Ayasofya təhlükədədir: Həddindən artıq ziyarətçi axını

Yüzillər ərzində tunellərdə aşınma prosesi gedib

  İstanbulun rəmzlərindən biri olan Ayasofyanın təhlükə altında olması barədə yayılan xəbərlər narahatlıq doğurur. Buna səbəb məşhur tarixçi alim, professor İlber Ortaylının “Ayasofyanın həddindən artıq ziyarətçi qəbul etməsi onu çökdürə bilər”, açıqlamasıdır. İ.Ortaylı bu narahatlığına Ayasofyanın altından tunellərin keçməsiylə əsaslandırmağa çalışıb və deyib ki, rütubət, qrunt suları tikiliyə böyük təhlükə yaradır. Buna görə də Ayasofya böyük ağırlıqda çəkini daşımaq gücündə deyil. “Sherg.az" “Milliyet.com.tr”yə istinadən bildirir ki, alimin bu açıqlaması “Ayasofya nə qədər güvənlidir, nə qədər möhkəmdir” şübhələrinə rəvac verib. Professor Hasan Fırat Dikər şübhələrə aydınlıq gətirməyə çalışıb. Alim qeyd edib ki, Ayasofya, bir qaya parçasının üzərində, 2 metr yüksəkliyindəki təməl divarının üzərində yüksəlir. Tikili iç və çöl tərəfdən də möhkəm çəmbərlə əhatələnib. Yeraltı tunellər də tikilinin möhkəmliyini təmin etmək məqsədilə inşa edilib. Yeraltı tunellər yağış sularının toplanması və havalandırma üçün də istifadə edilib. Lakin yeraltı tikililərlə bağlı mütləq bərpa işləri aparılmalıdır. Çünki yüzillər ərzində tunellərdə aşınma prosesi gedib. Ayasofyanın cami kimi fəaliyyət göstərməsinə qərar verildikdən sonra təbii olaraq ziyarətçi sayı artıb. Ziyarətçilərə ciddi nəzarət etmək də mümkün deyil. İnsanlar ibadətə gəlir. Amma bu tarixi abidəni qorumaq üçün mütləq ciddi nəzarət sistemi yaradılmalı, ziyarətçilərin abidəyə istəmədən zərər vura bilməsinin qarşısı alınmalıdır.