Tamamilə haqlısınız, cənab Prezident!

“Son iki il göstərdi ki, müstəqil, qalib xalq olaraq, qürurla yaşamaqdan böyük xoşbəxtlik ola bilməz”

  Prezident İlham Əliyev sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışında iştirak etdi. Dövlət başçısı Vətən müharibəsindəki qələbədən, tarixi qələbəmizdə şəhidlərin rolundan, Qarabağda aparılan quruculuq işlərindən danışdı. Ölkə başçısı bildirdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu: "Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. 

Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq". Vətən müharibəsi zamanı ilk şəhidləri verdiyimiz yerdə xatirə abidəsinin ucaldılması xüsusilə anlamlıdır. Bu həm də Qarabağ uğrunda canını qurban verən Azərbaycan oğlullarına Prezident İlham Əliyevin və xalqımızın böyük ehtiramının göstəricisidir. Ölkə başçısı İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı şəhidləri yad etdi və bildirdi ki, Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilib: "Şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik”.   Prezident çıxışı zamanı abidənin önündə onun ucaldığı yer və Azərbaycan hərbçilərinin qəhrəmanlığı barədə danışıb: "Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”. Ölkə başçısı Qaraxanbəyli kəndində etdiyi çıxış zamanı bildirib ki, bir daha düşmənin başını qaldırmasına imkan verilməyəcək. 

  Prezident eyni zamanda azad olunan ərazilərdə həyata keçirilən quruculuq işləri ilə dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır və biz oranı cənnətə çevirəcəyik. İndi dünya görür ki, torpağın həqiqi sahibi kimlərdir. Dövlət başçısı hələ 2020-ci ilin noyabr ayında həmin ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılması məqsədilə Əlaqələndirmə Qərargahı yaradılması barədə sərəncam imzalayıb. Həmin qərargah səmərəli və məqsədyönlü fəaliyyət göstərir. Prezident ötən dövr ərzində işğaldan azad olunmuş ərazilərin inzibati xəritəsinə də ciddi dəyişikliklər edib. Məsələn, dövlət başçısının 7 iyul 2021-ci ildə imzaladığı fərmanla həm Dağlıq Qarabağ iqtisadi rayonu, həm də "Dağlıq Qarabağ ifadəsini tarixin arxivinə atıb, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasının yaradıb. Bu iqtisadi rayonların yaradılması isə həm bölgənin inkişafına, gələcək hədəflərimizə doğru uğurla irəliləməyimizə, həm də siyasi təsir imkanlarımızı artırmağımıza şərait yaradır.   Prezidentin imzaladığı sərəncam və fərmanlar erməni vandallarının işğal zamanı xaraba qoyduqları yaşayış məntəqələrinin bərpası, sosial-iqtisadi dirçəlişi baxımından mühüm önəm daşıyır. 

Aparılan sistemli quruculuq işlərinin məntiqi nəticəsidir ki, artıq Qarabağa "Böyük Qayıdış"a da start verilib. 19 iyul 2022-ci il tarixində Zəngilanın Ağalı kəndinə 201 ailə köçürülüb. Dövlət başçısı Zəngilan və Laçın hava limanlarının, Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir və avtomobil yollarının tikintisinə özü şəxsən nəzarət edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda tam fərqli mənzərə hökm sürür. Ölkəmizdə həm siyasi, həm hərbi, həm də iqtisadi stabillik təmin olunur. Müşahidələr göstərir ki, müharibə Azərbaycanın iqtisadi vəziyyətinə ciddi təsir göstərməyib. Əlbəttə ki, bunun əsas səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi dəqiq iqtisadi strategiyadır. Azərbaycanın iqtisadi və siyasi təlatümlərə cavab verən iqtisadiyyatı, maliyyə sistemi Qarabağın minalardan təmizlənməsi və bərpası üçün lazım olan vəsaitin tez bir zamanda əldə olunmasına da imkan verir. Eyni zamanda, Prezident İlham Əliyevin xüsusi səyləri ilə işğaldan azad olunmuş ərazilərimizin bərpasına xarici sərmayələrin qoyulmasına da imkan yaradılıb. Bu isə yeni maliyyə mənbələri deməkdir. Bütün bu işlər heç şübhəsiz, Prezidentin tətbiq etdiyi dayanıqlı iqtisadi modelə söykənir. Təbii ki, ötən dövr ərzində dayanıqlı iqtisadi model qurulmasaydı, Qarabağın inşası üçün belə münbit maliyyə mühiti yaranmayacaqdı. 

  Prezidentin Füzulidən verdiyi bəyanatlarda bir nüans xüsusi diqqət çəkdi. Ali Baş Komandanın açıqlamasından aydın oldu ki, Azərbaycanın dövlət başçısı Ermənistanın baş nazirinin son iki ildə bacarmadığı missiyanı da öz üzərinə götürüb. Yəni Azərbaycan Prezidenti Bakı və İrəvan arasındakı sülh prosesini sürətləndirmək üçün erməni xalqını da sülhə hazırlayır. Amma bu sülhə hazırlama prosesi ermənilərin başa düşdüyü dillə gerçəkləşdirilir. Görünən odur ki, hələ bir müddət proses bu cür davam edəcək. 

  Millət vəkili Nəsib Məhəməliyev deyib ki, abidənin önündə çıxış edən ölkə başçısı, Vətən torpaqlarının azad olunması əməliyyatlarının buradan başlandığını və 44 gün ərzində Qəhrəman Ordumuzun bir dəfə də olsun geri çəkilmədiyini xatırlatdı. Deputat qeyd edib ki, Prezidentin çıxışları, səsləndirdiyi fikirlərin hər biri ölkəmiz, onun təhlükəsizliyinin qorunması, gələcəyi ilə bağlı xüsusi məna kəsb edir: "Dövlət başçısı bildirdi ki, bu tarixi hadisələrin həm şahidləri, həm də iştirakçıları olduğumuz üçün çox xoşbəxtik. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Tamamilə haqlısınız, cənab Prezident! Son iki il göstərdi ki, müstəqil, qalib xalq olaraq, qürurla yaşamaqdan böyük xoşbəxtlik ola bilməz. Dünyada olduqca mürəkkəb və ziddiyətli proseslər gedir. Rusiya, İran kimi ölkələr çalxalanır. Autsayder Ermənistan başını itirib. Nə etdiyini, anlamır, özünə yeni sahib axtarışındadır, psixoz vəziyyətindən çıxa bilmir. Həmçinin, qardaş Türkiyənin ətrafında müxtəlif oyunlar oynanılır. Əfsuslar olsun ki, ölkə daxilində, hələ də düşmənin dəyirmanına su tökən, ən yüksək səviyyədə Ermənistana hərbi, siyasi, iqtisadi dəstək verən iranpərəstlərin də gözləri açılmır. Sivil dünyanın nifrət etdiyi molla rejiminin insanlığa zidd davranışları yerli "nağılbazlar" tərəfindən təşviq olunur. Bütün bunlara rəğmən, Azərbaycan cənab prezidentin rəhbərliyi altında hər baxımdan güclü, qüdrətli və stabil ölkədir".