Bakı Forumu iqlim dəyişmələri ilə bağlı nəylə yadda qalacaq?

Alternativ enerji məişətə də ayaq açacaq

Azərbaycanın əksər yerlərində elektrik avtomobillərini şarj etmək üçün qurğular istifadəyə veriləcək

“İlk dəfədir ki, Xəzər regionunda belə masştablı tədbirin keçirilməsi ölkəmizin böyük uğurudur”

  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.
  Ekspertlərin fikrincə, sözügedən qərar hər şeydən əvvəl Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Bu isə şübhəsiz ki, ilk növbədə, Azərbaycanın Cənubi Qafqazda ədaləti bərpa etməsi, torpaqlarını işğaldan azad etməsi və uzun illərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması mərhələsinə qədəm qoyması ilə izah olunmalıdır.
Qeyd olunub ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək. Belə düşünmək üçün kifayət qədər əsas verir. Azərbaycanda olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi COP29-a da uğurla ev sahibliyi edəcəyinə şübhə qoymur.
  Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib. Onun fikrincə, ölkəmizin üzərinə çox böyük məsuliyyət düşür. Belə böyük tədbirin keçirilməsi çox məsuliyyətli və çox maraqlı bir proses olacaq. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacağını qeyd edən nazir COP29-a hazırlıq işlərinin artıq başladığını vurğulayaraq deyib: "Prezidentin tapşırığı ilə biz ilin əvvəlində komandanı yaratdıq. Burada müxtəlif təşkilatların üzvləri işləyir. O komanda ciddi bir proqram hazırlayıb”. O qeyd edib ki, Azərbaycan çox mürəkkəb və rəqabətli bir prosesdə uğur qazana bilib.
  Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, ilk dəfədir ki, Xəzər regionunda belə masştablı tədbir olacaq və bütün Xəzəryanı ölkələrin “çörəyi” də ənənəvi enerji istehsalından çıxır: “Ona görə də indidən maraqlı gəlir: görəsən, Bakı Forumu iqlim dəyişmələri ilə bağlı nəylə yadda qalacaq?
  Qeyd edim ki, BMT çətiri altında keçirilən tədbir adətən 2 həftəyə yaxın davam edir və bu tədbirə on minlərlə nümayəndə qatılır. Xeyli təcili görüləsi işlər olacaq - amma hər belə beynəlxalq tədbirdən sonra ölkəmizdə dünyanın inkişaf etmiş ölkələrində olanların bizdə də kütləvi tətbiqinə başlanılır. 2012-də “Eurovision”dan sonra Bakıda kredit kartlardan istifadə kütləviləşdi, 2015-də Avropa Oyunlarından sonra kartla ödənişli CNG avtobusların tətbiqi başladı. İndi isə çox güman, Azərbaycanın əksər yerlərində elektrik avtomobillərini şarj etmək üçün qurğular istifadəyə veriləcək və alternativ enerji məişətə də ayaq açacaq”.
  "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə “Sherg.aza"a açıqlamasında deyib ki, "Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi, heç şübhəsiz ki, ölkəmizin böyük bir uğurudur. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur:

“Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı beynəlxalq səylərə qoşulmaqla və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. Məlumdur ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəfdar çıxmaqla kürəsəl iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Artıq tədbirin gələn il Azərbaycanda keçirilməsinə qərar verilib”.
  E.Cəfərlinin sözlərinə görə, ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir: “Ölkəmizin işğaldan azad edilmiş torpaqları "Yaşıl enerji" zonası elan edilib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur".