BP: "İşçilərimiz il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər"

"Enerji sektoru kiberhücumlara ən çox məruz qalan 3-cü sektordur". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Konfrasında şirkətin vitse prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

O,  əlavə edib ki, neft-qaz sektorunda proseslər kifayət qədər rəqəmsal müstəviyə keçib. Bu gün bizim platformalarımız qurudan tam şəkildə, effektiv idarə edilir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri də daxil olmaqla bizim kəmərlər sistemi qurudan və Səngəçal terminalından idarə olunur. Məsələn, boru kəmərinin hansı hissəsində nə qədər neftin olması, axın sürəti, kompressor stansiyalarındakı əməliyyatlar burdan Ceyhana qədər Səngəçal terminalındakı komanda otağından idarə olunur. Bunlar hamısı bizim işimizi kifayət qədər asanlaşdırır, amma, eyni zamanda, kiber təhdidlərə yol açır. Bu gün Azərbaycanın neft-qaz infrastrukturuna zərər vurmaq üçün fiziki xətər yetirməkdənsə kiberhücum vasitəsi ilə bayaq dediyim əməliyyat idarəetmə sistemlərinə müdaxilə edə, boru kəmərinə neft-qazı buraxa, sürəti və temperaturu artıra bilərsiniz və məsələ həll olunur. Bu, dediyim qədər rahat deyil, amma ən azından mümkündür. Mümkün olduğu üçün də həmin rəqəmsal vasitələrin tətbiq olunması eyni zamanda bizim sənayedə də ciddi kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsini zəruri edir. Bizim sektor üçün HSE deyilən əməyin təhlükəsizliyi vacib məsələdir. Azərbaycanda fəaliyyətimizin ilk illərində əfsanələr dolaşırdı ki, BP-də filan işlər görürlər və s. Həmin addımlar o dövrün düşüncəsi ilə maraqlı görünsə də, artıq bir sıra yerli şirkətlərdə həmin təhlükəsizlik qaydaları tətbiq olunur. Yəni, HSE mədəniyyəti bizim sektordan kənarda da uğurla tətbiq edilir. Bizim qarşımızda duran məsələ məhz kibertəhlükəsizliyi əməyin təhlükəsizliyi səviyyəsində tətbiq etməkdir".