Peyvənddən başqa qızılcadan qorunma yolu var? - AÇIQLAMA

İlk peyvənd 93 faiz, 2-ci peyvənd isə 97 faiz hallarda uşağı qızılcadan qorumuş olur

  “Son günlərin ən çox yayılan xəstəliklərindən biri də məhz qızılca virusudur. Xəstəliyin ötürülmə yolu hava-damcı olsa da, xəstənin toxunduğu əşyalarda, səthlərdə qısa müddət ərzində qaldığı üçün bu yolla da yoluxma mümkündür”.
  Bu sözləri “Sherg.az"a açıqlamasında pediatr Xəyalə Quliyeva deyib.
  Qızılcanın əlamətlərindən danışan pediatr deyib ki, qızılca uşaqlarda özünü əsasən səpkilərdən 3-5 gün öncə 38-39 dərəcə, bəzən isə daha yüksək hərarət, halsızlıq, əzginlik, iştahın pozulması kimi əlamətlərlə göstərir: “Həmçinin baş ağrıları, bəlğəmli, bəzi hallarda inaq tipli öskürək, gözlərdə şişkinlik, qızartı, ifrazat, işıqdan qorxma kimi hallar da ən çox rastlaşdığımız əlamətlər sırasındadır.
  3-5 gün çəkən bu şikayətlərdən sonra isə artıq qızılcanın etaplı səpkiləri başlayır. Səpki öncə qulağın arxasına, üzə, 2-ci gün boyun nahiyəsinə, yuxarı ətraflara, sinəyə, qarına, kürəyə, 3-4-cü gün isə aşağı ətraflara yayılmış olur. Səpki artdıqca temperatur daha da güclənir və davamlı olur. Hərarətsalıcı dərmanların verilməsinə baxmayaraq, demək olar ki, normala enmir. Bədənin bütün nahiyələri səpdikdən sonra hərarət də yavaş-yavaş enməyə başlayır və səpkilər başladığı yerdən də mərhələli şəkildə solmağa başlayır.
  Xəstəlik virus infeksiyası olduğu üçün müalicədə antibiotiklərdən istifadə edilmir. Yalnız prosesə ikincili bakterial infeksiya qoşularsa, bu halda müalicədə antibiotik istifadə edilə bilər. Qızılcanın xüsusi müalicəsi yoxdur. Müalicə yalnız simptomatik əlamətə görə aparılır. Qızılca zamanı önəmli olan A vitamininin verilməsidir ki, bu da xəstəni baş verə biləcək ağırlaşmalardan - pnevmoniya, otit, meningit, ensefalit və korluqdan qoruyur. Xəstəlik zamanı müalicə tədbirlərinə yataq rejimi, uşağın A vitamini ilə zənginləsdirilmiş qidalardan (Süd və süd məhsulları, gül kələmi, brokoli, portağal, mandarin, kök, balqabaq) istifadəsi, bol maye qəbulu tövsiyə edilir. Xəstəliyin profilaktikası 1 və 6 yaşında vurulan QPM peyvəndi ilədir. Əgər 1 yaşında müəyyən səbəblərdən peyvənd edilməyibsə, 4 yaşadək, 6 yaşında edilməyibsə, 10 yaşadək peyvəndləşmə aparıla bilər. Əgər usağa 2 dozanın heç biri vurulmayıbsa və uşaq 6-10 yaş aralığındadırsa, o halda minimum 28 gün fərqlə bu peyvənd vurula bilər. Peyvənddən öncə uşaqlar mütləq həkim müayinəsindən keçməlidirlər. Əgər uşaqda hər hansı şikayət – asqırma, öskürmə, temperatur, ishal, qusma və s. şikayət olarsa, bunlar peyvənd üçün nisbi əks-göstəriş sayılaraq müəyyən müddətə təxirə salınır. Uşaq tam sağaldıqdan sonra peyvəndləmə aparılır”.
  X.Quliyevanın sözlərinə görə, peyvənddən başqa qızılcadan qorunma yolu yoxdur. İlk peyvənd 93 faiz, 2-ci peyvənd isə 97 faiz hallarda uşağı qızılcadan qorumuş olur: “Ümumi qorunma tədbirlərinə gəldikdə isə bütün virus infeksiyalarında olduğu kimi gigiyenik tədbirlərin (əllərin yuyulması, buruna tez-tez dəniz suyu tərkibli damcıların və ya spreylərin vurulması, otağın havasının dəyişdirilməsi və s.) aparılması vacibdir” .