İlin yorğunluğunu canımızdan necə çıxaraq?

  İl boyu çalışan insanların məzuniyyət imkanları, təəssüf ki, çox zaman məhdud olur. Bəzən müəssisə işçinin tam istirahət haqqını tanımır, çox zamansa insan maddi imkanları az olduğundan ürəyi istədiyi kimi istirahət edə bilmir. “Sherg.az” tətil, məzuniyyətlə bağlı “Washington Post”da yer alan materialı oxuculara təqdim edir. Necə edək ki, ilin yorğunluğu canımızdan çıxsın və bunu kiçik maddi vəsaitlə həyata keçirək? Bu suallara cavab tapacaqsız. İşçi nə qədər, neçə gün istirahət etməlidir ki, məziniyyətin kefini çıxara bilsin? Təəssüf ki, bu suala hələ də dəqiq cavablar verilmir. Müxtəlif versiyalar irəli sürülür. 10, 15, 22 gün, 1 ay… Mütəxəssislərsə belə hesab edir ki, çox şey insanın özündən, daha dəqiq, insanın istirahətini necə təşkil edə bildiyindən asılıdır. Belə bir deyim də var: istirahət, onu xəyal etdiyin zaman başlayır. Amerikalı ekspertlər hesab edir ki, məzuniyyət səyahət üçün haranı seçəcəyimizdən, eləcə də məzuniyyət “havası”nda ola bilməyimizdən də çox asılıdır. Məzuniyyət həqiqətən də ciddi məsələdir. Bəzi araşdırmalar məzuniyyətin 8-ci günündə rahatlığın əldə edildiyini və məmnunluğun yüksəldiyini iddia edir. Niderlandın Groningen Universitetinin professoru Jessica de Bloom “Washington Post”a açıqlamasında bunları deyib: “Gəldiyimiz nəticə budur ki, məzuniyyət müddətinin müəyyənləşməsi əsasən mümkün deyil. Hətta birisi istədiyi, özü üçün uyğun hesab etdiyi zamanda və ürəyi istəyən yerə getsə belə, yenə də insanı narahat edə biləcək bir çox amillər üzə çıxa bilir. İstirahət üçün seçdiyiniz məkanda insanlarla ünsiyyətdə çətinlik çəkə bilərsiz, yaxud hava şəraiti istədiyiniz kimi davam etməz, planlaşdırdığınız yerləri gəzmək imkanınız olmaya bilər, hətta xəstələnə də bilərsiniz. Yenə də çoxları məzuniyyətlərinin 8-ci günündə özlərini daha rahat, məkana uyğunlaşmış hesab edirlər. Lakin bu da ideal müddət deyil”. Professor hesab edir ki, məzuniyyət nə çox qısa, nə də çox uzun olmalıdır. Qısa məzuniyyət istirahət deyil, əksinə, yorğunluqdur. Uzun məzuniyyət isə bezdiricidir və aldığınız müsbət enerjinin israfına gətirib çıxara bilər. Qısa məzuniyyətlər zamanı gündəlik stresdən, yorğunluqdan qurtulmaq mümkün deyil, istirahətə təzəcə alışdığınız zaman geri dönməli olursunuz, bu, insanı əksinə kədərləndirir. Uzun istirahətlərsə yeknəsəklik yaradır. Gördüyümüz gözəlliklər adiləşir. Mütəxəssis məzuniyyəti ildə bir dəfə və uzun vədəli etmək əvəzinə ildə 2 və ya 3 dəfə 10 gün müddətinə istirahət etməyi məsləhət görür. “Tətillərlə xoşbəxtlik arasında sıx bir əlaqə var. Məzunyyət haqqında düşünmək, planlaşdırmaq insana sevinc yaşadır, insan özünü xoşbəxt hiss edir”, söyləyən professor 5 və ya 6 günlük iş həftəsi olanların 1 həftəlik, yaxud 9-10 günlük məzuniyyətdən məmnun qaldıqlarını bildirib. Bu, insana “bir həftə işləməyəcəm, növbəti həftənin də 2 günü istirahətdəyəm”, fikrini aşılayır ki, nəticədə insan özünü xoşbəxt hiss edir. Bunu əsas tutan professor 8-10 günlük məzuniyyəti məqbul hesab edir.