1 qram tullantıda 200-300 milyard mikrob olur - DİQQƏT

Tibbi tullantıların 15 faizi infeksion xəstəliklər və radioaktiv təhlükələr törədir

  Tibbi tullantılar epidemioloji baxımdan böyük təhlükə yaradır.
Milyardlarla patogen bakteriya və virusun mənbəyi hesab edilən bu tullantılar düzgün idarə olunmasa, bu və ya digər xəstəliklərin yayılmasına gətirib çıxarır.
  Müvafiq qurumların keçirdiyi monitorinqlər də göstərir ki, tibbi xidmət göstərən özəl sahibkarlıq subyektlərində əksər hallarda tibbi tullantıların idarə olunmasında çatışmazlıqlar var. Hətta bəzi subyektlərdə həyətdə tibbi tullantıların yandırılması hallarına da rast gəlinir.
  Məhz bu sahədəki problemlərin həlli ilə bağlı Milli Məclisdə "Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları" mövzusunda ictimai dinləmə keçirilib.
  Səhiyyə komitəsinin təşkilatçılığı ilə baş tutan iclasda Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirliynin, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edərək tibbi tullantılar probleminin həlli istiqamətində görülən işlərdən və atılacaq addımlardan danışıblar.
  “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin direktoru Fuad Həsənzadə isə “Sherg.az"a açıqlamasında deyib ki, insanların sağlamlığı və ekoloji vəziyyətin yaxşılaşdırılması dövlətin prioritet hədəflərindən biridir. Tibbi tullantıların idarə olunmasının sistemli şəkildə həyata keçirilməsi də vacib məsələlərdəndir:

“Tibbi tullantıların idarə edilməsi tibb müəssisələrindən çıxan hər cür məişət, tibbi və təhlükəli tullantıların istehsal edildiyi yerlərdə ayrıca toplanması, daşınması, müvəqqəti saxlanması və utilizasiyası kimi prosesləri əhatə edir. Tibbi tullantılar onların utilizasiyadan əvvəl toplanması, saxlanması üçün nəzərdə tutulan və təhlükəsiz mühit yaradan xüsusi zibil qutularına atılır. Paytaxt Bakıda və ölkəmizin regionlarında dövlət xəstəxanaları ilə yanaşı özəl klinikalar da fəaliyyət göstərir. Müasir klinikalarda tibb personalının pasiyentlərə keyfiyyətli xidmət göstərməsi üçün hər cür şərait yaradılıb. Bu xidmətin tərkib hissələrindən biri də tibbi tulantıların idarə olunmasıdır, eyni zamanda bunun yüksək səviyyədə icrası klinikanın nüfuzunun artmasına, həmçinin güclü rəqabətə davamlılığına töhfə olar”.
  F.Həsənzadənin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, tibbi tullantıların 15 faizi infeksion xəstəliklər və radioaktiv təhlükələr törədir. 1 qram tullantıda 0.1-1 milyard mikrob, tibb müəssisələrində isə 1 qram tullantıda 200-300 milyard mikrob olur: “İnkişaf etmiş ölkələrin tibb müəssisələrində tullantı 1 çarpayı üçün 2.5 kq, inkişaf etməkdə olan ölkələrin tibb müəssisələrində isə 1.8- 2 kq təşkil edir. Məhz bu səbəbdən tibbi tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi insanların sağlamlığı üçün həyati vacib amildir. Bildiyimiz kimi, tibbi xidmət kafi olmadıqda spid, hepatit B və C xəstəliklərinin yaranmasına səbəb olur.
  İsveçin Göteborq Universitetinin professoru Joakim Larsson Hindistanın bəzi xəstəxanalarının, əczaçılıq müəssisələrinin tibbi tullantılarının emal edilmədən axıdılan Qodavari çayından su nümunəsi götürüb və tədqiqat zamanı supermikrobun yarandığı nəticəsinə gəlib. Həmin supermikrobu məhv edə biləcək dərman vasitəsinin elmə məlum olmadığını və bəşəriyyətin yeni təhlükə qarşısında qaldığını bəyan edib”.
  “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin direktoru həmçinin qeyd edib ki, “Tibbi tullantıların idarə olunması xüsusi əhəmiyyətli olduğuna görə Nazirlər Kabineti 28 dekabr 2007-ci il tarixdə “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında 213 nömrəli qərar qəbul edilib. Həmin qərarda qeyd olunub ki, A sinfi kateqoriyasında yoluxucu xəstəliklər xəstəxanaları istisna olmaqla, digər klinikalarda pasiyentlərin bioloji mayeləri ilə təmasda olmayan, eləcə də, qeyri-toksiki tullantılar, qida tullantıları, mebel, inventar, tərkibində toksik elementlər olmayan və işləməyən diaqnostika avadanlıqları, yoluxmamış kağız, süpürüntü, tikinti nəzərdə tutulur.
  B sinfi kateqoriyası ilə bağlı bildirmək istəyirəm ki, potensial yoluxucu xəstələrlə təmasda olan tullantılar, ifrazat, qanla çirklənən materiallar, alətlər patoloqoanatomik tullantılar, xəstələrin üzvi (bədən üzvləri, toxumalar və s.) cərrahiyyə tullantıları, yoluxucu xəstəliklər şöbələrinin tullantıları, qida qalıqları, 3-cü və 4-cü qrup patogen mikroorqanizmlərlə işləyən mikrobioloji laboratoriyaların tullantıları, vivarilərin bioloji tullantıları qeyd edilir. Daha sonra C sinfi kateqoriyasına xüsusi təhlükəli yoluxucu xəstələrin təmasda olduğu materiallar, 1-4-cü qrup patogen mikroorqanizmlərlə işləyən laboratoriyaların tullantıları, vərəm əleyhinə və dəri-zöhrəvi xəstəxanaların (şöbələrin) tullantıları aiddir. D sinfi kateqoriyasında isə vaxtı keçmiş dərman preparatları, dərman və diaqnostik preparatların tullantıları, yararlılıq müddəti bitmiş istifadəyə yararsız dezinfeksiya vasitələri, sitostatiklər və digər kimyəvi preparatlar, tərkibində civə olan əşya, cihaz və avadanlıqlar qeyd edilib. Bu sinifdən olan hər bir növ tullantıların toksiklik dərəcəsi metodik təlimatlara uyğun olaraq aparılır”.
  “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin direktoru onu da qeyd edib ki, Nazirlər Kabinetinin 213 nömrəli qərarının 8-ci maddəsinə əsasən, tibbi tullantıların müvəqqəti saxlanılması üçün xüsusi otaq ayrılmalı, otağın yeri keramik plitələrlə döşənməli, divarlar tavana qədər kafellə örtülməli, tavan rütubətədavamlı rənglə boyanmalı, otaqda əlüzyuyan, axar su kranı, bakterisid lampa, kanalizasiya və ventilyasiya sistemləri quraşdırılmalıdır.