Mina təhlükəsi hamını düşündürməlidir

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Qeyri-hökumət təşkilatlarının üzərinə böyük vəzifə düşür

“Beynəlxalq forumun Ağdamda keçirilməsi təsadüf deyildi. Çünki münaqişə bölgəsində mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş məhz Ağdam ərazisidir”

  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə mina təhlükəsinə həsr olunmuş - “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat" adlı Beynəlxalq Ağdam Forumu keçirilib.
Xaricilərin də qatıldığı tədbirdən əvvəl QHT rəhbərləri ermənilərin saysız-hesabsız minalar basdırdığı ərazilərin müşahidəsini aparıblar. Xarici ekspertlər Ağdamda basdırılan minaların miqyasından dəhşətə gəliblər. Vurğulanıb ki, dünya ictimaiyyəti Ağdamda, o cümlədən digər işğaldan azad edilmiş ərazilərdə minadan təmizlənmə işlərinin sürətləndirilməsi və yaşayışın bərpa edilməsi üçün əlindən gələni etməlidir.
  “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq forumun iştirakçıları adından dünya ictimaiyyətinə müraciət ünvanlanıb: “Biz - “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq forumun iştirakçıları dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamdan beynəlxalq ictimaiyyətə müraciət ünvanlayaraq, mina və PHS-a qarşı mübarizədə daha fəal olmağa çağırış edirik.
  Bakı və Ağdam şəhərlərində 2 gün ərzində keçirilmiş geniş müzakirələr problemin qlobal məzmununu bir daha nümayiş etdirdi. Hazırda dünya xəritəsindəki ölkələrin 3-dən 1-i mina problemindən əziyyət çəkir.
  Humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Azərbaycan Respublikası artıq humanitar minatəmizləməni milli məqsəd kimi müəyyən edib.
Azərbaycan mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr siyahısındadır. İlkin məlumatlara görə, Azərbaycan Respublikası ərazisində 1,5 milyondan çox mina və partlamamış hərbi sursat var.
  2020-ci ildə 44 günlük müharibədən sonra 338 nəfər işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub. Onlardan 65 nəfəri həlak olub, 273 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9 nəfəri uşaq və gənc, 1 nəfəri isə qadındır. 1991-ci ildən ötən dövr ərzində Azərbaycanda minalardan zərərçəkənlərin ümumi sayı 3416 nəfər təşkil edir.
Heç bir halda minadan xəsarət alan şəxslərin pozulmuş insan hüquqları gözardı edilə bilməz. Yaşamaq hüququ insanın ən təbii, fundamental hüquqlarından biridir. Mina problemi bu gün Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərinə bir nömrəli maneədir, yüz minlərlə keçmiş məcburi köçkünün öz evlərinə təhlükəsiz, layiqli şəkildə qayıtmasını məhdudlaşdırır.
  Hazırda Azərbaycan dövləti humanitar minatəmizləmə ilə əlaqədar genişmiqyaslı işlər aparır. Qısa müddətdə xeyli ərazidə təmizləmə işləri yerinə yetirilib.
  Çıxışçılar minanın insanların həyat və sağlamlığına, ümumiyyətlə bəşəriyyətə ciddi təhdidlərindən danışaraq mina və partlamamış hərbi sursatların işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafa törətdiyi maneələrdən söhbət açıblar.
  QHT nümayəndələri qeyd edib ki, Azərbaycan azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda da insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması, bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb. Azad edilmiş ərazilərdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlil qalmasına səbəb olub.
Eyni zamanda bildirilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramının mühüm tərkib hissəsi, onun vacib komponentidir. Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə keçmiş məcburi köçkünlərin davamlı və təhlükəsiz şəkildə köçürülməsi vəzifəsi Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uzlaşır.
  Forumda qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün ANAMA-nın əməkdaşları tərəfindən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və təhlükəli ərazilərdə davranış qaydaları, minaların törətdiyi fəsadlar və psixoloji nəticələri, təhlükəli ərazilərin əlamətləri” adlı təlim keçirilib.
  Sözügedən Forumda iştirak edən "Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım" İctimai Birliyinin sədri Asəf Quliyev “Sherg.az"a açıqlamasında deyib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən beynəlxalq forumun Ağdamda keçirilməsi təsadüf deyildi. Çünki münaqişə bölgəsində mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş məhz Ağdam ərazisidir: 

“Digər tərəfdən isə ərazilərin bərpası ilə bağlı Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş plana əsasən ən irimiqyaslı işlər də məhz Ağdamda reallaşdırılacaq. Ağdam dünən də, bu gün də regionun bağlayıcı məntəqəsidir. Və belə bir məntəqədə görülən işlərə ən ciddi maneə sözsüz ki, mina təhlükəsidir.
  Hazırda azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün müxtəlif dövlət strukturları – ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə yanaşı, qeyri-dövlət strukturları da fəaliyyət göstərir. Qeyri-dövlət orqanları eyni zamanda problemin araşdırılması, insanların maarifləndirilməsi, minadan zərər çəkmiş şəxslərin reabilitasiyası ilə məşğuldur.
Mina hadisəsi təkcə mina partlayışı ilə bitmir. Partlayışdan zərər çəkən şəxslərin problemləri də həll edilməli problemlərdir”.
  A.Quliyevin sözlərinə görə, Azərbaycanın həm dövlət strukturları, həm də qeyri-dövlət strukturları münaqişənin davam etdiyi müddətdə xeyli təcrübə əldə ediblər. Amma eyni zamanda onların beynəlxalq təcrübədən bəhrələnməsi də həmişə prioritet olub. Məhz buna görə də beynəlxalq təcrübənin öyrənilməsi fikir mübadiləsi baxımından bu forum çox əhəmiyyətli idi: “Bu gün ərazilərin minalardan təmizlənməsi davam edir və bu işə yeni qüvvələr qoşulur. Bununla yanaşı, təbliğat və maarifləndirmə işi çox önəmlidir. Statistikaya nəzər yetirin, görün nə qədər insan məhz qaydaları pozaraq həyatlarını təhlükəyə atıb və çox təəssüf ki, onların çoxu dünyasını dəyişib. Və belə hallar hələ də davam edir. Bundan başqa azad olunmuş ərazilərdə sürpriz minalar var. İki gün əvvəl ANAMA əməkdaşları Kərkicahanda uşaq oyuncağına quraşdırılmış partlayıcı qurğu aşkar ediblər.
  Bütün bu problemin cəmiyyətdə qaldırılması sözsüz ki, qeyri-hökumət təşkilatlarının üzərinə düşən vəzifədir. Və bu forum bu problemlərin müzakirəsi və qarşıda duran vəzifələr baxımından çox önəmli oldu”.