Boşanma səbəbləri arasında xəyanət və maddi problemlərin xüsusi çəkisi var

Zorakılıq faktoru əsas amildir

“İnsanlar niyə, hansı səbəbdən boşandığını araşdırmaq üçün keçirilən sorğunun respondentləri mütləq boşanmış insanlar olmalıdır”

Boşanma ilə bağlı iddia qaldıran insanların böyük əksəriyyəti, ən azı 80 faizi məhz qadınlardır

Buna görə də "insanlar niyə boşanır" sualı ilə kişilərə müraciət edəndə obyektiv yox, məhz subyektiv cavabları eşidəcəyik

  2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 16226 boşanma qeydə alınıb. Bu, 2022-ci ilin eyni dövrünə nəzərən 31,3 faiz çoxdur. Dağılan ailələrin günü-gündən artması isə ölkə ictimaiyyətində ciddi narahatlıq doğurur. Hətta zaman-zaman bu mövzuya toxunan dövlət qurumlarının məsul şəxsləri də boşanmaların demoqrafik vəziyyətə mənfi təsir etməsi barədə həyəcan siqnalı çalıb. Sosioloqlara görə, boşanmaların sayının artmasının ən böyük səbəbi insanların məişət problemləri və keçimsizlikdir. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən vətəndaşlar isə boşanmaya əsas kimi fərqli arqumentlər irəli sürüblər. Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi boşanma qərarına gətirən hallar, ailənin möhkəmliyini təmin edən amillər və digər məsələlər ətrafında əhalinin mövqeyini rəy sorğusu əsasında öyrənib. Boşanmanı legitim edən amillər kimi, məhz bu səbəblərə görə boşanma baş verdiyi təqdirdə ictimai qınağın nisbətən az olacağı hallar nəzərdə tutulub.
  Boşanma qərarının verilməsini legitim edən amillər arasında ən yüksək faiz göstəricisi ilə (51,6 faiz) ailədə narkomaniya və alkoqolizm problemi göstərilib. İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3 faiz) qeyd olunub. Cəmiyyətdə məhz deviant hesab olunan davranışların, yəni “ağır” səbəblərin boşanma qərarını legitimləşdirən hallar kimi ən çox seçilməsi boşanma statistikasına baxmayaraq, ailə münasibətlərinin insanlar üçün olduqca əhəmiyyətli olması ilə əlaqəlidir. Növbəti pillələrdə xarakter uyğunsuzluğu (16,4 faiz) və nikahdankənar münasibət (16,4 faiz) cavabları yer alıb.
  Demoqrafik göstəricilərə görə, bölgüdə bir sıra əhəmiyyətli fərqlər üzə çıxıb. Boşanmanı legitimləşdirən hal kimi ailədaxili şiddət və zorakılığı göstərənlər arasında qadınlar kişilərdən daha çoxdur. Belə ki, qadınların 63 faizi, kişilərin 27 faizi belə cavab verib. Bu, zorakılığa həssaslıqda ciddi gender fərqlərinin olmasını nümayiş etdirir. Narkomaniya və alkoqolizmə münasibətdə isə gender fərqləri aşkar olunmur, yəni bu sosial problemlərə qadınlar və kişilər eyni dərəcədə neqativ münasibət bəsləyirlər. Digər mühüm məqam ailədaxili şiddətin qavranılmasında yaş fərqlərinin olmasıdır. Belə ki, bu amilə həssas yanaşanlar daha çox cavan nəslə aid respondentlərdir. Yaşı 35-ə qədər olanların 34 faizi, yaşı 55-dən çox olanların yalnız 20 faizi bu cavabı seçib. Yenə də müqayisə üçün qeyd edə bilərik ki, narkomaniya və alkolqolizmə həssaslıqda yaş qrupları arasında statistik əhəmiyyətli fərq qeydə alınmayıb.
  Cavabların ümumi və demoqrafik bölgülərə əsasən təhlili müasir dövrdə ailənin psixoemosional funksiyasının getdikcə daha çox önəm kəsb etməsi, deviant davranışlar (narkomaniya/alkoqolizm), xüsusilə ailədaxili şiddətə getdikcə daha dözümsüz münasibətin formalaşdığını göstərir.
  Hüquqşünas, mediator Fərhad Mehdiyev isə “Sherg.az"a açıqlamasında deyib ki, sorğunun keçirilməsində məqsədin nə olduğu anlaşılan deyil. Adətən sorğu keçiriləndə ortada konkret bir tədqiqat sualı olur və sorğu da onun əsasında aparılır

 “STM əhalinin mövqeyini rəy sorğusu əsasında öyrənib. Mənim qeyd edəcəklərim isə real boşanma səbəbləridir. Əvvəla onu deyim ki, tədqiqat çox çətin prosesdir. Qoyulan sual, respondent seçimi, cavablar arasındakı əlaqələrin yoxlanılması kifayət qədər məsuliyyətli işdir. Başqa bir qurumun apardığı sorğu ilə bağlı rəy vermək də mübahisə doğura bilər. Mən vaxtaşırı müxtəlif mövzularla bağlı sorğu keçirirəm. Apardığım tədqiqatı araşdırmadan onunla bağlı mənfi rəy verilməsi qıcıq doğura bilər. Ona görə xüsusi qeyd edirəm ki, STM-nin qoyduğu suallar əhalinin düşüncəsinə əsaslanıb. Mən isə real nəticələrdən danışıram. Bir sözlə, onların sorğusunun nəticələrini inkar etmirəm, ola bilsin ki, insanlara görə boşanma üçün başlıca səbəb narkomaniya və alkoloqizmdir. Ümumiyyətlə, bu cür sorğularda “filan şeyə görə boşanaram” cavabı insanların subyektiv düşüncəsidir. Sabah həmin halla qarşılaşsa, əksəriyyəti boşanmayacaq. Eləsi də var heç ağlına gəlməyən bir səbəb başına gəlsə, dərhal boşanmaq üçün məhkəməyə müraciət edər. Elə insanlar var ki, xəyanətlə üzləşsə boşanacağını deyir, amma xəyanətə məruz qalanda boşanmır. Mediasiyaya müraciət edən insanlardan səbəbini soruşuram ki, xəyanətə görəmi? Cavab verirlər ki, əvvəllər xəyanət edib, bağışlamışam. İndi başqa səbəbdən ayrılmaq istəyirəm”.
  F.Mehdiyevin sözlərinə görə, insanlar niyə, hansı səbəbdən boşandığını araşdırmaq üçün keçirilən sorğunun respondentləri mütləq boşanmış insanlar olmalıdır. Eyni zamanda bu cür sorğularda gender balansını gözləmək yerinə daha çox qadınların fikirlərini öyrənmək daha məqbuldur. Çünki məhkəmələrdə boşanma ilə bağlı iddia qaldıran insanların böyük əksəriyyəti, ən azı 80 faizi məhz qadınlardır. Buna görə də "insanlar niyə boşanır" sualı ilə kişilərə müraciət edəndə obyektiv yox, məhz subyektiv cavabları eşidəcəyik.
  Boşanma qərarının verilməsini legitim edən amillər arasında ən yüksək faiz göstəricisi ilə ailədə narkomaniya və alkoqolizm probleminin göstərilməsinə gəldikdə isə mediator deyib ki, bu, əhalinin mülahizəsidir: “Realda isə boşanmaq üçün məhkəməyə və yaxud mediasiyaya müraciət edən şəxslərin çox az bir qismi yoldaşı narkoman və ya spirtli içki aludəçisi olduğu üçün ayrılmaq istədiyini deyir. Demirəm, bu səbəbdən boşanmaq istəyən insanlar yoxdur, var, amma 51 faiz deyil. Əhalinin boşanmaya baxışı ilə real boşanma səbəbi üst-üstə düşmür. Real boşanma səbəbləri arasında xəyanət və maddi problemlərin xüsusi çəkisi var. Zorakılıq faktoru da mühüm amildir. Düzü, bununla bağlı ciddi bir araşdırma aparmadığım üçün faizlərlə ifadə edə bilmirəm. Amma müşahidə etdiyim proseslər fonunda ilkin qənaətim bu cürdür”.