Ermənistanın böyük miqdarda təzminat ödəməsinə nail olmalıyıq

Mina terroru davam edir

  Şuşada bir nəfər minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd edilib ki, dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Həmin şəxs ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
  Qeyd edək ki, dekabrın 5-də isə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı - 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.
  "Sözügedən ərazilərdə niyə işçilərin təhlükəsizliyi qorunmur" sualı ətrafında müzakirələrə qoşulan ekspertlər isə hesab edir ki, işğaldan azad olunan ərazilərdə qeydə alınan mina terroru ilə bağlı danışan ekspertlər isə hesab edir ki, postmüharibə dövründə bu cür hadisələrin baş verməsi əvvəlcədən proqnozlaşdırılmışdı və gözlənilən idi.
Qeyd edək ki, baş Qərvənd kəndi ərazisində minatəmizləmə prosesi ilə tanış olan minatəmizləmə üzrə türkiyəli ekspert Engin Özdəmir AZƏRTAC-a açıqlamasında deyib ki, burada olan mənzərə o qədər də ürəkaçan deyil. Hər yer dağılmış vəziyyətdədir. Son illər Ağdamda çox gözəl yenidənqurma, tikinti-quruculuq prosesinin getdiyini söyləyən E.Özdəmir deyib ki, bu yerləri təmizləyərək mina bəlasından xilas ola biləcəyimizə ümid edirik.
  Mina terrorunun ölkəmiz üçün ən aktual və təhlükəli məsələ olaraq qaldığını xatırladan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov isə “Sherg.az"a  açıqlamasında deyib ki, müharibə bitsə də, Ermənistan hərbi cinayətini hələ də davam etdirir:

“2020-ci ilin noyabrından, yəni savaş bitəndən bu yana yüzlərlə insan mina partlayışından zərər görüb, onlarla insan həlak olub. Ərazilərimizin böyük hissəsi işğal dövründə minalarla doldurulsa da, üçtərəfli saziş imzalanandan sonra da erməni tərəfi torpaqlarımızda yenidən minalar basdırıb. 2021-ci il Ermənistanda istehsal olunan minaların aşkarlanması bunu isbat edir. 2023-cü ilin 20 sentyabr tarixində ordumuzun həyata keçirdiyi antiterror əməliyatlarına qədər ermənilərin müxtəlif diversiya qrupları işğaldan azad edilmiş ərazilərimizə sızaraq minalar basdırıblar. Mina terroru ermənilərin ən çox ifşa olunması lazım olan məsələdir. Bunu bütün imkanlarımızı səfərbər edərək beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Hüquqi müstəvidə Ermənistanın cəzalandırılmasına, ifşa olunmasına və böyük miqdarda təzminat ödəməsinə nail olmalıyıq. Çünki bu məsələ uzun illər Azərbaycan xalqı üçün problemə çevriləcək. Ərazilərin minalardan tam təmizlənməsi üçün uzun zaman və milyardlarla manat vəsait lazımdır. Dövlətimiz bütün imkanlarını səbərbər edib. 44 günlük Vətən müharibəsini zəfərlə başa çatdıran Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışıdır. Qələbədən dərhal sonra işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgəsində ərazilərin bərpasına və yenidən qurulmasına başlanılıb və planlı şəkildə, ardıcıllıqla həyata keçirilir. Beynəlxalq hava limanları, xəstəxanalar tikilir, yeni yollar çəkilir, körpülər salınır, yeni yaşayış məntəqələri, məktəblər inşa olunur, həmçinin digər zəruri işlər görülür.
  Lakin təəssüfləndirici haldır ki, ərazilərimiz işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa-quruculuq işləri zamanı onlarla dinc sakin mina partlayışından zərər görüb. Bəziləri partlayış nəticəsində həlak olub, bir çoxu da müxtəlif bədən üzvlərini itirib”.