Tarixi səhv... - Putin xalqını ağır duruma saldı

Geri dönüşü yoxdur, sanksiyalar qaçılmazdır və bu, artan xətt üzrə inkişaf edəcək

Rusiyanın Ukraynanın qondarma Donetsk və Luqansk “respublikaları”nın “müstəqilliyini” tanımasından dərhal sonra rus ordusu tərəfindən Donbassda atəşkəs 96 dəfə pozulub. Tərəflər ağır silahlardan da istifadə ediblər. Ukrayna ordusunun Baş Qərargahının açıqlamasına görə, lokal döyüşlərdə ordunun bir əsgəri aldığı qəlpə yarasından ölüb, 5 əsgər yaralanıb. Rusiya ordu birləşmələrinin Donetsk və Luqanska yeridilməsi qərarından sonra bölgədə vəziyyət daha da kəskinləşib. Ekspertlər hərbi əməliyyatların geniş miqyas alacağı ehtimalını istisna etmirlər. Rusiyalı deputat Leonid Kalaşnikov Luqansk və Donetsk vilayətlərinin Ukraynanın nəzarətində olan ərazilərinin də qondarma-separatçı qurumlara qatıla biləcəyini deyib. 

Ukraynada fövqəladə vəziyyət elan olunub

Ukraynada fövqəladə vəziyyət elan olunub. Fövqəladə vəziyyət Donetsk və Luqansk vilayətləri istisna olmaqla, bütün ölkə ərazisində tətbiq olunacaq. Hökumət ehtiyatda olan 36 min hərbçisini xidmətə çağırıb. Xatırladaq ki, 2014-cü ildə baş verən qarşıdurmalardan sonra separatçılar Luqansk və Donetsk vilayətlərinin bir hissəsini işğal ediblər. Hazırda onların əlində Donbasın yalnız kiçik bir hissəsi var. Separatçıların tutduqları ərazinin Azov dənizinə çıxış yolu olsa da, orada onların qarşısını Ukrayna donanması kəsir. Beləliklə, “müstəqillikləri”nin Rusiya tərəfindən tanınmasına baxmayaraq, qondarma qurumların yalnız Rusiya ilə quru əlaqəsi mövcuddur.

“Rusiyaya qarşı qəti addımlar atacam”

ABŞ Prezidenti Co Bayden deyib ki, Qərbin güclü sanksiyaları Rusiyaya ciddi zərbə vuracaq. Lakin Vaşinqton Amerika iqtisadiyyatını qorumaq üçün lazım olan hər şeyi edəcək: “Mən qətiyyətli addım atacağam ki, sanksiyaların ağrıları Rusiya iqtisadiyyatına yönəlsin, bizə deyil”. C.Baydenin sözlərinə görə, ABŞ enerji resurslarının təchizatında mümkün fasilələr məsələsini öyrənəcək. Bunun üçün neftin əsas istehlakçıları və tədarükçüləri ilə razılaşdırılmış iş aparacaq.

“Ukrayna böhranında Bayden günahkardır”

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo Rusiya-Ukrayna böhranının əsl günahkarının Prezident Co Bayden olduğunu deyib. Pompeo bildirib ki, Bayden bir neçə ay əvvəl "Şimal axını-2"nin tikintisini dayandıra və Rusiyaya qarşı real sanksiyalar tətbiq edə bilərdi: “Əvəzində ABŞ lideri Moskvanı qorxutmayan məhdud sanksiyalar paketi təqdim etdi. NATO bu kimi ölkələri qorumaq üçün Estoniya, Litva və Latviyada mövcudluğunu artırmalıdır”.

“ABŞ və Rusiyanın təzyiqi olmasaydı...”

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba deyib ki, ABŞ və Rusiyanın təzyiqi olmasaydı, SSRİ-dən miras qalmış nüvə arsenalları ilə daha ağıllı şəkildə məşğul olmaq olardı: “Keçmişdə nələrin baş verməsi ilə bağlı fərziyyələr söyləmək istəmirəm. Amma o zaman ABŞ Rusiya ilə birlikdə Ukraynanı nüvə silahından məhrum etmək üçün birgə mövqe tutmasaydı, daha ağlabatan həll yolu tapıla bilərdi”. 

Qeyd edək ki, 1994-cü ildə Ukrayna Budapeşt Memorandumunu imzalayaraq, nüvə silahı ehtiyatından imtina etmişdi. Ukraynaya nüvə silahından imtina qarşılığında müstəqillik, ərazi bütövlüyü və suverenlik təminatını Rusiya, ABŞ və Böyük Britaniya verib.

“Ordumuz analoqu olmayan silaha sahibdir”

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Moskvanın ABŞ-ın yeni sanksiyalarına cavabı çox güclü olacaq: “Heç bir şübhə olmamalıdır, sanksiyalara güclü şəkildə cavab Amerika tərəfi üçün həssas olacaq”. 
Rusiya Prezidenti Vladimir Putin deyib ki, rus silahlı qüvvələrində dünyada analoqu olmayan silah var. O bildirib ki, son illər ölkədə Silahlı Qüvvələrin keyfiyyətcə müasirləşdirilməsi üçün xeyli işlər görülüb: “Onlar daha mobilləşib və yeni döyüş təcrübəsi qazanıb. Dünyada tayı-bərabəri olmayan silahlar döyüşə buraxılıb. Biz perspektivli silah sistemlərini, hipersəsli sistemləri inkişaf etdirməyə davam edəcəyik. Qabaqcıl rəqəmsal texnologiyaların və süni intellekt elementlərinin istifadəsini genişləndirəcəyik”. 

Rusiya diplomatlarını Kiyevdən çıxarır

Rusiya Kiyevdəki səfirliyinin əməkdaşlarını təxliyə etməyə başlayıb. Səfirliyin əməkdaşı Denis Qolenko “RİA Novosti”yə açıqlamasında deyib ki, səfirliyin binasının ətrafı sakitlikdir: “Heç bir mitinq və ya aksiya yoxdur.  Amma təxliyə başlayıb”. 

“Ukraynaya 500 milyon dollara qədər kredit verilə bilər”

Böyük Britaniya hökuməti Ukrayna ilə bağlı yeni iqtisadi paket elan edib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, rəsmi London Ukraynaya 500 milyon dollara qədər kredit verməyə hazırdır. Bəyanatda həmçinin qeyd olunub ki, Böyük Britaniya iqtisadi sabitliyə və korrupsiyaya qarşı mübarizə kimi həyati əhəmiyyətli islahatlara dəstək verəcək layihələr üçün kredit zəmanətləri verməyə hazırdır.

Roma papası Ukrayna ətrafında vəziyyəti kəskinləşdirməməyə çağırdı

Roma papası Fransisk Ukrayna ətrafında yaranmış vəziyyətə görə təəssüf edib və dünya liderlərini bu vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb: “Ukrayna ətrafındakı vəziyyətin pisləşməsi ürəyimi çox ağrıdır. Son bir neçə həftə ərzində göstərilən diplomatik səylərə baxmayaraq, hadisələr həyəcan doğurur. Bütün tərəflərin insanlara əzab verən addımlardan çəkinməsi üçün dua edirəm”.  

Blinken Lavrovla görüşdən imtina edib

ABŞ dövlət katibi Entoni Blinken fevralın 24-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla Avropada keçirilməsi planlaşdırılan təkbətək görüşdən imtina edib. Onun fikrincə, hazırda bu görüşü keçirməyin mənası yoxdur: “Mən müttəfiqlərlə və tərəfdaşlarla məsləhətləşdim. Hamı razılaşdı. Və bu gün mən xarici işlər nazirinə məktub göndərdim. Sergey Lavrovu bu barədə məlumatlandırdım”. O qeyd edib ki, ABŞ Rusiya Federasiyası ilə gələcək diplomatik fəaliyyətə hazırdır, lakin qarşı tərəf ciddi münasibət nümayiş etdirməlidir: “Putinin açıqlamaları göstərir ki, o, Ukraynanı suveren dövlət deyil, Rusiya subyekti kimi görür”. 

Aİ-nin sanksiya siyahısına düşən rəsmilərin adları...

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq edəcəyi sanksiya paketinin təfərrüatları məlum olub. Yeni siyahıya rəsmi şəxslərlə yanaşı, Rusiyanın təbliğatçıları - RT-nin Baş redaktoru Marqarita Simonyan və teleaparıcı Vladimir Solovyov əlavə edilib. Bildirilib ki, rəsmi şəxslərin siyahısına Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, prezident administrasiyasının rəhbəri Anton Vayno, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və bir qrup hərbçi daxil edilib. Qeyd edək ki, ötən gün Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul etmək qərarına gəlib. 

“Gərginlik artacaq, lakin genişmiqyaslı savaşın olacağını ehtimal etmirəm”

Siyasi şərhçi Azər Rəşidoğlu “Şərq”ə deyib ki, Putin özünün kobud səhvi ilə rus xalqını ağır duruma saldı. Ekspertə görə, artıq sanksiyalar qaçılmazdır və bu, artan xətt üzrə inkişaf edəcək: 

“Putin Rusiyanın onsuz da bərbad olan imicini daha da korladı. Rusiya separatizmi dəstəkləyən ölkə kimi qəbul edilir. Düşünürəm ki, gərginlik artacaq, lakin ağır və genişmiqyaslı savaşın olacağını ehtimal etmirəm.

Rusiya Ukraynanın NATO üzvü olmasını özü üçün təhlükə hesab edir və bunun qarşısını almaq istəyir. Digər tərəfdən, “LXR” və “DXR”-in tanınması pis haldır. Gələcəkdə keçmiş SSRİ-yə daxil olan ölkələrdə separatizmi daha da gücləndirə bilər. Son nəticədə bunun acısını elə Rusiya dadacaq. RF tərkibində olan bəzi respublikalar “müstəqillik paradı” nümayiş etdirə bilərlər. 

Eyni zamanda sanksiyalar Rusiyanın iri biznes adamlarını da çətin duruma salacaq və bu, Putin əleyhinə iri koalisiyanın yaranmasına rəvac verəcək. Putin onsuz da Qərblə və Kiyevlə danışıqlar masasında oturmağa vadar olacaq, bunu nə qədər tez eləsə bir o qədər uduşlu ola bilərdi”.