27 Sentyabr - İkinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına döyüşən, torpaqlarımızın azadlığı uğrunda savaşan, xalqın igidlik səlnaməsini canı ilə qazanıb, qanı ilə yazan şəhidlərimizin Anım Günüdür.
Millətimizin tarixinə yazılan, 30 illik işğala son qoyan 44 günlük Vətən savaşının başlamasından 3 il keçir. Şəhidlərimizi rəhmət və qürurla anıb, qazilərimizi yada salırıq...
Qarabağ qazisi Kamil Musavi "Sherg.az"a açıqlamasında bildirib ki, 2-ci Qarabağ müharibəsindən sonrakı hər günü Zəfər Günü kimi qiymətləndirir:
"Torpaqlarımızın bir qarışının belə qayıtması bizim üçün tarixi bir andır. Hər bir çıxışımda vurğulamışam ki, müharibə olan yerdə itki qaçılmazdır. Ali Baş Komandanımızın uğurlu siyasəti, müzəffər ordumuzun gücü ilə bir daha uğur qazandıq. Daim bir məqsəd uğrunda çalışdıq ki, torpaqlarımızın bütövlüyü təmin olunsun. Şəhidlərimizə Allahdan rəhmət, qazi qardaşlarımıza şəfa diləyirəm. Rəbbim şanlı ordumuzu qorusun".
Qarabağ qazisi Natiq Mehdiyev də 27 sentyabrın önəmindən danışıb:
"Hərbçi olduğum üçün məndə digərlərinə nisbətən hisslər tamam fərqlidir. Qisasla böyümüşəm, qisasla döyüşmüşəm və qisasla da yaşayıram! Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz vurulanda yox, unudulanda ölürlər. Gəlin, heç vaxt şəhidlərimizi ölməyə qoymayaq. Yaddaşdan heç vaxt silinməyəcək günlər yaşamışıq".