Dost da, düşmən də bəlli olur

Azərbaycan hər zaman regional əməkdaşlığa xüsusi önəm verir

İƏT-ə üzv dövlətlər Zəngəzur dəhlizindən onları Türkiyə, Qara dəniz regionu və Avropa bazarları ilə birbaşa birləşdirəcək körpü kimi istifadə etməklə Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirlər

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi 

İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən 15-ci zirvə toplantısı siyasi-iqtisadi və geosiyasi məna yükü daşıyan önəmli hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin toplantıda çıxışı, digər ölkə rəhbərləri ilə ayrı-ayrılıqda görüşü Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm ikitərəfli münasibətlərin, həm də müsəlman-türk dünyası ilə əlaqələrin möhkəmlənməsinə xidmət edir. Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir.

1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat, 1985-ci ildə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) olaraq yenidən qurulub. Hazırda İƏT-in 10 üzvü var: -Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan. Azərbaycan 1992-ci ildə təşkilata üzv olub. Bu müddətdə təşkilat işində fəallığı ilə seçilib, xüsusilə beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurulmasına mühüm töhfələr verib. Rəsmi Bakı getdikcə daha böyük siyasi arealda və diplomatik meydançalarda, mötəbər tribunalarda öz haqq sözünü deyir, mövqeyini bəyan edir. 

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Hazırda ölkəmiz Qoşulmama Hərəkatının dönəm sədridir və sədrlik dönəmində bu qurum Prezident İlham Əliyevin təşəbbüsü ilə bir sıra mühüm ilklərə, o sırada pandemiya ilə mübarizədə tarixi təşəbbüslərə imza atıb. Həmin təşəbbüslər BMT səviyyəsində xüsusi sessiyalarda müzakirəyə çıxarılıb. Müxtəlif səviyyələrdə qərarlar qəbul olunub. Azərbaycanın təmsil olunduğu qurumların hamısında məxsusi, vazkeçilməz, hətta açar rolu var. Son illər Azərbaycan faktiki surətdə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. 

Zəngəzur dəhlizinin reallaşması ilə bölgənin nəqliyyat sektorunda sözsüz ki, yeni imkanlar açılacaq. Bundan təkcə İƏT, Türk Dövlətləri Təşkilatı yox, 120-dən çox ölkəni birləşdirən Qoşulmama Hərəkatının bir çox başqa üzvləri də faydalana biləcək. İqtisadi bağların qarşılıqlı şəkildə artması isə ölkələrimiz arasında siyasi bağları da artıracaq ki, bu da öz növbəsində üzv ölkələrin milli və energetik təhlükəsizliyini möhkəmlədəcək.

Amerikalı ekspert Piter Teysin dediyi kimi, “İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur”. Teys bildirib ki, İƏT-in XV Zirvə Toplantısı Avrasiya qitəsində, xüsusilə sənaye və iqtisadi inkişaf sahəsində əsas prioritetləri müəyyən edən böyük qlobal tədbirdir: 

“İƏT-ə üzv dövlətlərin bu münasibətlə təsdiqlədiyi və İkinci Qarabağ müharibəsində Azərbaycanı şanlı qələbə münasibətilə təbrik edən bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə və Azərbaycanla əməkdaşlığın yeni səhifəsini açmağa çağırışdır. İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur”. Onun sözlərinə görə, Türkmənistan və digər İƏT-ə üzv dövlətlər Zəngəzur dəhlizindən onları Türkiyə, Qara dəniz regionu və Avropa bazarları ilə birbaşa birləşdirəcək körpü kimi istifadə etməklə Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsini səbirsizliklə gözləyirlər: “Ermənistan İƏT-ə üzv dövlətlərlə artan iqtisadi tərəfdaşlığı qəbul etmək üçün addım atmalı və Ermənistanın xaricdə imicini korlayan kölgə iqtisadiyyatından əl çəkməlidir”.

Millət vəkili Ceyhun Məmmədov deyib ki, Azərbaycan hər zaman regional əməkdaşlığa xüsusi önəm verib. Deputatın sözlərinə görə, Azərbaycanın fəal münasibətdə olduğu beynəlxalq qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır: “Ölkəmizin İƏT-in fəal üzvü olması, qlobal platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir: 

“Regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü ideyalar zamanı gəldikcə həyata vəsiqə qazanır. Ulu Öndər 2002-ci ildə İstanbulda keçirilən İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir. Zəngəzur dəhlizi layihəsinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Artıq Azərbaycan öz maliyyə resurslarına arxalanaraq, azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə başlayıb, sıfırdan yeni şəhər və kəndlər salmağa başlayıb. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidenti İƏT-də qurucu lider kimi tanınır”. 

Politoloq Şəbnəm Həsənova da vurğulayıb ki, Azərbaycan üzv olduğu, yaxud da sədrlik etdiyi beynəlxalq təşkilatlarla işini qarşılıqlı faydalı əməkdaşlıq kontekstində elə qurub ki, sadəcə, bu təşkilatlardan yararlanmırıq, həm də onların işinə töhfə veririk. Prezident İlham Əliyevin irəli sürdüyü bütün innovativ fikirlər və təşəbbüslər üzv olduğumuz və ya sədrlik etdiyimiz təşkilatların nüfuzunun daha da yüksəldilməsinə xidmət edir:

“Zirvə Toplantısının ardınca dövlətimizin başçısının ayrı-ayrı dövlət rəhbərləri ilə ikitərəfli kontekstdə keçirdiyi görüşlərdə də önəmli məsələlər dilə gətirildi, müzakirə olundu. Hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir. Bu günə kimi Rusiya Prezidentinin nitqində də dəfələrlə kommunikasiya və dəhlizlərin bərpası məsələsinə toxunulub. Soçi görüşündən sonra Aşqabad sənədində yer alan məqamlar, burada səsləndirilən fikirlər də ondan xəbər verir ki, Zəngəzur dəhlizinin daha qısa zaman çərçivəsində reallaşma imkanı mövcuddur. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli parçasına çevriləcək ki, birbaşa avtomobil əlaqəsinin istifadəyə verilməsi həm də təşkilata üzv olan ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə də töhfə verəcək. Regionda ard-arda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturaları qurulur və qürurverici məqamdır ki, onların müəllifi Prezident İlham Əliyevdir. Prezident hər bir beynəlxalq kürsüdə olduğu kimi Aşqabadda keçirilən İƏT-in XV Zirvə Toplantısında da Azərbaycan xalqının maraqlarını əsas tutaraq dost və tərəfdaş ölkələrlə münasibətlərimizi daha da dərinləşdirdi.