Sülhə doğru növbəti addım...- Soçi görüşü Bakı üçün uğurlu oldu!



Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdi
  Oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşü baş tutdu. 3 saat davam edən görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilmişdi. Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilib. Ermənistanın böyük ümid bəslədiyi Soçi görüşü bu dəfə də ermənilər üçün uğursuz oldu. Üçtərəfli görüşdən əvvəl prezidentlər Vladimir Putin və İlham Əliyevin keçirdikləri təkbətək görüşdə artıq görüşün taleyi həll olunmuşdu. Dövlət başçısı ikitərəfli görüşdə Azərbaycanın mövqeyini qəti şəkildə bildirdi - “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan, burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur”.
  Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də Azərbaycan diktə edən tərəf oldu. Baxmayaraq ki, Ermənistan rəhbərliyi bu görüşə “xüsusi hazırlıq” görmüşdü, yenə də bütün cəhdləri fiaskoya uğradı.
  Soçidə liderlərin üçtərəfli görüşünün yekunları ilə bağlı Soçi bəyanatı qəbul olundu. İrəvanla Bakı arasında sülh müqaviləsinin əsasını təşkil edəcək sənəddə Qarabağla bağlı bir söz belə yer almadı: "Biz Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2022-ci il oktyabrın 31-də Soçidə görüşdük və 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrasını müzakirə etdik. Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq". Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilir. Onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində vacibliyi vurğulanır: "Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıq". Bununla yanaşı, bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi bildirilib. Tərəflər arasında mövcud imkanlar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün müsbət atmosferin yaradılmasının, üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər.
  Rusiya dövlət başçısı V.Putin vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər. O qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək: "Bizim ümumi fikrimizə görə, bu, faydalı görüş oldu. Fikrimcə, bu görüş gələcəkdə bir sıra prinsipial məsələlərin həlli üçün yaxşı atmosfer yaratdı. Bu gün biz birgə bəyanatı razılaşdırdıq. Açıq deməliyəm ki, hər şey razılaşdırılmayıb”.
  Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, forma baxımından üçtərəfli görüşlərdə nəhayət ki, "yamuk" masadan "dəyirmi masa"ya keçid oldu. Analitikin sözlərinə görə, öncəki görüşlərdə istifadə olunan masa Rusiyanın məsələyə dair uzun illər davam edən yanaşması kimi qüsurlu formada idi: "Ümid edirik ki, bir daha o formada olan masada görüş keçirilməz. Mahiyyət baxımından öncəkilərdən fərqli olaraq budəfəki görüşdən sonra sadəcə Vladimir Putin danışdı. Ermənistan nümayəndə heyəti ilə və sonra Nikol Paşinyanla, ardınca Azərbaycan nümayəndə heyəti ilə və sonra dövlət başçısı İlham Əliyevlə görüşdüklərini, daha sonra isə sadəcə üç liderin iştirakı ilə keçirilən görüşün 2 saatdan artıq çəkdiyini, öncədən ekspert səviyyəsində razılaşdırılmış mətndə dəyişikliklər edildiyini açıqladı. Putin normallaşmanın regionun bütün ölkələrini və xalqlarını əhatə etməli olduğunu bildirdi. Burada Türkiyənin təklif etdiyi 3+3 modelinin nəzərdə tutulduğu, yoxsa sətiraltı başqa mənada işlədildiyi tam aydın olmadı. Son təxribatlara görə, Azərbaycan cəmiyyətinin müəyyən hissəsində bu görüşlə bağlı narahatlıq var idi. Amma Prezident İlham Əliyevin Vladimir Putinlə ilk görüşdəki açıqlamaları həmin təbəqəni də əsasən rahatlaşdırmışdı. Açıqlanan birgə bəyanatda Azərbaycanı narahat edən, Ermənistan tərəfinin gözləntilərini ifadə edən hər hansı məqama yer verilmədi. Eyni şəkildə Azərbaycanın gözləntisinin əksinə olaraq kommunikasiya xətlərinin açılması ilə bağlı məqama da toxunulmadı. Yenilik demək olar ki, yox idi. Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi məqamlar yenidən vurğulandı. Ümumi götürəndə üçtərəfli bəyanatı son günlərin gərginliyi və təzyiqli atmosferi fonunda Azərbaycan üçün uğurlu saymaq olar. Amma təbii ki, bəyanatdan daha vacibi detallarını bilmədiyimiz 3 lider arasındakı qapalı 2 saatdan artıq davam edən görüşdür. Ondan daha vacibi isə 44 günlük müharibədə başlayan xətti qorumaq və sülh prosesini mümkün qədər tez yekunlaşdırmaqdır".
  Millət vəkili Ceyhun Məmmədov da "Sherg.az"a bildirib ki, Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdi. Deputatın sözlərinə görə, görüşün çətin keçəcəyi ilə bağlı əvvəlcədən müxtəlif proqnozlar verirdilər: "Azərbaycan cəmiyyətində də təbii olaraq müəyyən narahatlıqlar müşahidə olunurdu. Rusiya və Ermənistan rəsmilərinin görüş qabağı bütün bəyanatlarına, Ermənistanın təxribat və pozuculuq cəhdlərinə baxmayaraq Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi. Keçmiş münaqişənin iki il bundan əvvəl həll olunduğunu açıq və qəti şəkildə təkrarladı. Heç şübhəsiz ki, görüş ərəfəsində Paşinyanın və Qarabağ separatçılarının başçılarının verdiyi açıqlamalar, təşkil etdikləri mitinq təsadüfi deyildi. Onlar bu addımlarla müəyyən mesajlar verərək Azərbaycana təsir edəcəklərini düşünürdülər. Qeyd etmək lazımdır ki, Paşinyanın bütün təxribat və cəhdlərinə baxmayaraq Soçi görüşündə imzalanan yekun bəyanatda Qarabağla bağlı Ermənistanın istədiyi formada heç bir bənd öz əksini tapmadı. Qarabağ və orada yaşayan erməni əhalinin “statusu”ndan bəhs olunmadı. Bu isə öz növbəsində Qarabağla bağlı bütün məsələlərin Azərbaycanın daxili işi olduğu anlamına gəlir.
  Ermənistan, eləcə də Qarabağdakı separatçılar anlamalıdırlar ki, bütün təzyiq və təxribat cəhdlərinə baxmayaraq Azərbaycan Qarabağla bağlı niyyət və məqsədindən bir addım da geri dönməyəcək. Ermənistan vaxt itirmədən konstruktiv mövqe nümayiş etdirməli, 9-10 noyabr razılaşmasına əməl etməli, öz qeyri-qanuni hərbi silahlı birləşmələrini Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizinin açılmasını təmin etməli, bölgəyə sülhün gəlməsinə mane olmamalıdır".