Böyük Britaniya Azərbaycanı əhəmiyyətli Şərq qapısı sayır

Əziz Əlibəyli: "London rəsmi Bakını Türkiyə ilə birlikdə ayrıca güc mərkəzi kimi görür"

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 70 il hakimiyyətdə olmuş Kraliça II Yelizavetanın hakimiyyətinin platin ildönümünü qeyd etdi. Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp çıxış edib. Səfir bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün platin yubileyi ilə üst-üstə düşməsi xüsusilə simvolik xarakter daşıyır. O, yubiley münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin Kraliça II Yelizavetaya hədiyyə etdiyi Qarabağ atını da xatırladıb. 

Səfirin sözlərinə görə, bayramda Britaniyanın müxtəlif ənənəvi mahnıları, simvolları və yeməkləri nümayiş etdiriləcək. Vurğulanıb ki, Britaniya Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınması prosesini dəstəkləyir: “Azərbaycan özünü etibarlı enerji tərəfdaşı kimi sübut edib və Avropanın enerji təhlükəsizliyinə töhfə verir: “Britaniya Azərbaycanın COP26-da götürdüyü öhdəlikləri alqışlayır və daha da ambisiyalı hədəflər müəyyən edəcəyinə ümid edir”. 

Böyük Britaniya-Azərbaycan əlaqələrini “Şərq” dəyərləndirən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Londonun Şərq siyasətində Azərbaycan kilid nöqtələrdən birini təşkil edir. Analitik vurğulayıb ki, xüsusilə Fars körfəzinə, İrana açılan qapı kimi Azərbaycanın əhəmiyyəti böyükdür:

 “İranın karbohidrogen ehtiyatları böyükdür. Qərb Rusiya ilə savaş fonunda İranı alternativ kimi dəyərləndirir. Digər mühüm məsələ odur ki, Xəzər dənizinin şərq sahilinin, Qazaxıstanın, Türkmənistanın ciddi şəkildə karbo-hidrogen ehtiyatlarını məhz Azərbaycan vasitəsi ilə Avropaya çıxartmaq mümkündür. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının əsas ilhamverici qüvvəsi və təşkilatçısı Böyük Britaniyanın “BP” şirkəti idi. “BP” şirkəti Londonun qeyri-siyasi və iqtisadi qurumu kimi Böyük Britaniyanın bölgədəki nüfuzunun daimi təmsilçisi olub. Azərbaycanla Böyük Britaniya arasındakı 30 illik əməkdaşlıq, “BP”-nin 2054-cü ilədək ölkəmizdə funksional fəaliyyətini davam etdirməsi qərarı göstərdi ki, beynəlxalq münasibətlərdə yeni güc mərkəzinin formalaşması prosesi gedir. Böyük Britaniya Avropa İttifaqına alternativ olaraq öz planını Baltikyanı ölkələrə, Ukraynaya, Polşaya təqdim edib. London rəsmi Bakını Türkiyə ilə birlikdə ayrıca güc mərkəzi kimi görür. Yəni Azərbaycanın Böyük Britaniya üçün əhəmiyyəti Şərqə çıxış qapısı sayılması, Avropanın enerji təchizatında alternativ olması və geostrateji mövqeyi vazkeçilməzdir”.