Müzəffər ordumuz tarix yazdı

Bu dəfə Konstitusiya günümüz fərqli əhval-ruhiyyədə, iftixar, qürur hissi ilə qeyd olundu

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 26 il ötür. Müstəqil Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. 

Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, onun SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti isə dövlətin əsas qanununu qəbul edə bilməyib. SSRİ hakimiyyətinə son qoyularaq dövlətimiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və bundan sonra Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası referendumla qəbul olundu. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Sözügedən referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib. Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Buna qədər üç dəfə Konstitusiyamıza dəyişiklik edilib: 2002-ci il avqust, 2009-cu il mart və 2016-cı il sentyabr. Müvafiq tarixlərdə referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib. Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

Azərbaycan Respublikasının Konstitusiya Günü bu il daha fərqli əhval-ruhiyyədə qeyd olunur. Çünki ötən il Müzəffər Azərbaycan Ordusu döyüş meydanında tarix yazaraq öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək tarixi ədalətsizliyə son qoyub. Odur ki, bu il Azərbaycan xalqı üçün hər bir özəl günün anlamı ikiqat dəyər daşıyır. Konstitusiya Günümüz bu il uzun müddətdən sonra ərazi bütövlüyünü bərpa etmiş ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olundu.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Tamam Cəfərova “Şərq”ə açıqlamasında bildirib ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. O qeyd edib ki, Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir:

 “Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Deputat açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası milli birliyimizi və həmrəyliyimizi tərənnüm etdirir: “Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır. Bu prinsip bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur. Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir”.

T.Cəfərova bildirib ki, dövrün tələblərindən irəli gələrək ötən 25 ildə ölkəmizin sürətli inkişafı nəticəsində Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib: 

“Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Onu da qeyd etməliyik ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilmişdir. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb”.