QHT-lərin problemləri başından aşır...


Novella Cəfəroğlu: "Qanunları qəbul edəndə millətin yanında olmaq lazımdır"
"Ölkədən çıxarılmış xarici fondlardan maliyyələşənlər bu gün ermənidən daha kəskin çıxışlar edir"
  Dünən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə “Parlament-QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda iclas keçirilib. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli QHT-lərlə görüşlərin, müzakirələrin faydalı olduğunu bildirib. O, geosiyasi vəziyyətdən danışaraq, həmrəy olmağın vacibliyini vurğulayıb. Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın regionda yeni reallıqlar yaratdığını qeyd edib. QHT-lərin fəaliyyətindən və vaxtilə bu sahədə müəyyən nöqsanların mövcudluğundan danışan Fəzail İbrahimli bildirib ki, "QHT-lər haqqında" qanun qəbul edildikdən sonra Azərbaycan qanunvericiliyində bu sahədə tənzimləmə təmin olunub. Azərbaycanın sabitliyin, təhlükəsizliyin bərqərar edildiyi bir ölkə olduğunu vurğulayan komitə sədri qeyd edib ki, hər birimiz bütün gücümüzlə, birliyimizlə dövlətimizə, dövlətçiliyimizə xidmət edirik.
  İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev çıxış edərək parlament-QHT əməkdaşlığı mövzusunda müzakirələrin səmərəli olacağına inamını ifadə edib. Bu sahədə dövlətin yürütdüyü siyasət və gördüyü işlərin təqdirəlayiq olduğunu söyləyib. Bildirib ki, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ölkəmizin maraqlarının dünyada qorunması məsələsində daha fəal olmalıdırlar.
İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli hesab edir ki, Azərbaycanda ayrı-seçkiliklə bağlı qanunun qəbuluna ehtiyac var. Onun sözlərinə görə, yerli universitetlərin nüfuzunun artırılması üçün də addımlar atılmalıdır: “Təklif edirəm qırmızı diplomla yerli universiteti bitirənlər imtahansız işə qəbul olsunlar. Artıq cəmiyyətdə elə fikir formalaşıb ki, ancaq xaricdə təhsil alan gənclərə yaşıl işıqdır. Yerli universitetlərlə bağlı stimulu artırmalıyıq”.
  Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli televiziya verilişlərində iştirak edən QHT ekspertlərinə qonorar verilməsini, az ödənişlə QHT-lərin ofislə təminatına şərait yaradılmasını, kiçik qrantlar zamanı məcburi dövlət sosial sığorta haqqının tutulmamasını təklif edib.
  “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli "Sherg.az"a deyib ki, “I Qarabağ müharibəsi əlilləri var ki, uzun müddət əlil arabasında yaşayıb: “Onlara baxan həyat yoldaşları var. O xanımların 65 yaşı olmasa, dünyasını dəyişən qazinin pensiyasını onlara vermirlər. O xanımlar ömrünü həmin qazilərə baxmaqla keçiriblər, ingilis dili bilmirlər, necə dolansınlar?! Digər tərəfdən, qanun Milli Qəhrəmanın övladını təhsil haqqından azad etmir, əlilin, qazinin və şəhidin övladlarını təhsil haqqından azad edir. Amma qanun əlilin özünü təhsil haqqından azad etmir. Bizim Silahlı Qüvvələrimiz Türkiyə modelinə keçir. Türkiyədə bu məsələlər çox gözəl tənzimlənir. Biz Silahlı Qüvvələrdə Türkiyə modelini seçiriksə, əlil və zabitlərə, şəhid ailələrinə münasibətdə də Türkiyə modelini seçməliyik. Səbuhi Əhmədovun təcrübəsinə baxaq. Şəhid qardaşına şəhid ailəsi statusu tanınmadı. Qanuna dəyişiklik edilməlidir ki, əgər şəhidin ata-anası yoxdursa, onun qardaş və bacılarına bu status tanınsın”.
  Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib ki, ölkədən çıxarılmış xarici fondlardan maliyyələşənlər bu gün ermənidən daha kəskin çıxışlar edir: "Bu gün deyirlər ki, QHT-lərə dəstək verən xarici fondları ölkədən çıxarıblar. Amma o fondlar bu gün ölkədə işləyir”. N.Cəfəroğlu bildirib ki, həmin fondlardan onlara gələn pul kəsilsə də, dövlətin əleyhinə olanlarla o fondlar bu gün çox yaxşı işləyir: “Milyonlarla pul ayırırlar. Həmin fondlardan maliyyələşənlər bu gün beynəlxalq qurumlarda ermənidən daha kəskin çıxışlar edirlər. Qanuna dəyişikliyə görə, bu gün bizim ABŞ-la əlaqəmiz qalmayıb. Qanunları qəbul edəndə millətin yanında olmaq lazımdır. Bu gün Prezident deyir ki, hər bir azərbaycanlının yanındadır. Xahiş edirəm, siz də qanunları qəbul edəndə millətin yanında olun”. Novella Cəfəroğlu “Qazilər haqqında” qanunun qəbul edilməsini təklif edib. O bildirib ki, bu gün bədənində qəlpə olan qazilərə əlillik verilmir: “Qanunda bunu dəyişmək lazımdır. Qanunları qəbul edəndə qazi məsələsinə xüsusi diqqət etmək lazımdır. İsraildə əsgərliyə gedən oğlanları və qızları 3 il pulsuz oxudurlar. İsraildə yaralanan əsgərlərə isə ömrünün axırına kimi pensiya verirlər. Bu təcrübələr öyrənilməlidir. Qazilər bizim üçün şərəfdir. Qanun qəbul edəndə onları nəzərə almaq lazımdır”.
  İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev QHT-hökumət əməkdaşlığına diqqətin artırılmasın vacib sayıb.
Azay Quliyev bildirib ki, Milli Məclis QHT-lərdən digər qanunlarla bağlı təklifləri dinləməyə hazırdır.