“Texnofest”in Azərbaycanın məqsədlərinə xidmət edir

Hədəfimiz bu cür tədbirlərlə Azərbaycanda gənc mütəxəssislərin yetişməsinə stimul olmasına nail olmaqdır

“Texnofest”in Azərbaycanda keçirilməsi çox tarixi və önəmli bir hadisədir. Festivalın ilk dəfə Türkiyənin sərhədlərindən kənarda – Azərbaycanda keçirilməsi əbəs yerə deyil. Türkiyə-Azərbaycan qardaşlığının strateji tərəfdaşlığı imkan verir ki, məhz "Texnofest" bizim ölkədə keçirilsin. Bu baxımdan Azərbaycan ictimaiyyəti festivalın ölkəmizdə keçirilməsinə çox önəm verir. Türkiyə hərbi sənayedə və digər sahələrdəki yeniliklərini Azərbaycanla bölüşür, ölkəmizlə birlikdə inkişaf edərək güclənməyi qarşıya məqsəd qoyur. “Texnofest”in Azərbaycanda keçirilməsi bizim məqsədlərimizə də xidmət edir. Hədəfimiz bu cür tədbirlərlə Azərbaycanda gənc mütəxəssislərin yetişməsinə stimul olmasına nail olmaqdır. 
Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə deyib ki, “Texnofest Azərbaycan”ın əhəmiyyəti çox böyükdür. Deputat bildirib ki, belə tədbirlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına, müasir texnologiyalara marağın artmasına böyük töhfə verəcək: “Festival Azərbaycan həqiqətlərinin təbliği baxımından çox önəmlidir. Türkiyə Prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın cənab İlham Əliyevlə festivalda iştirakı tədbirin önəmi, əhəmiyyətini daha da artıracaq. Xüsusən, iki qardaş ölkənin münasibətlərinin bir qədər də sıxlaşmasına səbəb olacaq. Eyni zamanda “Texnofest” ölkəmizdə innovasiyaların təbliğinə, gənclərin bu sahəyə daha çox maraq göstərməsinə imkan yaradacaq. Azərbaycan-Türkiyə əlaqələri durmadan inkişaf edir. Biz artıq strateji müttəfiqlərik. İki qardaş ölkənin əlaqələri sarsılmaz və əbədidir. Bunda da hər iki ölkə liderinin müstəsna xidmətləri var. Bu əməkdaşlıq daha da inkişaf edərək yeni mərhələyə uğurla qədəm qoyacaq”.