Gənclik yeni yanaşma, yeni ideya deməkdir

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Onların İKT sahəsində təşəbbüs və təkliflərinin stimullaşdırılması üçün motivasiya olmalıdır

  İnformasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi müasir dünyada effektiv və sürətli inkişafın optimal yolu kimi qəbul edilir. Hətta planetimizdə bütün qabaqcıl infrastruktur və istehsal-xidmət sahələri informasiya texnologiyaları vasitəsilə idarə olunur və bu tendensiya daha da artır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı kibercinayətkarlığın meydana gəlməsinə və gündən-günə artmasına gətirib çıxarır. Ölkəmizdə informasiya kommunikasiyası texnologiyalarının (İKT) geniş tətbiqi bu sahədə davamlı kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsini gündəmə gətirib.
Bu sahədə hüquqi bazanın formalaşdırılması istiqamətində Azərbaycan beynəlxalq konvensiya və proqramlara qoşulub, daxili qanunvericilik bazasını daha da təkmilləşdirib. Bu gün kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm prioritet istiqamətlərdən biri kimi dəyərləndirilir. Bu sahədə effektiv beynəlxalq əməkdaşlıq, çoxtərəfli dialoqun nailiyyəti, uğurlu qərarların qəbulu və bu qərarların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-dövlət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
  Kibertəhlükəsizlik tədbirləri sırasında İKT istifadəçilərinin, gənc kadrların maarifləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.
Məhz bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” mövzusunda birinci respublika simpoziumunun təşkilidir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən simpozium Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
  Tədbirdə ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən, elmin, təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.
  Prorektor informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin bu gün aktual bir sahə olduğunu qeyd edib.
İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı dosent Fərid Ağayev, Kompüter mühəndisliyi kafedrasının müdiri dosent Nazilə Rəhimova çıxışlarında müasir texnologiyanın yaratdığı imkanlardan bəhs ediblər və ADNSU-da bu sahə üzrə ixtisaslı mütəxəssislərin yetişdirildiyini söyləyiblər.
  “Prosol” QSC-nin həmtəsisçisi və sədri Babək Ağayev və digər çıxış edənlər informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, bu sahədə zamanın tələbinə uyğun yeniliklər haqqında məlumat veriblər.
Sonra Dördüncü Sənaye İnqilabı və tələbləri, rəqəmsal idarəetmə, süni intellekt, informasiya texnologiyalarının idarəetmə və istehsalatda geniş tətbiqi və kibertəhlükəsizliklə bağlı məruzələr dinlənilib.
  Sözügedən simpoziumun iştirakçısı olan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az"a açıqlamasında deyib ki, İnnovasiya və inkişaf təhsildən başlayır. Əksər ölkələrdə məhz təhsil ocaqları innovasiyalar üçün baza rolunu oynayır. Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərin hər birində bu məsələlərə geniş yer ayrılıb.

  E.Abbasovun sözlərinə görə, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” mövzusunda birinci respublika simpoziumunda da məqsəd təhsil ocaqlarında innovasiyanın inkişafı və kibertəhlükəsizlik sahəsindəki problemlərə diqqət çəkmək idi: “Tədbirdə çıxış edən dəyərli mütəxəssislər öz təcrübələrini bölüşüb, elmi müzakirələr apardılar. Tədbirdə tələbələr də çıxış edirdi. Ona görə də mən öz çıxışımı məhz tələbələrə ünvanladım. Əvvəla deyim ki, xarici ölkələrdə universitet tələbələri bu cür tədbirlərdə çıxışçılara suallar verir, müzakirə edilən mövzu ilə bağlı ətraflı izahlar tələb edirlər. Ona görə də onlarda informasiya təhlükəsizliyi, rəqəmsal sahələrin inkişaf səviyyəsi yüksəkdir. Bizim tələbələr isə sadəcə qulaq asır. Sonra da deyirik ki, kadr hazırlığı üçün yaxşı müəllim, yaxşı təlimçi olmalıdır. Halbuki bizim tələbələrimiz tələbkar deyil, yeni şeylər öyrənmək, maraqlı elmi müzakirələrə qoşulmaq istəmirlər. Çıxışımda da məhz Azərbaycan təhsil sistemində tələbələrin motivasiyası məsələsinə toxundum. Gənclik yeni yanaşma, yeni ideya deməkdir. Gənclər öz fantaziyalarını işə salmalı və onların arxasınca getməlidir. Bizim tələbələrimiz isə sakitcə oturub dinləməyə və alqışlamağa üstünlük verirlər. Bəs tələbələrin tələbkarlığı hanı? Bu cür simpoziumlarda elm adamları, öz sahəsinin peşəkarları iştirak edir, təhsildə innovasiyaların rolu ilə bağlı çıxışlar edir. Tələbələrdə isə nə maraq, nə həyəcan, nə də tələbkarlıq var idi. Deməli, tədrisdən əvvəl motivasiya olmalıdır. Mütləq tədbirlərdə tələbələrin diqqətini çəkən, onlarda maraq oyadan natiqlər olmalıdır. Susub, dinləməklə biz heç nə öyrənə, öyrədə bilməyəcəyik. İnnovasiya üzrə dünya səviyyəli müəllimləri də ölkəmizə dəvət etsək, gənclərimizdə oxumaq həvəsi, öyrənmək stimulu olmasa, heç bir nəticə əldə edə bilmərik. Tələbələrimiz daha aktiv olmalı, müəllimlərimiz isə uşaqlar üçün motivasiya proqramları tətbiq etməli, beynəlxalq təcrübədən sitatlar gətirməlidir. Əvvəl gənclərin ideyası olmalıdır ki, onu reallaşdırmaq üçün innovativ fəaliyyətlərə ehtiyac duysunlar. Fantaziyaları olmayan insan üçün innovasiyanın heç bir əhəmiyyəti yoxdur və bu səbəbdən də innovativ yeniliklər onun üçün maraqsızdır.
Qloballaşan dünyanın yeni çağırışları və ölkəmizdə biliklər cəmiyyətinin qurulması zərurəti Azərbaycan gəncliyinin avanqardı olan innovativ təfəkkürlü intellektual gənclik qarşısında tamamilə yeni tələblər qoyur. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların daha geniş miqyasda intellektual fəaliyyətə cəlb edilməsi, elm, təhsil və yeni texnologiyalara marağının artırılması bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsini, gənc alim və mütəxəssislərlə fəaliyyət sahəsində yeni innovativ idarəçilik mexanizmlərinin tətbiqini tələb edir. Gənclərin innovativ biliklərinin artırılması, onların İKT sahəsində təşəbbüs və təkliflərinin stimullaşdırılması üçün də bu cür tədbirlərin yüksək səviyyədə təşkili və qeyd etdiyim kimi, motivasiya xarakterli çıxışların olması çox vacibdir”.