Birlik sədrindən prezidentə təşəkkür:“Amnistiya təşəbbüsü təqdirəlayiqdir” 

Azərbaycanda Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb. Bununla bağlı “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi növbəti plenar iclasda müzakirəyə çıxarılacaq. Milli Məclisin növbəti iclası noyabrın 5-də keçiriləcək. Bu aktın 10 mindən çox şəxsə şamil olunacağı gözlənilir. Onlardan 1500-ə yaxın məhbusun isə azadlığa çıxması mümkün olacaq. 

Mövzunu “Sherg.az”a dəyərləndirən "Azəri-Türk" Qadınlar Birliyinin sədri  Tənzilə Rüstəmxanlı belə amnistiya tədbirlərinin, adətən, ölkənin, millətin taleyində çox böyük rol oynamış günlərdə həyata keçirildiyini qeyd edib:

“Amma bəzən siyahılara elə adamlar daxil edirlər ki, o adamların toplumda olması cəmiyyət üçün təhlükəlidir. Bilmirəm nə dərəcədə doğrudur, bayaq oxudum ki, azyaşlı uşağa təcavüz edən birini də o siyahıya sala bilərlər. Bu cür şəxslərin cəzaçəkmə müəssisəsindən çıxmasına icazə vermək olarmı? Ona görə də düşünürəm ki, cəzasının böyük qismini çəkmiş, az təhlükəli, topluma ciddi zərəri olmayan şəxslərin amnistiyaya düşməsi, əlbəttə, təqdirəlayiqdir”. 

Birlik sədri bu cür humanist addıma görə ölkə başçısına təşəkkür etdi.

Qeyd edək ki,müstəqillik illərindən bugünədək 12 amnistiya aktı qəbul edilib.