Möhtəşəm görüntülərin davamı gələcək

“Teknofest” gənclərə böyük ümid, qürur yaşatdı

Festival Azərbaycan və Türkiyə qardaşlığının nə qədər güclü olduğunu dünyaya göstərdi

May ayının 26-29 tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyilə “Teknofest” festivalı keçirildi. Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı ilk dəfə olaraq Azərbaycanda reallaşdı. Bu festival Türkiyə Texnologiya Komandası” - T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Bütün türk dünyasının böyük coşqu ilə izlədiyi möhtəşəm tədbirdə Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər, “Teknofest”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank da iştirak ediblər. Dörd gün ərzində yüz minlərlə insan ziyarət edərək Azərbaycan və Türkiyənin dövlət və özəl qurumlarının innovativ layihələri ilə tanış olublar. Texnologiya sahəsinin parlaq simalarını kəşf etdirən bu festival çərçivəsində 8 texnoloji yarışma, 3 beynəlxalq tədbir keçirilib. Azərbaycanın 52, Türkiyənin isə 40 bölgəsini təmsil edən gənclər festivalda iştirak ediblər. Qalib komandaların üzvləri prezidentlər və digər rəsmi qonaqlar tərəfindən təltif olunub. Bu il 5 illiyini qeyd edən festivalın məqsədi aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, sözün hər mənasında möhtəşəmliyi ilə diqqət çəkən və yaddaşlarda iz buraxan “Teknofest” festivalı başa çatsa da, ölkə gündəminin əsas müzakirə mövzularındandır. Partiya sədrinin sözlərinə görə, paytaxtımızda ilk dəfə keçirilən aerokosmik və texnologiya festivalı iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin birgə əsəri, ortaq layihəsi kimi ərsəyə gəldi:

 “İnsanlarımızın, xüsusən də gənclərimizin sözügedən sərgiyə bunca dərindən maraq göstərmələri də məhz bu amillə bağlıdır. Azərbaycan və Türkiyə iki dost qardaş ölkə olaraq bu festivalı gerçəkləşdirməklə sübut etdilər ki, gələcəkdə bundan da böyük ortaq layihələrə birgə imza atmaq gücünə malikdirlər. Bu layihə bir ilk idi və davamı mütləq gələcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu faktı təsdiqlədi. 
Qardaş ölkənin lideri festival törənindəki çıxışında qeyd etdi ki, Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı planlaşdırırıq. Qarşıda çox  böyük hədəflərimiz var”.
Ə.Hüseynov bəyan edib ki, dördüncü sənaye inqilabının gətirdiyi böyük elmi-texniki dəyişikliklər prosesində biz də Azərbaycan və Türkiyə olaraq öz layiqli yerimizi tutmalıyıq: “Festival bu istiqamətdə görülən işlərə böyük bir təkan sayıla bilər. Tədbir iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafına da yeni bir dinamika gətirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Festival çərçivəsində yarışlara qatılan gənclərimizin gələcəkdə öz böyük elmi kəşfləri və ixtiraları ilə ölkəmizi və bütün türk dünyasını hər yerdə ləyaqətlə təmsil edəcəklərinə əminik”.

Mühariə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov da “Şərq”ə bildirib ki, “Teknofest” Azərbaycan və Türkiyənin qardaşlığının nə qədər güclü olduğunu göstərdi. Onun sözlərinə görə, “Teknofest” festivalı türk dünyasının hərbi qüdrətinin təcəssümüdür: 

Festival ilk növbədə Azərbaycan və Türkiyənin, bu dövlətlərin timsalında bütün türk dünyasının hərbi qüdrətini əks etdirir. Azərbaycan və türk pilotlarının sərgilədiyi məharət, müasir aviasiya vasitələrinin nümayişi, bütün dünya miqyasında ən son texniki yeniliklərdən hesab edilən müasir dronların təqdim edilməsi hər iki dövlətin hərbi sənayesinin dinamik və sürətli inkişafını göstərdi. Festival bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan və Türkiyənin hərbi sənayesi yüksələn xətt üzrə inkişaf etməkdədir. Həmçinin, əldə etdiyi uğur və müvəffəqiyyətlərlə bütün dünyanı heyrətləndirməkdədir. Festivalda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və "Deftech" şirkətinin birgə istehsalı olan yeni taktiki döyüş uçuş simulyatoru olan "Dəmir yumruq" təqdim edildi. Bu faktın özü milli hərbi sənayemizdəki inkişafdan, onun əldə etdiyi tarixi uğurlardan xəbər verir. Bu baxımdan “Teknofest” festivalı haqlı olaraq hər bir Azərbaycan vətəndaşında, hər bir türk insanında qürur və iftixar hissi doğurur”. 

Polkovnik qeyd edib ki, “Teknofest” mənəvi baxımdan da mühüm əhəmiyyətə malikdir: “Bakıda keçirilən bu mühüm festival mənəvi baxımdan da böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyənin qardaşlığının nə qədər möhkəm, nə qədər güclü olduğunu göstərir. Nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı həqiqətən də əzəli və əbədidir və heç bir qüvvə bu qardaşlığı poza, ona xələl gətirə bilməz. “Teknofest” festivalı ilə bütün dünya bir daha anladı ki, hər zaman olduğu kimi bundan sonra da Azərbaycan və Türkiyə bir-birilərinin yanında olacaq, dar məqamda bütün imkanları ilə bir-birilərinə dəstək verəcəklər. Əminəm ki, qarşıdakı illərdə biz həm Azərbaycan, həm də Türkiyədə  oxşar mahiyyətli festivalların keçirilməsinə şahid olacaq, bu qürur hissini təkrar-təkrar yaşayacağıq”.