Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.
“Report” xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
İclasda TDT-yə üzv ölkələrin liderlərinin sabah, noyabrın 11-də Səmərqənddə keçiriləcək zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.
Qeyd edək ki, TDT liderlərinin sammitində təşkilatın gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olunacaq.
Həmçinin toplantıda 2009-cu il oktyabrın 3-də TDT-nin Naxçıvanda keçirilmiş iclasından sonra qəbul olunmuş sənədə düzəlişlər edilməsi nəzərdə tutulur.
Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Türk Dünyasının ali medalı" və Özbəkistanın Milli medalı təqdim olunacaq.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.