Neftin qiymətinin bahalaşmasına sevinmək lazım deyil

Ekspert: "O ölkələr sevinə bilərlər ki, onlar tamam daxili istehsalı ilə öz ehtiyaclarını qarşılayırlar"

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 9-da 86,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel çoxdur. Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel çoxdur. 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 84,57 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,48 dollar/barel çoxdur.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında bildirib ki, neft istehsalçısı ölkələrdən - ABŞ-ı və Kanadanı çıxmaq şərtilə digərləri sənayeləşmiş və iqtisadiyyatları şaxələnmiş ölkələr deyil. Əsas olaraq neft hasil edən ölkələr, dünya bazarında neft satan ölkələr digər istehlak malları da daxil sənaye məhsullarını, bir çox əsas neft istehsalında istismar olunan maşın və mexanizmlərin əksəriyyətini digər ölkələrdən alırlar:

 "Ona görə də neftin qiymətinin bahalaşmasına sevinmək lazım deyil, yəni o ölkələr sevinə bilərlər ki, onlar tamam daxili istehsalı ilə öz ehtiyaclarını qarşılayırlar. Həmçinin, neftin qiymətinə adekvat olaraq digər məhsulların qiyməti bahalaşanda əhalisinə və iqtisadiyyatına mənfi  təsir göstərmir. Beləliklə, əslində istehsalçılarla istehlakçılar arasında bir orta xətt tapılmağı daha məqsədəuyğundur ki, neft istehsal etmək səmərəli olsun, neft çıxartmaq üçün investisiyalar qoyula bilsin, həm də neft satışında qiymət bahalaşmasın. Xatırlayırsınızsa, 2019-cu ildə belə formula G8 dövlətlər tərəfindən London toplantısında tapılmışdı və bu neftin qiymətinin 60-80 dollar arasında olması daha məqbul hesab edilirdi". 
N.Bəydəmirli hesab edir ki, bu, müvəqqəti bahalaşmadır: "Əslində, neftin qiyməti azalmağa doğru gedəcək. Çünki dünyada alternativ enerjinin istifadəsinə daha çox üstünlük verilir. Avropa kimi 600 milyondan çox əhalisi olan bir böyük iqtisadi gücə malik olan ölkələrdə, eyni zamanda ABŞ kimi  partnyorları olan digər ölkələrdə ekoloji məsələlərə çox diqqət yetirilir. 2025-30-cu illərdə adekvat olaraq daxiliyanma mühərrikindən istifadə olunan avtomobillərin istifadəsi qadağan olunacaq. Müxtəlif istilik, elektrik stansiyaları da atom elektrik stansiyaları ilə əvəzlənir, yəni alternativ enerjiyə daha çox üstünlük verilir. Bu baxımdan hesab edirəm ki, neft ölkələrinə vacib olan neftin maya dəyərinin yüksəlməməsidir. Bu zaman qiymət nə qədər artsa da, gəlirlər bir o qədər artmır və maya dəyəri qalxdığına görə bəzən yüksək neftdən gələn gəlirlər daha az olur, nəinki orta qiymətli neftdən".