Baş Prokurorluq “Tərtər işi” barədə məlumat yayıb. Bu məsələ ilə bağlı həbs edilənlər olduğunu açıqlayıb. Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncələrin verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və başqa qanunsuz hallar müəyyən edilib. Bu özbaşınalıqları törədən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzavəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin qəsdən sağlamlığa az ağır zərər vurma, 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş Prokuror tərəfindən ləğv edilib. Onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcəkdir.
"Tərtər işi" ilə bağlı "Sherg.az"la fikirlərini bölüşən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmli deyib ki, bu məsələ Azərbaycan Ordusunun, ümumiyyətlə cəmiyyətin həyatından qırmızı xətt kimi keçir:
"Çox ciddi problemdir. Prezident məsələnin daha obyektiv, mükəmməl, dəqiq araşdırılması üçün yeni komissiyanın yaradılmasını reallaşdırdı. Sözügedən durum hüquqi, hərbi, siyasi həllini tapmalıdır. Günahı olan, səhlənkarlıq edən, özbaşınalığa yol verən hər bir şəxs layiqli cəzasını almalıdır. Çünki "Tərtər işi"ndə alçaldılaraq, döyülərək öldürülən insanlar var. Traktorla qazıb qəbirstanlığın bir küncündə leş kimi dəfn edilən hərbi qulluqçularımız olub. Onların bir qismi bəraət aldı".
Hərbi ekspert bildirib ki, hadisə təkcə hərbi deyil, həm də siyasi cinayətdir:
"Dövlətin bel sütununa vurulan zərbədir. Yanlışlığa yol vermək olmaz. Növbəti səhvlər “Tərtər hadisəsi”nin effektini iki dəfə artıra bilər. Prezidentin tapşırığı ilə məsələyə cəlb edilənlər də məsuliyyətlərini anlayacaqlar. Müharibə dövründə xəyanət halları həmişə baş verib və verəcək.
Ancaq bu şəkildə günahsız insanları istintaq masasına aparılana qədər döyərək öldürmək, cinayətkar olsa belə vəhşiliklər törətmək, qanundan kənar hərəkət etmək yolverilməzdir. Sivil dövlətdə yaşayırıq.
Dövlət qanunlarla, konstitusiya ilə idarə edilir. Məhkəmənin qərarı olmasa, kiməsə cinayətkar deyə bilmərik. Şübhəli qismində saxlanılan şəxsi isə qanunların öhdəsinə buraxmaq lazımdır.
Sən kimsən, onu “dubinka”, taxta ilə döyəsən? Şərəf və ləyaqətinə ləkə vurasan. Doğmalarını, ailəsini pis vəziyyətdə qoyasan. Cənab Prezidentin məsələyə müdaxiləsi günahı keçən hər bir kəsin layiqli cəzasını alması ilə nəticələnəcək".