Bu gün Rusiya ilə Müttəfiqlik Bəyannaməsi imzalanacaq

Prezident İlham Əliyev Putinlə Moskvada bir çox ciddi məsələləri müzakirə edəcək

"Böyük ehtimal, yeni sənəddə daha çox hərbi-texniki əməkdaşlıq və iqtisadi məsələlərə dair yeni tezislər yer alacaq"


Fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar olacaq. Bu barədə Kreml məlumat yayıb. Vurğulanıb ki, danışıqlarda siyasi, iqtisadi-ticari və humanitar sahələrdə ikitərəfli münasibətlərin sonrakı inkişafı üçün bütün kompleks məsələlərin müzakirəsi nəzərdə tutulur. Bundan başqa, görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ üzrə 10 noyabr, 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının reallaşması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası tədbirləri müzakirə olunacaq. Danışıqların yekunu olaraq, iki ölkə arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin imzalanması nəzərdə tutulur. Xatırladaq ki, yanvarın 18-də Putinlə Prezident İlham Əliyev arasında telefon danışığı olmuşdu. Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya arasında strateji tərəfdaşlıq perspektivlərini müzakirə etmişdilər. 

Liderlərin gözlənilən görüşü barədə “Şərq”ə danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Azərbaycan Rusiya ilə tərəfdaş idi və bu tərəfdaşlıq konsepsiyası əsasında müttəfiqlik inşa olunacaq. Yəni tərəfdaşlıq güclənəcək:

 “Bu, strateji müttəfiqlik deyil. Bir dövlətlə imzalanan sənəd digər dövlətlə imzalanan sənədi qüvvədən salmır. Postmüharibə dövrü əvvəlki əlaqələri təravətləndirmək üçün yeni tezislərə ehtiyac duyur. Bu, dövlətin həm də özünümüdafiə refleksinin işə salınmasıdır. Böyük ehtimal, yeni sənəddə daha çox hərbi-texniki əməkdaşlıq və iqtisadi məsələlərə dair yeni tezislər yer alacaq”.

Politoloq Məhəmməd Əsədullazadə isə “Şərq”ə deyib ki, Prezident İlham Əliyevin Rusiyaya gözlənilən səfərində Qarabağda sülhməramlıların fəaliyyəti və silahlı erməni birləşmələrinin çıxarılması məsələsinin müzakirə predmeti olacağı istisna edilmir: 

“Ermənilərin separatçı fəaliyyəti açıq müstəviyə keçib. Azərbaycanın hərbi mövqeləri atəşə tutulur və separatçılar ölkəmiz əleyhinə açılamalar verir. Buna da Rusiya tərəfi şərait yaradır. Görüşdə Laçın dəhlizindən yeni yolun çəkilməsi və Azərbaycan postunun bu yolda olması da gündəliyə çıxarılmalıdır. Moskvanın mövqeyindən asılı olmayaraq, buna gedilməlidir. Rusiya ilə ciddi danışmasaq, Kreml Qarabağda Azərbaycana problemlər yaradacaq. Artıq problemlər ortaya çıxmaqdadır. Prezident İlham Əliyev Putinlə bu məsələləri müzakirə edəcək. Moskvanın Azərbaycanın qələbəsinə kölgə salmağa ixtiyarı yoxdur”.