Azərbaycan-Çin əlaqələrində müsbət tendensiya - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ilə bağlı dünyanın nüfuzlu dövlət başçılarından, beynəlxalq təşkilatlar rəhbərlərindən təbrik məktubları gəlməkdədir. Bu təbriklərdə Prezident İlham Əliyevin nüfuzlu dövlət xadimi olmaqla yanaşı, irimiqyaslı iqtisadi, siyasi layihələri uğurla həyata keçirdiyi, Azərbaycanı tək regionda deyil, Avropada, Asiyada güclü ölkəyə çevirdiyi xüsusi vurğulanır.

Ölkə başçısına ünvanlanan təbriklər arasında  Çin Xalq Respublikasının sədri Si Cinpinin  məktubu da xüsusi əhəmiyyət kəsb edir. 

Məktubda doğum günü münasibətilə İlham Əliyevə ən xoş arzularını çatdıran Si Cinpi Çin və Azərbaycanın ənənəvi dost,  tərəfdaş olduğuna diqqət çəkib.  Hazırda Çin-Azərbaycan münasibətlərinin çox yaxşı və sabit inkişaf etdiyini, daim möhkəmlənməkdə olan siyasi qarşılıqlı etimadla paralel  müxtəlif sahələrdəki əməkdaşlığın müvəffəqiyyətlə irəlilədiyini qeyd edib: "Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram. Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram".

Dünyanın fövqəldövləti hesab olunan Çin prezidentinin təbrik məktubunu dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli  "Sherg.az"a açıqlamasında deyib ki, bu doğum günü təbriki yeni, həm də müsbət tendensiyalardan xəbər verir. Onun sözlərinə görə, ikitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı dostluq əlaqələrinin əhəmiyyətli rolu var: 

"Si Cinpinin Prezident İlham Əliyevi təbrik etməsi və təbrik məktunuda Azərbaycanla münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün birgə səyləri davam etdirməyə hazır olduğunu bildirməsi ölkəmizə göstərilən böyük hörmətdən irəli gəlir.
Məktubda  Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri qeyd edilir, siyasi bacarıqları ilə yanaşı səmimi münasibətlərə malik olduğu vurğulanır. Paralel şəkildə Çinin Azərbaycan dövlətinin strateji imkanlarına maraq göstərdiyi də xüsusi formada nümayiş etdirilir. Belə nəticə çıxır ki, Çinin dövlət başçısı Azərbaycan Prezidenti ilə şəxsi dostluq və qarşılıqlı etimad münasibətlərinə əsaslanaraq, iki ölkə arasında təmasları daha da sıxlaşdırmağı, qlobal layihələrdə tərəfdaş qismində çıxış etməyi planlaşdırır. Bu istiqamətdə yeni təkliflərinin olacağına işarə verir. Fikrimcə, ölkəmizin əlverişli geostrateji mövqeyə malik olması, təbii resurslarının zənginliyi, qədim İpək yolunun üzərində yerləşməsi Çin kimi bir çox dövlətlərə geniş imkanlar açır. Belə ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat, enerji layihələrini həyata keçirən Azərbaycan böyük dövlətlərin marağına səbəb olub. Ölkəmiz Çinin "Bir kəmər, bir yol" strategiyasını dəstəkləyir. Bu istiqamətdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti də olduqca böyükdür" .