Suvarma kanalları beton və dəmir borulardan təşkil olunmalıdır

Azərbaycanda su itkisi ciddi problemdir

“Yağış, çay sularının yığılmasını təşkil etmək olar. Dağlıq və dağətəyi ərazilərdə kolluqlar, ot örtüyü salınmalı, ağac əkilməli və su anbarları yaradılmalıdır”

  Azərbaycan artıq ümumi su ehtiyatlarının daimi kəsiri ilə üzləşir. Bu, Dünya Bankının Azərbaycanla bağlı rəqəmlərində qeyd olunub.
Proqnozlaşdırılan iqlim dəyişiklikləri əlavə təzyiq amilləri yaradacaq ki, bu da Azərbaycanda yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığının 2051-2060-cı illərədək tədricən, lakin 1995-2014-cü illərin baza səviyyəsindən isə kəskin şəkildə – 30 faizədək azalmasına gətirib çıxaracaq. Kartof, şəkər çuğunduru və meyvələr daha çox təsirə məruz qalacaq.
  Bundan başqa, hesabatda qeyd olunub ki, Azərbaycanın mərkəzi rayonlarındakı əkin sahələrinin çoxu su qıtlığı ilə üzləşəcək. Bərdə, Ağcabədi, Saatlı, Kurdəmir, Biləsuvar, Netfçala, İmişli, Yevlax, Sabirabad və Salyan və dağlıq ərazilərdəki yağışla qidalanan və suvarma sxemləri ilə təchiz edilməyən Qarabağ, Şəki-Zaqatala və Dağlıq Şirvanda bitkilər daha ciddi təsirlərlə üzləşəcək. Ölkənin cənub əraziləri olan Cəlilabad və Masallı da risk altındadır.
  Mütəxəssislərisə hesab edir ki, suvarma metodları dəyişdirilməsə, suvarma kanalları yenilənməsə, su qıtlığı probleminin qarşısını almaq mümkün olmayacaq.
Qeyd olunur ki, Azərbaycanda da əkin sahələrində qənaət rejimi ilə bağlı addımların atılmasına ehtiyac var. Əkin sahələri quraqlıq nəticəsində nəinki az məhsuldarlıq göstərir, hətta bəziləri tamamilə məhv olur.
  İqtisadçı-ekspert Natiq Cəfərli isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan regiondakı mövcud su mənbələrinin sonuncu istifadəçisidir. Kür və Araz çayları digər ölkələrdən keçərkən kifayət qədər istifadə olunur. Bizə daha az istifadə imkanı yaranır: 

“Üstəlik, daxili problemlər də var. Ölkədaxili 40-45 faiz suyu itkiyə verən torpaq suvarma kanalları beton və dəmir borulardan təşkil olunmalıdır. İkinci ciddi problem fermerlər, kəndlilər müasir suvarma sistemlərinə malik deyil. Bu da su itkisidir. İri holdinqlər, sahibkarlar istifadə edir, kəndlilər qalır. Səbəbi suvarma sistemlərinin baha olmasıdır ki, əlçatan deyil. Fermerlərə uzunmüddətli faizsiz kreditlər şəklində müasir suvarma sistemlərinin qurulması üçün dövlət proqramına ehtiyac var. Damcılı, yaxud qənaətli suvarma sistemi qurularsa, kəndlilər üçün həm məhsuldarlığa, həm su itkisinin qarşısının alınmasına effektiv təsir göstərər. Yağış, çay sularının yığılmasını təşkil etmək olar. Dağlıq və dağətəyi ərazilərdə kolluqlar, ot örtüyü salınmalı, ağac əkilməli və su anbarları yaradılmalıdır”.