Gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənclər siyasətində Qərbi Azərbaycana qayıdışın geniş təbliğinin zəruri olduğunu bildirib.
“Report” xəbər verir ki, o, bu barədə Milli Məclidə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə deyib.
Nazir müavini xatırladıb ki, bu gün Azərbaycanda 2 milyon 100 mindən çox gənc var: "Həmin kütlənin apardığı siyasət şüurlu şəkildə dərk edilməli və təbliğ olunmalıdır. Çünki gənclərin bir qismi virtual məkana üz tuturlar. Buna görə də virtual məkanda keçirilən tədbirlərə geniş yer verilməlidir. Eyni zamanda Azərbaycan öz məqsədlərinə çatmaq üçün yalnız hüquqi müstəvidə addımlar atır. Bunu isbat etməyə ehtiyac da yoxdur”.
İ.Hacıyeva vurğulayıb ki, Azərbaycanda gənclər siyasəti hər zaman prioritet olub: "Gənclər bütün dünyada aparıcı qüvvədir və buna görə onların hansı ideyanı, fikri dəstəkləməsindən çox şey asılıdır. Gənclər tarixən önəmli missiyalarda fəallıq göstərib. Gənclər siyasətində Qərbi Azərbaycan torpaqlarına qayıdış geniş şəkildə təbliğ olunmalıdır”.