Xankəndidə çox ciddi nizam-intizam hökm sürür - ŞƏRH

Bir çöpə belə toxunmaq olmaz

Azərbaycan hökuməti ermənilərin orada qalıb yaşamaları üçün bütün hüquqlarını təmin etməyə çalışır

  Xankəndidə qalan ermənilərin harada və necə yaşadıqları barədə məlumat yayılıb. Publika.az xəbər verir ki, Ermənistan mətbuatı Xankəndidə 10 nəfərə yaxın erməninin qaldığını iddia edib. Bildirilib ki, Davit Qalstyanın əmisi Sərkis Qalstyan və həyat yoldaşı da Xankəndidə qalanlar arasındadır. Onlar bu ailəyə yaxın münasibətdə olan separatçıların sabiq lideri Bako Saakyanın evində yaşayır. Digər ermənilər isə Rusiya sülhməramlıları tərəfindən iş adamı Tsexavik Edonun nəhəng villasına yerləşdirilib. Sonuncu Samvel Babayanın yaxın dostlarından biridir, onun Xankəndidə yanacaqdoldurma məntəqələri var idi. Bir yerdə cəmlənməyin məqsədi odur ki, onların yemək və digər məsələləri ilə məşğul olmaq daha asandır.
  Xankəndidə məskunlaşmış ermənilərin məgər öz evləri olmayıb ki, indi kiminsə evinə köçüb yaşayırlar? Bu məlumatların məqsədli şəkildə yayıldığını güman etmək olar.
  Yazıçı-publisist, əslən Qarabağdan olan Kərim Kərimli yayılmış məlumatı belə şərh etdi:

- Əvvəla onu qeyd edim ki, bu, heç də o qədər də maraqlı, daha dəqiqi, əhəmiyyətli bir xəbər deyil ki, ona bu qədər diqqət, vaxt ayrılsın və ciddi bir məsələ kimi yayılsın. İkincisi, ermənilərin Xankəndidə harada, yaxud haradasa yaşaması qeyri-adi bir məsələ də deyil. Əgər orda qalıblarsa, biz də bunu qəbul ediriksə, haradasa yaşamalıdırlar. Ümumiyyətlə, Xankəndidə hazırda iki kateqoriyadan olan şəxslər yaşaya bilər. Birincisi, elə oralı, xankəndili olanlardır ki, onların da aydın məsələdir, əvvəldən yaşadıqları evlər, mənzillər var, hansı ki biz onların heç birinə toxunmamışıq, ermənilər kimi söküb dağıtmamışıq, onlar da orada yaşaya bilərlər, yaşamaqda davam edə bilərlər. Mənim əlaqəm olan, tez-tez Xankəndiyə gedib-gələn şəxslər söyləyirlər ki, orada bir çöpə belə toxunmaq olmaz. İkinci kateqoriya ermənilər o şəxslər ola bilər ki, Qarabağın başqa bölgələrindən, məsələn, Xocavənd rayonunun müxtəlif yaşayış məntəqələrindən gəlmiş olsunlar və lokal antiterror əməliyyatı zamanı da ya imkan tapıb gedə bilməyiblər, yaxud da getmək istəməyiblər. Hər iki halda Xankəndidə qalıblar və indi də saysız-hesabsız boş evlərin, mənzillərin, ictimai, sosial, inzibati tikililərin birində, vəziyyətin tamamilə aydınlaşmasını gözləyərək yaşayırlar.
  K.Kərimli qeyd etdi ki, əgər Ermənistan mətbuatının “Xankəndidə ona yaxın erməninin qaldığı” barədə iddiası həqiqətə yaxındırsa, orada 10-15 nəfərin yaşaması üçün elə bir problemli məsələ deyil:
- Xüsusən də o halda ki, bölgədə Rusiya SM kontingenti hələ də fəaliyyətini davam etdirir. Hətta ruslar orada olmasaydı belə, yaşayacaqdılar, çünki Azərbaycan hökuməti bu məsələyə çox ciddi yanaşır və hazırda Xankəndidə çox ciddi nizam-intizam hökm sürür. Azərbaycan hökuməti həmin ermənilərə qalıb yaşamaqda davam edəcəkləri təqdirdə potensial vətəndaşlar kimi yanaşır və onların bütün hüquqlarını təmin etməyə çalışır.
K.Kərimli “David Qalstyan”ın kimliyini də izah etməyə çalışdı:
- David Qalstyan deyəndə konkret kimin nəzərdə tutulduğu məlum olmur. Ancaq mənim ehtimal etdiyim kimi, söhbət Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın müşaviri və silah alveri ilə məşğul olan “Masston Engineering” şirkətinin sahibi, “Patron David” ləqəbli Qalstyandan gedirsə, onun qohumlarının vaxtilə Bako Saakyanın yaşadığı evdə yaşamaqlarında da qeyri-adi bir şey yoxdur. Onların başı eyni yerə bağlanmışdı və bir axurdan yeyirdilər, mənimsəyirdilər. Ona görə “Bako Saakyanın evində” yox, “Bako Saakyanın yaşadığı evdə” deyirəm ki, o ev onun deyil. Çünki əsl adı Bahadur olan bu adam, nə qədər ki separatizm və işğal güclənməmişdi, Xankəndinin Çuxur məhəlləsində başqalarından heç nə ilə seçilməyən, əksinə, zəif, ortababdan da aşağı bir evdə yaşayır, savadı, təhsili, qabiliyyəti olmadığına görə Xankəndinin küçələrində veyillənirdi. O, separatizm dalğasında üzə çıxdı, qudurdu və o biri cani yoldaşları kimi hər şeyi qamarlamağa başladı. Həmin ev də Azərbaycandan, azərbaycanlılardan oğurladıqlarının hesabına tikilib. Xankəndidə qalıb yaşamaqda olan ermənilərin əsasən bir yerə toplaşıb cəm halında yaşamaqlarının bir səbəbi də sayca çox az olmalarından irəli gəlir. Yəni əgər xəbərdə deyilənlər düzdürsə, 15-20 adamın çoxminlik əhali yeri olan bir şəhərdə müxtəlif yerlərdə yaşamağının nə mənası var? Yaxşısı elə bir yerə toplaşıb “xosunlaşmaq” deyilmi?.. Həm də, elə xəbərdə də qeyd olunur ki, “...ermənilər ... Rusiya sülhməramlıları tərəfindən iş adamının nəhəng villasına yerləşdirilib”. Burada bir məqsəd də onları daim diqqət mərkəzində saxlamaqdır. Ümumiyyətlə, zənnimcə, bu cür məsələlər yavaş-yavaş öz həllini tapacaq. İndi kiməsə qeyri-adi gəldiyinə görə mətbuatın xəbərə çevirdiyi belə xırda məsələlər də hamı üçün adiləşəcək və həlli tələb olunan bütün işlər də öz yoluna qoyulacaq. Əsas odur ki, Xankəndi də işğaldan azaddır.