Bütün bölgələrə qayıdış olacaqmı?

Şəhərləşmənin qarşısını almaq mümkün deyil

On illərdir Bakıya axın edən əhalinin regionlara qayıdışını təmin edə bilmirik

  “Azərbaycanda "Böyük Qayıdış" yalnız işğaldan azad edilmiş ərazilərə deyil, bütün bölgələrimizə qayıdışı ehtiva etməlidir”.
Bunu Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
  Komitə sədri bildirib ki, bütün regionlara vətəndaşlarımızın qayıdışı təmin olunmalıdır: “Bölgələrdə demoqrafik balans pozulub. Hökumət böyük şəhər siyasətini işə salmalıdır. Türkiyədə şəhərləşmə siyasəti var, bu, bizdə də olmalıdır. Vətəndaş bütün təminatı bölgələrdə almalıdır ki, Bakıya üz tutmağı dayandırsın".
  Millət vəkilinin sözlərinə görə, Abşeron rayonunda əhalinin sıxlığı o qədər çoxdur ki, 216 min nəfər qeydiyyatdan kənar orada məskunlaşıb. Bu, özünü məktəblərin vəziyyətində də göstərir: “Məsələn, Naxçıvanda bir məktəbdə təhsil alan şagirdlərin sayı nəzərdə tutulandan 35 faiz azdırsa və bu, 100-120 min insanın ordan çıxıb getməyi deməkdirsə, Abşeronda bu sahədə vəziyyət tam əksinədir. 1 380 yerlik məktəbdə 6 177 şagird təhsil alır. Təsəvvür edin ki, bu, təhsil sistemi üçün nə cür yüklənmədir və bölgənin demoqrafik balansının pozulmasıdır".
  Aydın məsələdir ki, şəhərləşmə-urbanizasiya sənayenin inkişafı ilə birlikdə bütün dünyanın üzləşdiyi problemdir. Lakin əksər dünya ölkələrindən fərqli olaraq Azərbaycanda urbanizasiya əhalinin kəndlərdən bütün şəhərlərə deyil, yalnız bir şəhərə – Bakıya axını ilə müşayiət olunur.
  Qeyd edək ki, son 20 ildə regionların sosial-iqtisadi inkişafına həsr olunmuş 4 dövlət proqramı qəbul olunub və bu proqramlar üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov konfransların birində deyib. İqtisadiyyat nazirinin səsləndirdiyi rəqəmlər regionların inkişafına külli miqdarda vəsaitin sərf olunmasından xəbər verir. Bu xərcləmələrə rəğmən region insanı kütləvi şəkildə paytaxta, ən pis halda Abşeron yarımadasına köçür. Bakı ətrafında regionlardan gələn insanlar tərəfindən yüz minlərlə evdən ibarət onlarla böyük yaşayış məntəqələri salınıb, bu proses hələ də davam edir.
  Ekspertlər isə hesab edir ki, əhalinin regionlardan Bakıya, eləcə də ölkədən xaricə kütləvi axınının əsas səbəbi qazanmaq imkanının – iş yerlərinin olmamasıdır. Hazırda regionlarda insanların çalışıb davamlı maaş ala biləcəyi özəl müəssisələr barmaqla sayılacaq qədərdir. Rayonlarımızda məşğulluğun təminatında başlıca rol dövlət qurumlarına məxsusdur. Ölkə üzrə əsas sənaye müəssisələri də Bakı və Abşeronda cəmləşib.
  İqtisadçı-ekspert Xalid Kərimli “Sherg.az"a açıqlamasında millət vəkilinin təşəbbüsünün təqdirəlayiq hal olduğunu vurğulayıb, amma fərqli məqamlara diqqət çəkib:

“Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonları mənəvi cəhətdən bizim üçün dəyərli bölgə olsa da, orada sadəcə dağıdılmış torpaqlar, məhv edilmiş infrastruktur qalıb. 30 il ərzində yetişən nəsil isə faktiki o torpaqlardan uzaqlaşıb. Heç bir bağı qalmayıb. Aradan düz bir qərinə zaman keçib, az deyil axı!
Biz düşünürük ki, Ucarda, Şəmkirdə, Yardımlıda edə bilmədiyimiz qayıdış proqramını azad olunmuş torpaqlarda icra edəcəyik və insanlar gedib bu ərazilərdə yaşayıb-yaradacaq, əkib-becərəcək. Halbuki Yardımlının da, Qubanın da qəşəng dağları, ərsarəngiz təbiəti var. Torpağı da ən azı Kəlbəcər, Laçın torpaqları qədər aqrar təsərrüfat, sənaye üçün yararlıdır. İş orasıdır ki, on illərdir adını çəkdiyim və çəkmədiyim digər rayonlarda sosial-iqtisadi inkişafa nail ola, Bakıya axın edən əhalinin regionlara qayıdışını təmin edə bilmirik. İşğaldan azad olunan torpaqlara kütləvi köçə nail ola biləcəyikmi!? Bax, bu məsələ hələ sual altındadır.
  Düzdür, azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma tədbirləri keçirilir. Sahibkarlar, orada yaşayan insanlar üçün güzəştlər edilir. Axı dövlət regionlara on milyardlarla əsaslı vəsaitlər xərcləsə də, regionlarda ciddi problemlər qalmaqdadır. Rayonlarda çoxsaylı dəstək mexanizmləri ilə kənd təsərrüfatı istehsalı subsidiyalaşdırılır. Lakin bütün bu mexanizmlərə rəğmən kənd təsərrüfatı regionlarda əhalinin dayanıqlı gəlir mənbəyi rolunu oynaya bilmir”.
  Ekspert əhalinin regionlardan böyük şəhərə axın etməsinin sadəcə Azərbaycanda yox, dünyada geniş yayılan, trendə çevrilən bir proses olduğunu deyib. Onun sözlərinə görə, şəhərləşmənin qarşısını almaq mümkün deyil. İnzibati yolla bölgələrdən Bakıya üz tutan insanların qarşısını almaq isə heç qanuni də deyil: “Amerikanın 1/3 ərazisində cəmi 6 faiz əhali yaşayır, vətəndaşların əksəriyyəti ölkənin Şərq sahillərində məskunlaşıb. Yəni regionların boşalması bizim üçün əsas problem deyil. Bizim üçün burada problemli məqam rayonları tərk edən insanların məhz Bakıya köçməsi və paytaxtın yüklənməsidir. Şəhərin infrastrukturunda ciddi problemlər var, şəhərsalma siyasəti səhv idarə olunur . Balaca bir ərazini əhatə edən Bakıda çox böyük əhali yaşayır. Şəhəri böyütmək, təsərrüfatın idarəetməsini inkişaf etdirmək lazımdır. Vətəndaşın harada, hansı rayonda yaşamasının heç bir önəmi yoxdur, əsas odur ki, Azərbaycanda yaşasın və rifahı yaxşı olsun!
Biz bu dəqiqə insanların şəhərdən kəndə köçürülməsindən daha çox şəhər infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat problemlərinin həlli istiqamətində real addımlar atmalıyıq. Rayonlarda iş yerləri yoxdur, insanların geri qayıdışını necə stimullaşdıra bilərik!? Hazırda iş yeri açan sahibkarlar diqqətini iki əsas istiqamətə yönəldir. Satış bazarına və resursa yaxın olmalıdır. Sırf xammala resurs kimi baxsaq, onda gərək dənizin ortasında yaşayış məskəni salaq. Ona görə də indiki reallıqda sahibkarlardan Gədəbəydə zavod-fabrik açmağı tələb etmək absurddur. Nəinki alıcı, hətta işçi resursu tapmaq belə çox ciddi problem olacaq. Axı işçi resursu da ən azı xammal qədər əhəmiyyətli məsələdir. Onsuz da bizim ölkədə biznesin ən böyük problemi ixtisaslı kadr çatışmazlığıdır. Bakıda belə bu resursu tapmaq çətindirsə, regionlarda mümkünsüz olacaq”.