"Sonrakı addımın Turan olacağı mütləqdir"

"Turan birliyi" coğrafiyanın bütün xalqlarını öz qanadı altına alacaq. Heç kim özünü zəif və müdafiəsiz hiss etməyəcək"

“Türk birliyi addım-addım daha böyük məfhum olan Turana doğru addımlayır”. Bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib. O qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından sonra Türk Dövlətləri Təşkilatı yarandı: “Bir sonrakı adının Turan olacağı mütləqdir.

Türk dünyasının oyanışı Türkiyənin dirçəlişi ilə başladı və Azərbaycanın dəstəyi ilə irəlilədi. Orta Asiya respublikalarının qoşulması ilə gücləndi. Turan ideyasının mahiyyətini anlamaq, onun tarixi dəyər və mənasını dərk etmək türk dövlətlərinə asan başa gəlmədi. Bu, illərlə aparılan oyanış və dirçəliş təbliğatının nəticəsi kimi meydana çıxdı. Türk dünyasının soy-kökünün, adət-ənənələrinin, tarixi zəfərlərinin, tarixi qəhrəmanlarının yenidən yada salınması nəticəsində, türkə öz keçmişini xatırlatmaqla mümkün oldu”. 

A.Qasımov əlavə edib ki, türkün birliyi Türkiyə-Azərbaycan qardaşlığından başladı: 

“Qarabağ zəfəri ilə isə öz gücünü isbat etdi, türk dövlətlərinin daha da sıx şəkildə bir-birinə bağlanmasının vacibliyini göstərdi. "Turan birliyi" ideyası artıq geri dönməz yola qədəm qoyub. Bu birliyi istəməyənlər, qarşı olanlar da bunu yaxşı başa düşürlər. Gərginliyin əsas səbəbi də buna görədir. "Turan birliyi" coğrafiyanın bütün xalqlarını öz qanadı altına alacaq. Heç kim özünü zəif və müdafiəsiz hiss etməyəcək. Gələcək türkündür. Gələcək Turan birliyinindir!”.