Erməni xalqı Qərblə Rusiyanın arasında qalıb

Bu ölkədə nəinki müxalifət, heç iqtidar da öz iradəsi, ağlı ilə hərəkət etmir

Noyabrın 8-də İrəvanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın blokunun mitinqi baş tutub. Mitinqdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi parlament blokunun nümayəndələri də iştirak edib. Etiraz aksiyasında Paşinyan hökumətinə qarşı “müqavimət hərəkatı” yaradılacağı qeyd olunub. Ermənistan parlamentinin sədr müavini, müxalif “Hayastan” fraksiyasının üzvü İşxan Sağatelyan deyib ki, onlar erməni xalqının Qarabağda “məhv edilməsinin” qarşısını alacaqlar. 
Həmçinin, Ermənistanın türkləşməsinə və yeni kapitulyasiyaya yol verməyəcəklər: “Xarici cəbhədə bütün dünyaya, xüsusilə düşmənlərimizə göstərməli və isbat etməliyik ki, Nikol erməni xalqın ümumiləşdirilmiş obrazı deyil. Ona ölkəni yeni güzəştlərə aparmaq mandatı verilməyib. Bu hakimiyyət tərəfindən imzalanmış hər hansı anti-erməni sənəd bizim üçün qəbuledilməz olmayacaq”. “Hayastan” fraksiyası İrəvanın bir neçə yerində “Ermənistanın xilası naminə vətəndaşların müqavimət hərəkatına” yazılması üçün informasiya məntəqələri açıb. 
Robert Koçaryan da xalqı mövcud hakimiyyət tərəfindən “Dağlıq Qarabağ və Ermənistan üçün risklər ehtiva edən” sənədlər imzalamağa yol verməməyə çağırıb. Koçaryanın sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir: “Bunun baş tutması Qarabağ məsələsinin tənzimlənməsinin sonu deməkdir. Biz mübarizə edəcəyik və inanın, bu hakimiyyəti qovacağıq”. 

Mitinq təşkilatçıları xalqı “hakimiyyət dəyişikliyi uğrunda mübarizəyə” çağırıblar:

 “Məğlubiyyət partiyası əmin-amanlıq və inkişaf gətirə bilməz, məğlubiyyət simvolu olan hakimiyyət ölkə maraqlarının layiqli təmsilçisi ola bilməz. Öz şəxsi maraqları və vəzifə naminə minlərlə insanı ölümə göndərən insan dövlətimizə rəhbərlik edə bilməz”.

Ermənistandakı prosesi “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, Ermənistanda nəinki müxalifət, heç iqtidar da öz iradəsi, ağlı ilə hərəkət etmir. Analitikə görə, bədbəxt erməni xalqı iki tərəfin arasında qalıb:

 “Erməni ictimaiyyəti bilmir ki, iqtidara qulaq assın, yoxsa müxalifətə. Ermənistanda keçirilən seçkinin nəticəsi göstərdi ki, xalq arasında Paşinyanın nüfuzu qalmaqdadır. Müxalifətin bu cür sərsəm fikirlər səsləndirməsinin kökündə duran əsas səbəb kənardan aldığı dəstəkdir. Daha dəqiq desək, Rusiyadan aldığı təlimatlardır. Robert Koçaryanı dəstəkləyən əsas güc Moskvadır. Kreml zaman-zaman “Qarabağ klanı”nın təmsilçilərini bu cür sərsəm ifadələr söyləməyə vadar etməklə bölgədəki vəziyyəti daim gərgin saxlamağa çalışır. Erməni müxalifətinin xalq içində dəstəyi yoxdur. Koçaryanın mitinqdə səsləndirdiyi bütün fikirlər birbaşa Rusiyaya aiddir. Müxalifət bu cür sözlərlə həm də iqtidara təzyiq göstərməyə çalışır ki, Paşinyan hökuməti Azərbaycanla danışıqlar prosesindən çəkinsin. Rusiya hələ də həyata keçirə bilmədiyi məsələləri reallaşdırmaq üçün Azərbaycan-Ermənistan tərəflərinin razılaşmasını istəmir. Moskva indiki məqamda öz istəyini ancaq Ermənistan vasitəsi ilə həyata keçirə bilər”.