Separatçılara Rusiya dövlət agentliyində platformanın verilməsi Moskvanın tapşırığıdır  - Asif Nərimanlı 

““RİA Novosti” agentliyi Qarabağda separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Artak Beqlaryandan müsahibə alıb”. 

Bu barədə “Sherg.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

Ekspert bildirib ki, separatçılara Rusiya dövlət agentliyində platformanın verilməsinin Moskvanın tapşırığı olduğu bəllidir: 

“Rusiya sülhməramlıları Qarabağda qeyri-müəyyən müddətə qalmalıdır. Avropa İttifaqı “münaqişənin” həllində iştirak etməməlidir. Beqlaryanın irəli sürdüyü bu iki fikir Rusiyaya məxsusdur və demək istədiklərini onların da dili ilə səsləndirirlər. Məqsəd “Qarabağdakı etnik erməniləri” prosesdə de-fakto tərəf kimi legitimləşdirmək və Bakı-İrəvan danışıqlarına təsir rıçaqlarını genişləndirməkdir.
Separatçılara “tərəf kimi” meydan verən Moskva “Rusiya sülhməramlılarının bölgədə qeyri-müəyyən müddətdə qalmasını ermənilər istəyir” mesajını verir. Digər yandan Brüsselə “hüquqlarını qorumaq istədiyiniz etnik ermənilər Avropa İttifaqını yox, Rusiyanı istəyir” mesajı ötürülür. Burada Rusiyanın əsas hədəf ünvanı Brüsselin prosesdə aktivliyində və “ikitərəfli format”ın önə çıxmasında həlledici tərəf olan Azərbaycandır. Moskva Cənubi Qafqazda 44 günlük müharibədən sonra Ukraynaya hücumdan əvvəl mövcud olan vəziyyəti qaytarmaq üçün Bakıya “separatçıların legitimləşdirilməsi” təzyiqini edir”.

A.Nərimanlıya görə, bunun dövlət başçısı İlham Əliyevlə V.Putin arasında baş tutan danışıqdan sonra olması xüsusi diqqət çəkir: 

“İstisna deyil ki, Bakı Moskvadan üçtərəfli razılaşmaların sürətli icrasının sözdən əmələ keçməsinin vaxtının çatdığını, əks təqdirdə alternativin olduğunu izah edib. Moskva isə cavabı rəsmi informasiya resursunda separatçıları legitimləşdirmək mesajı ilə verir”.