"Müəyyən mərhələdən sonra Ermənistanla sülh müqaviləsi də baş tutacaq"



Prezident İlham Əliyev: "Biz Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməliyik"

“Moskva Bəyannaməsini müxtəlif istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər hazırlanma mərhələsindədir”. Bunu Prezident İlham Əliyev Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, bu, müqavilədən yüksəkdir:

 “Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən də, Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi xarakterizə etmişik. Münasibətlərin indiki formatı ali formatdır. Yəni bundan yüksək format praktiki olaraq yoxdur. 

Dövlətlərarası münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir. Mən tapşırıq vermişəm, Azərbaycanın Xarici İşlər Nazirliyi Bəyannamənin tam mətnini öz saytında yerləşdirib ki, hər kəs onunla tanış ola bilsin. Orada 43 bənd var. Əlbəttə, bütün bəndləri şərh etmək həddən artıq vaxt aparar. Bir də ki, buna ehtiyac yoxdur. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. 

“Ən azından hamının gözü qarşısında onların başlarını kəsərdilər”

Prezident Milli Məclisin deputatlarının Ermənistana səfərindən də danışıb: “Azərbaycan parlamentinin iki üzvü İrəvanda Avronestin sessiya iclasında olublar. Onların ora getməsi üçün biz Dövlət Təhlükəsizliyi Komitəsi və ya Nazirliyindən, - mən bilmirəm Ermənistanda necə adlandırılır, - bu adamların təhlükəsizliyi barədə zəmanət aldıq”. Bəziləri biləndə ki, onlar Ermənistandadır, iğtişaşlar başlandı. İndi buna sosial şəbəkələrdə baxmaq olar, iğtişaşlar səngimir. Onlar bizim deputatlarımız üçün sadəcə, təhlükə doğurur. Bundan başqa, bu iclasın iştirakçıları üçün naharın nəzərdə tutulduğu yerdə, - orada isə təbii ki, təkcə bizim vətəndaşlar deyil, həm Avropa Parlamentinin üzvləri, həm Şərq Tərəfdaşlığı ölkələrindən üzvlər var, - restoranın sahibləri azərbaycanlılara xidmət göstərməkdən imtina ediblər. Onlar Ermənistanın baş nazirini bunda ittiham edirlər ki, guya o, azərbaycanlılar İrəvana gedəcək deyən Əliyevin fikri ilə oturub-durur. Bəli, mən bunu demişəm. Onu da demişəm ki, tanklarda yox, tədbirlərə gedəcəyik. Bu, ona görədir ki, onlar özləri razılaşdırılmadan, bütün təhlükəsizlik tədbirləri olmadan getsəydilər, onların üzərində hansı Linç mühakiməsinin qurulacağını və bütün bunların nə ilə qurtaracağını təsəvvür etmək çətin deyil. Mən əminəm ki, ən azından hamının gözü qarşısında onların başlarını kəsərdilər. Buna görə biz də tədbirlər görürük”. 

“Erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, hələ cavab yoxdur”

Prezident deyib ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu tapılıb və onların hamısını qaytarmışıq: “Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.

“Biz müstəqil dövlət kimi ilk olaraq Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdik”

Dövlət başçısı vurğulayıb ki, Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi: “Biz müstəqil dövlət kimi ilk olaraq Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdik. Son illər ərzində Prezident Ərdoğanın prezidentliyi dövründə və mənim dövrümdə, - bu dövrlər ümumilikdə daha çox üst-üstə düşür, - biz faydalı əməkdaşlıq fəaliyyətimizin əmsalını əhəmiyyətli şəkildə artırmışıq. Belə bir misal çəkim: Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq - bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib”.

“Biz Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməliyik”

Ölkə rəhbəri qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur: “Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya olmasa, qurum heç kəsin yadına düşməz. Hər şey bundan irəli gəlir. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə bizim çox etimadlı, yaxın, dostluq münasibətlərimiz var. Fikrimcə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Hər halda biz Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusunda olduğumuzu rəsmən bəyan etmişik. Yəqin ki, müəyyən mərhələdə bu, baş tutacaq. Lakin indiki geosiyasi reallıqlarda biz realist olmalı, əldə edilməsi ümkün olmayanı arzu etməməliyik. Biz Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməliyik. 

“Azərbaycan iki böyük qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir”

Prezident de-fakto Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlıq formatının formalaşdığını açıqlayıb: “Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Düşünürəm ki, başqa heç bir ölkə bununla öyünə bilməz. Mən hələ o barədə demirəm ki, NATO-ya üzv ölkə ilə və KTMT-nin de-fakto rəhbər ölkəsi ilə. Bu, əslində, nailiyyətdir və yəqin, heç kim üçün sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır. O, hələ formalaşmayıb, prezidentlər də daxil olmaqla, hələ xarici işlər nazirlərinin görüşü baş tutmayıb, lakin o, artıq formalaşır. 

O, ümumi maraqlar, praqmatizm və oxşarlıq əsasında formalaşır. Bizim idarəetmə sisteminin oxşarlığı, tərəfdar olduğumuz dəyərlərin oxşarlığı heç kim üçün sirr deyil. Məsələn, bizə çox xoşdur ki, prezidentlər Ərdoğan və Putin arasında olduqca etibarlı münasibətlər mövcuddur. Onların hər ikisi bu barədə açıq şəkildə danışırlar. Beləliklə, mən fikirləşirəm ki, bu münasibətləri formalaşdıracağımız o gün artıq uzaqda deyil. Xüsusən ona görə ki, Azərbaycan Rusiyanın və Türkiyənin müttəfiqidir, burada necə deyərlər, artıq növbəti addım tələb olunur. Ancaq bu, bizim işimiz deyil, lakin biz öz tərəfimizdən iki ölkənin maraqlarının yaxınlaşdırılması üzərində həmişə işləmişik”.