Azərbaycan Türkiyənin aksiyasına qoşulub

"Gələcəyə nəfəs ol!" şüarı altında Xocəsəndə ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə Azərbaycan növbəti dəfə qardaş ölkənin genişmiqyaslı kampaniyasına qoşulub.

Aksiyada iştirak edən Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayğın öz ölkəsində olduğu kimi Azərbaycanda da meşəçiliyə xüsusi önəm verdiklərini bildirib: "Bildiyiniz kimi son dönəmlərdə iqlim dəyişikliyi hökm sürür. Meşələrdə ağaclarda seyrəlmə müşahidə olunur. Buna görə də ağaclandırma, meşəçiliyin inkişafı xüsusi önəmlidir. Azərbaycanın bütün bölgələrində, o cümlədən Qarabağda da bu kampaniya davam edəcək".

Qeyd edək ki, Türkiyənin təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində ölkə ərazisində 11-ci ayın 11-ci günündə ümumilikdə 111 min ağac əkilib və beləliklə, ölkə üzrə əkəcəyimiz 111 min ağac “Gələcəyə nəfəs ol!” şüarı altında qardaş ölkənin keçirdiyi böyük aksiyaya simvolik töhfə verilib.

Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı ağacəkmə tədbirləri olan “Yaşıl Marafon”, “Ölkə üzrə 44 min ağac əkilməsi”, “Gələcəyə nəfəs ol! kampaniyasına dəstək” aksiyaları eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) qəbul olunmuş istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə də öz töhfəsini verəcək.