Zaman o zamandır

Üfüqdə böyük türk dünyası parlayır

Türk Dövlətləri Birliyi hərbi, iqtisadi, siyasi sahələrə daha önəm verəcək


“Türk Şurası və ya türk dövlətlərinin özünəməxsus bir təşkilatda bir araya gəlməsi ideyası hər zaman aktual olub. Xüsusilə bu ideya keçən əsrin 90-cı illərində daha aktual hal almağa başladı. SSRİ-nin dağılması sonrası 5 türk republikası - Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstanın müstəqillik əldə etməsi belə bir təşkilatın yaranmasına olan ümidləri artırdı”. 

Bu fikirləri “Şərq”ə açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq vurğulayıb ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı hər zaman Azərbaycan xarici siyasətinin prioriteti olub: 

“Azərbaycanın ən qədim türk məskənlərindən biri olması, eyni zamanda Anadolu, Mərkəzi Asiya, Yaxın Şərq və digər türk coğrafiyalarının qovşağında digər türk ölkələri ilə əlaqələrinin hər zaman yaxşı olmasına səbəb olub. Bundan başqa Azərbaycan SSRİ dövründə də digər türk xalqları üçün mühüm yerə sahib olub. Bu mənada deyə bilərik ki, Azərbaycan türk dövlətləri içərisində xüsusi yerə malikdir. Təsadüfi deyil ki, 2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündən sonra Azərbaycan təşkilata sədrliyi üzərinə götürüb. Etiraf etmək lazımdır ki, Azərbaycanın Türk Şurasına sədrliyi heç də yaxşı dövrə təsadüf etmədi. Azərbaycanın sədrliyinin COVİD-19 pandemiyasının dünyanı öz cənginə aldığı bir dövrə təsadüf etməsi bunu deməyə əsas verir. Buna baxmayaraq ölkəmizin COVİD-19 pandemiyası dövründə təşkilata sədrliyi olduqca uğurlu oldu. Azərbaycan iki il ərzində Türk Şurasına uğurla sədrlik etmiş, sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə səy göstərib. Bundan başqa təşkilatın gələcək perspektivdə görməli olduğu işləri aktuallaşdırmış, hətta bu gün Türk Şurası dövlət başçılarının İstanbul sammitində qəbul edilməsi ehtimal olan iki məsələ təşkilatın adının Türk Dövlətləri Birliyi adına dəyişdirilməsi və Türkmənistanın qurumun tamhüquqlu üzvü olması kimi qərarları da təklif etmişdir”. 

T.Rzayev əlavə edib ki, bu gün Azərbaycan dəyəri milyardlarla dollar olan çoxsaylı beynəlxalq enerji və nəqliyyat-infrastruktur layihələrini icra edir: 

“Hansı ki, bu layihələr öz növbəsində türk ölkələrini də özündə ehtiva edir. Məsələ ondadır ki, rəsmi Bakının ərsəyə gətirdiyi layihələr Mərkəzi Asiya türk ölkələrinin təbii qaz və neftini Türkiyə üzərindən Avropa bazarına çıxarma imkanı yaradır. Yəni Azərbaycanın reallaşdırdığı layihə bütün türk dünyası üçün fayda verir. Onu da qeyd edim ki, bu layihələr pandemiya dövründə də səngiməmiş, bu gün də davam etməkdədir. Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub. Nəticə etibarilə deyə bilərik ki, rəsmi Bakının Türk Şurasına sədrliyi təşkilatın 10, hətta 20 ildə görməsi ehtimal olunan işlərin iki il ərzində görülməsinə gətirib çıxardı. Xüsusilə təşkilatın adının Türk Dövlətləri Birliyi adı ilə dəyişdirilməsi həm də ondan xəbər verir, təşkilat bir dövrünü tamamladı. Müqayisə üçün bunu bugünkü “Avropa İttifaqının”, “Avropanın Polad və Kömür Birliyinin” adı ilə yaradılmasına bənzətmək olar. Yəni Türk Şurası bu günə qədər mədəniyyət, təhsil, kommunikasiya və s. sahələri özündə ehtiva edirsə, təşkilat Türk Dövlətləri Birliyi adı ilə hərbi, iqtisadi, siyasi sahələrə daha önəm verəcək. Nəzərə alsaq ki, bugünkü görüşdə təşkilata sədrlik Azərbaycandan Türkiyəyə keçəcək, deyə bilərəm ki, Ankara rəhbərliyində bunun olması realdır. Təbii rəsmi Bakı Türkiyənin sədrliyi dövründə də öz fikirlərini, təkliflərini təşkilata təqdim edəcək”.