1986-cı ildən sonra doğulanlar...

Donor ola bilməz!

  Türkiyəli İbrahim Yaşasın 12 il əvvəl “Green Card”a sahib olaraq ABŞ-nin Florida ştatına köçüb. Türkiyədə yaşadığı illər ərzində donor kimi tanınan İbrahim bu xoş niyyətini yenidən Floridada da davam etdirmək istəyib və "West Palm Beach" bölgəsində yol kənarında gördüyü “One Blood Foundation” adlı quruma müraciət edib. Donor olmaq istədiyini deyən İbrahimə blank verərək oradakı bəndləri doldurmasını istəyiblər. Blankı doldurub təslim etdikdə isə qurum əməkdaşı ona “siz türksünüz. Sizdən qan ala bilmərik”, söyləyib. Təbii ki, İbrahim Yaşasın bu cavabı irqçiliklə əlaqələndirib. Və qurumu bu münasibətə görə məhkəməyə verəcəyini deyib. Xeyriyyə Fondunun İbrahimi donor olaraq qəbul etməməsinin səbəbi isə tamam başqadır. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, İbrahimin donorluğundan imtina edilməsinin səbəbi onun cavablarındadır. İbrahimdən Türkiyə ərazisində hansı illərdə yaşadığı, hərbi xidmətini harada keçdiyi, 1986-cı ildə Türkiyədə olub-olmadığı və bu müddət ərzində fındıq, çay, yumurta kimi ərzaqlardan istifadə edib-etmədiyi soruşulub, o da cavabında Türkiyədə yaşadığını, hərbi xidmətdə olduğunu, həmin illərdə göstərilən ərzaqlardan istifadə etdiyini deyib. Bunun qarşılığında “1986-cı ildə Çernobıl AES-də qəza baş verib, radiasiyanın əhatə dairəsi çox geniş olub, həmin il SSRİ-yə ixrac edilmiş məhsullar geri göndərilib. Geri göndərilmiş məhsullarsa, daha çox məktəblərə və hərbi hissələrə paylanıb. Deməli, radiasiyaya məruz qalmış məhsullardan ən çox həmin illərin məktəbliləri və hərbi xidmət keçənlər istifadə edib. Bu səbəblə həmin ildə hərbi xidmətdə olan nəinki Türkiyə, Avropa vətəndaşlarından da qan alınmır, donorluqları qəbul edilmir”, cavabı verilib. ABŞ-nin qan donorluğuna dair kriteriyaları var və buna ciddi əməl edilir. Bunu öyrəndikdə İbrahim Yaşasın qoyulan qaydanı təqdir edib. Qurum ABŞ Federal Səhiyyə Qanunları barədə açıqlama verərək bildirib ki, 1980-1996-cı illər arasında Türkiyədə və Avropa ölkələrində 5 ay yaşamış insanlardan qan qəbul etmədiklərini, İngiltərə və Fransa vətəndaşlarının da müraciətlərini rədd etdiklərini, 21-37 yaş arası insanların qanında “Creutzfeldt-Jakob” xəstəliyi (CJD) və “dəli dana” xəstəliyi (BSE) daşıyıcısı ola bilmək ehtimalı səbəbindən qan alınmadığını deyib. Türkiyədə də buna bənzər qaydalar vardır. Məsələn, bir insan yaşadığı ölkədə parazitar qızdırma xəstəliyi keçiribsə, hazırda yaşadığı ölkədə ondan donor kimi istifadə edilməsi üçün müəyyən müddətin keçməsi tələb olunur. Bu müddət ötməyincə ondan qan alınmaz. Hər ölkənin bu xüsusda öz qaydaları var.