Naxçıvan camaatı 30 ildir əziyyət çəkir

Millət vəkili baş nazirin qərarına etiraz etdi

Üstəlik, biletlərin qiymətini də 10 manat artırırlar ki, Naxçıvana heç kim gedib-gəlməsin

"Bu məsələdə heç bir əsaslı arqument yoxdur. Heç bir əsaslandırma inandırıcı gəlmir. Başa düşürük, Naxçıvana gediş-gəliş dotasiya yolu ilədir, amma bu qədər yeyilən vəsaitlər elə Naxçıvanın üzərinə qalıb?!" 

   
   Bakı-Naxçıvan reysinə biletlərin qiyməti 10 manat bahalaşıb. Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. İndiyədək uçuş tariflərinə verilən dövlət dotasiyasının məbləği 20 manatdan 10 manata endirilib. Ona görə də Azərbaycan vətəndaşlarına Naxçıvan-Bakı reysi üzrə bilet 50 manatdan 60 manata qaldırılıb. Məlumat üçün bildirək ki, Naxçıvanla Azərbaycanın əsas hissəsinin yeganə əlaqə vasitəsi təyyarə nəqliyyatıdır. 

O səbəbdən aviabiletlərin 10 manat bahalaşması vətəndaşların, xüsusən naxçıvanlıların kəksin etirazına səbəb olub. Sosial şəbəkə istifadəçiləri iqtisadi problemlərin yaşandığı, ərzaq və qeyri-ərzaq bahalaşmasının açıq-aşkar hiss olunduğu bir dövrdə üstəlik təyyarə biletlərinin qiymətinin də qalxmasını sərt tənqid ediblər. 

Nazirlər Kabinetinin qərarını “Şərq”ə dəyərləndirən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qiymət artımının Naxçıvan camaatına əziyyət verdiyini deyib. Deputat vurğulayıb ki, indiki məqamda yoxsul insanları düşünmək lazımdır: 

“Naxçıvana başqa alternativ yol varmı? İran vasitəsilə Naxçıvana getmək iztirablı yoldur. İnsanlar gedib-gələ bilmirlər. Gediş-gəliş onlara böyük əziyyət bahasına başa gəlir. Xəstəsi, əlili, çətinlik içində olan yüzlərlə insan var. Niyə düşünmədən addım atırlar? Başqa sahələrdə yüzlərlə korrupsiya istiqamətləri var, oradan azaltsınlar. Mənasız xərcləri ixtisar etsinlər. İndiki qiymətin özü də bahadır. Naxçıvan üçün 50 manat çox idi. Qiyməti qaldırmaq yox, əksinə, 40 manata endirmək lazım idi. Camaat qiymətlərin enməsini gözləyirdi, amma bilet 60 manata qaldırıldı. Bilet tapmağın özü problemdir, insanlar əldən güclə tapırlar, üstəlik, 20 manat da əlavə pul verirlər. Bu məsələdə heç bir əsaslı arqument yoxdur. Heç bir əsaslandırma inandırıcı gəlmir. Başa düşürük, Naxçıvana gediş-gəliş dotasiya yolu ilədir, amma bu qədər yeyilən vəsaitlər elə Naxçıvanın üzərinə qalıb?! Sanki, düşünürlər ki, görək, başqa necə əziyyət verə bilərik? Onsuz da Naxçıvan camaatı 30 ildir əziyyət çəkir. Blokada şəraitindədir, məhsulunu kənara satışa çıxara bilmir. Naxçıvan camaatının bir qismi Bakıda, digərləri İstanbulda acınacaqlı vəziyyətdə yaşayır. Türkiyədə ora-bura səpələniblər. Üstəlik, biletlərin qiymətini də 10 manat artırırlar ki, Naxçıvana heç kim gedib-gəlməsin. Tamamilə yanlış addımdır. Bu məsələdə heç kimə haqq qazandıra bilmərəm”. 

Parlament üzvü ümumiyyətlə, aviabiletlərin qiymətinin çox yuxarı olduğunu söyləyib:

 “İstanbula, Berlinə, Parisə uçuş qiymətləri həddindən artıq bahadır. Biletlər Ermənistandan 5 dəfə baha satılır. Məgər ermənilər bizdən varlı yaşayır? Gürcüstanla müqayisədə biletlərin qiymətləri dəfələrlə yüksəkdir. Ən çox adam İstanbula gedir, işlək reysdir. Niyə bu reysi iki-üç qat baha edirlər? Bizim təyyarələr ən bahalısıdır. Təyyarə qiymətlərinə görə, ölkəyə turist gəlmir. Quruma bu boyda pullar ayrılıb, dövlət zəmanəti ilə borc götürülüb, təyyarələr alınıb. Dövlət niyə bunun bədəlini ödəməlidir ki? Məntiqi izahını tapa bilmirəm”.