Koçaryan və Sarkisyanlara çox ciddi xəbərdarlıq edildi  - Millət vəkili

Prezident İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə  görüşü zamanı növbəti dəfə Ermənistandakı revanşistlərə sərt xəbərdarlıq edib. Dövlət başçısı deyib ki, Ermənistanda faşistlər hələ də baş qaldırmağa cəhd  göstərirlər: 

"Onlara elə gəlir ki, əgər  hakimiyyətdə olsaydılar müharibənin nəticələri başqa cür ola bilərdi: "Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki, səbirlə bu mənzərəni izləyirik. Amma bunu Ermənistan faşistləri - bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq, necə ki, İkinci Qarabağ müharibəsi zamanı. İndi kimdir Ermənistanda meydan sulayan? İkinci Qarabağ müharibəsi zamanı Qarabağdan dovşan kimi qaçan Sarkisyan-Köçaryan cütlüyü. Əgər onlar belə qəhrəman idilərsə, niyə qaçmışdılar?".

Dövlət başçısının vurğuladığı məsələni "Sherg.az"a dəyərləndirən millət vəkili Azər Badamov bildirib ki, Azərbaycan bu gün heç vaxt olmadığı qədər güclüdür və hər hansı bir xarici müdaxilə olarsa məhv etməyə hər zaman hazırdır. 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşü zamanı İrevanda aksiyalar keçirərək revanşist bəyanatlar səsləndirən Koçaryan və Sarkisyanlara və digərlərinə çox ciddi xəbərdarlıq etdi: 

"44 günlük Vətən müharibəsi zamanı Koçaryan, Sarkisyan və Ohanyan Qarabağa gələrək şou göstərməyinə çalışmışdı. Amma Azərbaycanın Müzəffər Ordusunun gücünü görəndə İrevana qaçaraq dovşan kimi gizlənərək səsini də çıxartmadılar. İndi postmüharibə dövründə uzunmüddətli sülhün imzalnmasına hazırlıq getdiyi bir zamanda yenidən müharibədən danışaraq sülh prosesinə mane olmaq istəyirlər. Ölkə başçımızın qeyd etdiyi kimi sülh müqaviləsinin imzalanmasına və təklif etdiyimiz 5 əsas prinsip əsasında iki ölkə arasında münasibətlərin tənzimlənməsinə heç kim mane ola bilməz. Bu gün Azərbaycan müstəqildir, daha güclüdür və hər bir məsələni öz gücü ilə həll etməyə qadirdir".