"İyulun əvvəlini gözləməliyik"

"Ermənistanın siyasi-ictimai dairələri Laçın dəhlizinə fokslanıb"

Əziz Əlibəyli: "Bütün siyasi oyunlar bunun üzərindən cərəyan edir"

Prezident İlham Əliyev Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini bildirib. Dövlət başçısı qeyd edib ki, rəsmi İrəvan sülh və əməkdaşlıq təkliflərinə müsbət cavab vermir. Ölkə rəhbəri vurğulayıb ki, rəsmi Bakının Qafqazla bağlı yanaşması, baxışı inteqrasiya, əməkdaşlıqdır. Azərbaycan artıq bir neçə dəfə buna başlamaq, ilk addımı atmaq üçün təkliflər verib: “Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsi təklif olunur. 

Biz bu məsələni gürcü həmkarlarımızla məsləhətləşmişik. Gürcüstan hökuməti də Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün təşkili və bu dialoqun başlanması ideyasını dəstəkləyir. Təəssüf ki, Ermənistan imtina edir, bunun səbəbini bilmirəm, heç bir məntiqli izahat tapa bilmirəm”. Dövlət başçısı oxşar cəhdlərin bəzi Avropa institutları tərəfindən də edildiyini diqqətə çatdırıb: “Yenə də imtina olub. 

Əgər Ermənistan Cənubi Qafqazda sülhün olmasını istəmirsə, onda bir sual meydana çıxır, onlar nə istəyir? Əgər onlar növbəti müharibə istəsələr, bu, onlar üçün fəlakət olacaq və bunu aydın başa düşürlər. Düşünürəm ki, Ermənistandakı hakimiyyət və revanşist qüvvələr açıq şəkildə anlayır ki, bu, dövlətçiliyin sonu olacaq. Ona görə də mən hesab edirəm ki, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər”. Prezident növbəti dəfə Ermənistana xəbərdarlıq edib: 

“Düşünürük ki, Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına, o cümlədən kommunikasiyaların açılmasına əməl edəcək. Təəssüf ki, Ermənistan kapitulyasiya aktına imza atmasına baxmayaraq, bir il yarımdan çoxdur heç nə dəyişməyib. Bu, qəbuledilməzdir. Əvvəla, bu, regionda disbalans yaradır. Çünki həmin Bəyanatın əsasında Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib. Bir il yarımdır ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq”. 

Ölkə başçısının diqqət çəkdiyi məsələni və İrəvanın sərgilədiyi mövqeyi “Şərq”ə dəyərləndirən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, hazırda Ermənistanda gedən bütün proseslər Laçında yeni dəhliz-yolun iyul ayının 1-dən etibarən Azərbaycanın nəzarətinə keçəcəyi ilə əlaqədardır. Ekspert vurğulayıb ki, bu məsələ Ermənistan daxilində Baş nazir Nikol Paşinyan əleyhinə narazılıq və etiraz formalaşdırır:

 “Azərbaycan tərəfi Laçın şəhəri ətrafındakı yolun 2022-ci ilin iyulunda hazır olacağını açıqlayıb. Bu, Laçın şəhərinin mərkəzindən yan keçən avtomobil yoludur. Paşinyanın əleyhdarlarının, revanşistlərin, separatçıların, həmçinin, onlardan faydalanan xarici qüvvələrin yeganə məqsədi Laçın prosesini əngəlləməkdir. Bu prosesin əngəllənməsi isə İrəvanın üzərinə götürdüyü öhdəlikdən imtinası və Ermənistanın növbəti dəfə cəzalandırılması deməkdir. 

Paşinyan sonuncu çıxışında deyib ki, “Azərbaycansız Qarabağın “status” məsələsini müzakirə etmək qeyri-mümkündür”. Bununla paralel Azərbaycan Prezidentinin Ermənistanın başqa yolunun olmadığına və öhdəliklərinə əməl etməyə məcbur olduğuna diqqət çəkməsi ümumi prosesin məntiqi davamıdır. Qətiyyən bu proseslərdən geri durmaq lazım deyil. 

Ermənistan məsuliyyətini anlayaraq üzərinə düşəni icra etməlidir və edəcək. Yenə deyirəm, hazırda Ermənistanın siyasi-ictimai dairələri Laçın dəhlizinə fokuslanıb. Bütün siyasi oyunlar bunun üzərindən cərəyan edir. Çünki Laçın prosesi bundan sonrakı yol xəritələrinin aydınlaşmasına şərait yaradacaq. Ona görə də iyul ayının əvvəlini gözləməliyik”.