Dövlət əl qoydu

Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı ciddi tədbirlər görüləcək

"Mümkün olan yerlərdə çoxsaylı artezianlar qazılıb yeraltı su mənbələrindən istifadə artırılmalıdır ki, Kürün suyuna təzyiq azalsın"
Ekologiya və ətraf mühitin mühafizəsi

Azərbaycan Respublikası Baş nazirinin müavini, Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyanın 15-ci (onlayn) iclası keçirilib. Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin 27.07.2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na əsasən su və su təsərrüfatı obyektlərindən nəzarətdənkənar istifadənin aradan qaldırılması, uçotun təkmilləşdirilməsi və nəzarətin təmin edilməsi istiqamətində verilmiş tapşırıqların icrası ilə bağlı görülmüş tədbirlər barədə Komissiyada təmsil olunan müvafiq dövlət qurumlarının, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının məruzələri dinlənilib və müzakirələr aparılıb. Müzakirələrin nəticəsinə əsasən Mingəçevir su anbarından başlayaraq Kür çayının mənsəbinə qədər Kür çayı hövzəsi üzrə su ehtiyatlarından səmərəli və qənaətli istifadəni və məsələnin həllinə kompleks yanaşmanı təmin etmək məqsədilə inteqrasiyalı idarəetmə mexanizminin tətbiqinə dair Komissiyada təmsil olunan müvafiq dövlət qurumlarına və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına zəruri tapşırıqlar verilib.

“Altay” Sosial Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı ”Şərq”ə açıqlamasında bildirdi ki, Kür çayı hövzəsi üzrə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı aidiyyətli qurumlar qarşısında ciddi tələblər qoyulması müsbət haldır:  

- Müvafiq qurumlar qarşısında tələblər qoyulması təqdirəlayiq addımdır. Təbii ki, nəzərdə tutulan işlər düzgün həyata keçirilsə, bu, ölkəmizin su ehtiyatlarından səmərəli istifadəyə nail olunmasına yardım edəcək. Kür çayı ilə bağlı illərdir həyəcan təbili çalınır. Kür çayının həm suyu azalır, həm də ekoloji çirklənmə yüksək səviyyədədədir. Kür çayının suyu əsasən suvarma üçün istifadə olunur, lakin bu da çatmır, yayda Kürqırağı rayonlarda su qıtlığı yaşanır. 

Əgər indi bu sudan istifadəni daha da məhdudlaşdırsalar, onda başqa bir problem ortaya çıxacaq - əkinlər susuz qalacaq. Ona görə də bu iş paralel aparılmalıdır. Yəni mümkün olan yerlərdə çoxsaylı artezianlar qazılıb yeraltı su mənbələrindən istifadə artırılmalıdır ki, Kürün suyuna təzyiq azalsın. Əlavə su anbarları yaradıla bilər ki, suyun bol vaxtı ehtiyat toplayıb qıt vaxtı istifadə edilsin. Ümumiyyətlə, su ehtiyatlarından səmərəli istifadə üçün kompleks tədbirlər həyata keçirilməlidir. Ən əsası bizdə çox yüksək olan su itkisinin qarşısı alınmalıdır. 

Bəzi hallarda su itkisi 30-40 faizə çatır ki, bu da dünya rekordudur. Su itkisi deyildikdə burada 2 məsələ var - biri odur ki, su təsərrüfatının düzgün idarə olunmaması nəticəsində həqiqi su itkisi yaranır, digəri odur ki, məmurlar bu suyu özlərinin və digər vəzifəli, imkanlı şəxslərin təsərrüfatlarına verib su itkisi kimi qeydə alırlar. Əgər bu məsələlər aradan qaldırılmasa, bu sahədəki problemləri həll etmək mümkün olmayacaq.

Dünyada su ehtiyatlarının getdikcə azalması kimi təhlükəli vəziyyətin yarandığını vurğulayan E.Bayramlı qeyd etdi ki, Azərbaycan bu təhlükəni göz önünə alaraq  zəngin su ehtiyatlarından səmərəli istifadəni təşkil etməlidiir: 

- Azərbaycan 44 günlıük Vətən müharibəsində şanlı qələbə əldə etməklə 30 ilıə yaxın müddətdə Ermənistanın işğalı altında qalan zəngin su ehtiyatlarını da işğaldan azad etdi. Ölkəmizin su ehtiyatlarının böyük bir hissəsi məhz işğal edilmiş ərazilərdə idi, indi isə artıq biz bu ehtiyatlara sahibik.  Amma bu da acı həqiqətdir ki, düşmən uzun illər ərzində su ehtiyatlarımızı çirkləndirib. 

Məsələn, Oxçuçayın suyu o qədər zəhərlənib ki, burada heç bir canlı yaşamır artıq. Onun suyundan suvarmada istifadə edilən Zəngilan rayonu ərazisində torpaq da zəhərlənib və bu su ilə yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükə törədəcək. Qısası, Ermənistan bu çayı ağır çirklənməyə məruz qoymaqla təkcə bir rayon üçün deyil, böyük bir region üçün ekoloji fəlakət yaradıb. 

Oxçuçay vasitəsilə Arazın çirkləndirilməsi İrana da ciddi ekoloji zərər vurur. Ona görə də Azərbaycan haqlı olaraq məsələni BMT səviyyəsinə çıxardı.

 Ermənistan bu ekoloji terrora görə kompensasiya ödəməli, Azərbaycana keçən çayların çirkləndirilməsini dayandırmalıdır. Oxçuçay Xudafərin su anbarına tökülməlidir. 

Əgər çayın Ermənistan tərəfdən çirkləndirilməsi dayandırılmazsa zəhərli su Xudafərin su anbarına töküləcək. O zaman anbarın suyu ətraf ərazilərdə suvarma üçün istifadəyə yararsız olacaq. 

Nəticədə yenə su qıtlığı yaranacaq. Bu artıq təhlükənin böyüməsi deməkdir. Zəngilanda məskunlaşma və təsərrüfat işləri başlamamış bu problemin qarşısı alınmalıdır. Çirklənən ərazilər təmizlənməlidir. Bu isə çox böyük vəsait, xərc və enerji tələb edir. 

Dövlətimizin bunun üçün müvafiq maliyyə və texniki imkanları var, lakin Ermənistan hər bir halda təzminat ödəməli və suyun çirkləndirilməsinin dayandırılacağına dair öhdəlik götürməlidir.