Deputat: Yeni xəstəliklərə qarşı peyvəndlər peyvənd təqviminə salınmalıdır

Xüsusilə pandemiya dövründə peyvəndə qarşı aparılan kampaniya uşaqlarımız arasında vaksinasiyaya çox mənfi təsir göstərib.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, illərlə peyvənd statistikasına görə öndə olan ölkə idik: “Düşünürəm ki, peyvənd təqviminə yenidən baxılmalı və yeni xəstəliklərə qarşı yeni peyvəndlər peyvənd təqviminə salınmalıdır”.

Deputat həmçinin narkomaniya ilə bağlı dinləmə keçirilməsini təklif edib: “Narkomaniya asılılığından müalicə olunmuş insanların reabilitasiyası ilə bağlı dinləmə keçirə bilərik. Ölkədə bu problem hər birimizi narahat edir. Gələcəkdə yaxşı olardı ki, bu istiqamətdə görülən işlərə nəzər yetirək. Bu sahədəki müvafiq təşkilatların tələblərə cavab verib-verməməsi barədə müzakirə aparaq”.