Mirzoyanın dediyindən belə çıxır ki, “qız evində toydur, oğlan evinin xəbəri yox” - RƏY

Qranada prinsiplərinin Azərbaycana aidiyyəti yoxdur

  Ermənistan hökumətinin regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında deyib.
  Mirzoyan hesab edir ki, Ermənistan və Azərbaycanın əsirlərin mübadiləsinə dair birgə bəyanatı və Ermənistanın COP29 forumu ilə bağlı razılaşması İrəvanın regionda sülhə nail olmaq əzminin növbəti təzahürü idi. Ermənistanın Xİn başçısı ümid edir ki, bu müsbət siqnaldan sonra Azərbaycan sülh prosesinə sadiq qalacaq.
Onun sözlərinə görə, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində Ermənistan tərəfi Qranadada qəbul edilmiş prinsiplər əsasında irəliləməyə hazırdır. Bu prinsiplər ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması ilə bağlıdır.
Qeyd edək ki, Qranada görüşündə Azərbaycan prezidenti iştirak etməyib və hansı “razılıqdan” söhbət getdiyi bəlli deyil.
  Ölkə Prezidenti İlham Əliyevin iştirak etmədiyi həmin sammitdə Aİ Şurasının prezidenti Ş.Mişel, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan müştərək sənədlər imzalayıb, öz aləmlərində Bakı-İrəvan sülhü üçün “yol xəritəsi” müəyyənləşdiriblər. Bu trayektoriyada başlıca xətti isə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təminatlar təşkil etmişdi. O təminatlar ki, Azərbaycanın bölgə üzərində suverenliyini şübhələndirir və beləliklə, Ermənistanın Qarabağ avantürizminin davamı üçün zəmin formalaşdırırdı. Deməli, Qranadada məqsəd ölkəmizi məsələnin belə şəkillənməsi ilə razı salmaq imiş. Heç şübhəsiz, bu sayaq yolverilməz yanaşma Fransanın irəli sürdüyü “strateji xətdir”. Elə Azərbaycan prezidentinin də Qranadaya getməməsinin səbəblərinə aydınlıq gətirərkən üzərində dayandığı başlıca məqam Parisin ermənipərəstliyi, özünü aşkar tərəf kimi göstərməsidir.
Maraqlıdır, Azərbaycan prezidentinin iştirak etmədiyi bir görüşdə qəbul edilən prinsiplər sülh danışıqlarında müzakirə predmeti ola bilər?
  Millət vəkili Azər Badamov “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dediyi kimi, Ermənistan hökumətinin regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi olsaydı, ilk növbədə 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatda müəyyən olunmuş öhdəlikləri icra edərdi və Azərbaycanla sülh müqaviləsi imzalanması ilə bağlı danışıqları manipulyasiya etməzdi

“Əgər Ermənistana sülh müqaviləsi maraqlı olsaydı, Azərbaycanın 21 sentyabrda göndərdiyi cəmi 20-yə yaxın bənddən ibarət bir sənədin baxılmasına 70 gün sərf etməzdi. Burada hər hansı bir çətin riyazi düsturun həll olunmasından söhbət getmir. Müqavilənin şərtləri məlumdur və 4-5 gündə müzakirə olunaraq qarşı tərəfə ötürülməlidir. Belə olan halda proses sürətlənir və siyasi iradə nümayiş etdiyi bilinir. Yoxsa boş-boşuna siyasi iradə var deməklə məsələləri süni şəkildə uzadılır və sülh müqaviləsi imzalanmır.
  Mirzoyan həm də Qranadada qəbul etdiyi prinsiplər əsasında irəliləməyə hazır olduğunu bildirib. Mirzoyanın dediyindən belə çıxır ki, “qız evində toydur, oğlan evinin xəbəri yox”. Qranadada Azərbaycanın iştirakı olmadan müəyyən olunmuş prinsiplərin ancaq Ermənistan və Fransaya aidiyyəti var. Ona görə də Qranadada qəbul olunmuş prinsip ancaq Fransa tərəfindən Ermənistanın silahlandırılması ilə bağlı ola bilər. Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün prinsiplər müəyyənləşirsə, Fransa ilə yox, Azərbaycanla danışıqlar aparılmalıdır. Ona görə də Qranadada Ermənistanın qəbul etdiyi sənədin Azərbaycanla heç bir bağlılığı yoxdur. Çünki Qranadada Azərbaycan iştirak etməyib və heç bir sənədə imza atmayıb".