Hədəflər bəllidir! “Turan ordusunun” işartıları..."

 Türkiyənin Azərbaycandakı səfirliyində müdafiə sənayesi müşaviri vəzifəsi yaradılır. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərar imzalayıb. Qərara əsasən, müdafiə sənayesi müşaviri xidmət apardığı ölkədə müdafiə sənayesinə dair prosesləri və buna bənzər mövzuları dəyərləndirib, hesabatlar hazırlayacaq və Türkiyə Müdafiə Sənayesi İdarəsini məlumatlandıracaq.

Ümumilikdə Türkiyənin 9 ölkədəki səfirliyində Müdafiə Sənayesi Müşavirliyi heyəti yaradılacaq və təyinatlar olacaq. Azərbaycandakı müdafiə sənayesi müşavirinin xidmət sahəsinə həm də Qazaxıstan, Türkmənistan və Özbəkistan daxil edilib. 

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, ilin əvvəlində Qazaxıstanda məlum iğtişaşlar zamanı dövlət başçısının Ruisyaya müraciət etməsi və rus qoşunlarının ildırım sürəti ilə ölkəyə müdaxiləsi hər kəsdə narahatlıq doğurmuşdu. Ekspertin sözlərinə görə, bənzər hadisə Qarabağda da baş verdi: 

“Rusiya qoşunları Qazaxıstanı sonradan tərk etsə də, Qarabağdakı qüvvələr getməmək üçün əllərindən gələni edirlər. Həmçinin, bu qoşunların türk dövlətləri ərazisinə soxulmaq ehtimalları da artır. Ona görə də Türk Dövlətləri Təşkilatının ordusunun  yaranması və bir-birilərinin təhlükəsizliyini təmin etməsi üçün ən yüksək statusa malik olması lazımdır. İndiki qurumun müdafiə və təhlükəsizlik funksiyası yoxdur. Əgər belə bir təşkilat indiyə qədər yaranmış olsaydı, Qazaxıstan KTMT-yə deyil, türk dövlətlərin təsis etmiş olduğu hərbi birliyə müraciət edərdi. Türkiyə Cümhuriyyətinin təşəbbüsləri gələcəkdə qurulacaq “Turan ordusunun” işartılarıdır”.