkinci Qarabağ savaşını zəfərlə başa vurmağımızdan çox zaman keçməyib. Bu səbəbdən mediada yayımlanan belə xəbərlər insanlar arasında Azərbaycanın anti-terror əməliyyatlarına başlayacağına dair ehtimallar yaradır.
Ehtimalları dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov vurğulayıb ki, ikinci Qarabağ müharibəsi bitib, amma təhlükə mənbələri hələ də mövcuddur:
"Dövlətlərin silahı qüvvələri müharibəyə görə yaranmır. Silahlı qüvvələr dövlətin bir atributu olaraq onu qorumaq üçündür. Burda silahlı qüvvələrin inkişafına həm daxili hallar , həm də ola biləcək risklər təsir göstərir. Azərbaycanın yeraltı və yerüstü sərvətləri hər zaman müəyyən bir qüvvələri Azərbaycanda stabilliyi pozmağa onun ərazisini müəyyən bir şəkildə işğal etməyə sövq edib.
Zəfər qazandıqdan sonra biz İranın reaksiyasını, Ermənistanda olan revanşist qüvvələrin fəallığını gördük. Bunlar hamısı səbəbdir ki, Azərbaycan Ermənistan kimi bir qonşusu olan dövlətə görə daim öz “Dəmir yumruğunu” işlək vəziyyətdə saxlasın. Dəmir yumruğun əsası məhz silahlı qüvvələrlə bağlıdır. 44 günlük savaşda qələbə qazanmağımın başlıca səbəblərindən biri də orduya göstərilən diqqət, ordunun müasir silahlarla təchiz olunması idi.
Vətən müharibəsində bizim hərbi hava qüvvələri fəal şəkildə iştirak edirdi. Düşünürəm ki, hərbi hava qüvvələri bundan sonra da inkişaf etməlidir. Ali Baş Komandan Prezident İlham Əliyev müharibədən sonra bir daha vurğuladı ki, Azərbaycanın silahlı qüvvələri bundan sonra da öz gücünü dövlətdən əsirgəməyəcək. Biz müharibədən çıxmış bir ölkəyik . Silah və texnikada cəhətdən külli miqdarda itkiyə məruz qalmasaq da, yenə itkilər olub və onların bərpası da gündəmədir”.
Ş.Ramaldanov onu da əlavə edib ki, indi silahlandırma müharibədən sonra aparılan təhlillər əsasında aparılır:
“Hansı silah daha faydalıdırsa o da alınır. Orduda islahatlar gedir. O cümlədən silah və hərbi avadanlıq baxımından da dəyişiklik olur. Bu təbii bir prosesdir. Bəzən söylənilir ki,bizə artıq bunlar lazım deyil. Yadınıza gəlirsə , hələ müharibə başlamazdan bir-iki il öncə sosial şəbəkələrdə müəyyən fikirlər söyləyirdilər ki, biz Qarabağı azad edə bilməyəcəyik, bunun hərbi variantı yoxdur, nəyə görə ehtiyac olmadan Azərbaycan silahlı qüvvələri gücləndirir?
Müharibəyə qədər bu cür fikirlər çox idi. Xüsusən də aprel hadisələrindən sonra. Ancaq zaman göstərdi ki , Azərbaycan o vaxtlarda yaxşı silahlanmasa idi , Azərbaycan silahlı qüvvələri irimiqyaslı təlimlər keçirməsə idi , bu gün biz zəfərdən danışa bilməyəcəkdik. Qüdrətli dövlətin güclü ordusu olmalıdır. Bu iki predmet bir-birinə bağlıdır. Güc həm də regionda stabilliyi qorumaq üçündür".
Ekspert diqqətə çatdırıb ki, zəfəri əldə saxlamaq onu qazanmağa bərabər cəsarət tələb edir:
“Bu gün Azərbaycanın suverenliyinə zəmanət verən başlıca amil məhz onun silahlı qüvvələridir”.