Vakant iş yerləri barədə məlumatların verilməsi önəmlidir

İctimai və dövlət maraqlarının müdafiəsi

Bütün qurumlar işsizliklə mübarizədə, əhalinin məşğulluğunun təmin edilməsində dövlətin yanında olmalıdır

  Əhalinin işlə təmin edilməsi, işsizlik faizinin minimuma endirilməsi Azərbaycan dövlət siyasətinin prioritetləri sırasındadır. Cənab Prezident İlham Əliyev yeni müəssisələrin yaradılmasına məhz bu baxımdan xüsusi önəm verir, yeni müəssisələrin, sənaye obyektlərinin, sahibkarlıq obyektlərinin açılışında şəxsən iştirak edərək işsizliyin azaldılmasının, əhalinin məşğulluğunun təmin edilməsinin vacib məsələ olduğunu diqqətə çatdırır. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra tikinti-quruculuq işlərinin başladığı, işğaldan azad olunmuş ərazilərdə cənab Prezidentin xüsusi önəm verdiyi məsələlərdən birincisi, yeni iş yerlərinin açılması, doğma yurdlarına qayıdan insanların işlə təmin edilməsidir. Bu siyasət təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, ümumən ölkə üzrə aparılır. Lakin bəzən neqativ hallara yol verənlər olur. Bu günlərdə Milli Məclisdə keçirilən müzakirələrdə millət vəkilləri bu problemə toxunaraq bəzən iş yerlərinin gizlədilməsi hallarının olduğunu söyləyiblər. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Aqil Məmmədov bununla bağlı məsələ qaldırıb. Deputat dövlət qurumlarında vakansiya barədə məlumatların Dövlət Məşğulluq Agentliyinə verilməməsini əsas gətirərək belə addım atan qurumların rəhbər şəxslərinin cəzalandırılmasını tələb edib: “Seçicilərdən işlə təmin olunma ilə bağlı çoxlu müraciətlər alırıq. Vətəndaşların əsas şikayəti dövlət qurumlarında yaranan vakansiyaların Dövlət Məşğulluq Agentliyinə verilməməsidir. Dövlət qurumlarında elə işlər var imtahanla işə götürülür, amma texniki işçilərlə bağlı yaranan vakansiyalar yerli qurum və Dövlət Məşğulluq Agentliyi ilə birgə həllini tapmalıdır. Biz bu mexanizmə yenidən baxmalıyıq. Bu məsələlərlə bağlı yeni mexanizm tətbiq edilməlidir. Dövlət qurumlarında yaranan vakansiyalarla bağlı məlumatları gizlədən qurumlar müvafiq qanunvericiliyə uyğun cavab verməlidir”. MM-in Mədəniyyət komitəsinin sədri Fazil Mustafa da qeyd edib ki, vakansiyaların gizlədilməsinə görə məsuliyyət mexanizmi nəzərdə tutulub. Bu istiqamətdə vətəndaşların marağını nəzərə alaraq hansısa bir şəkildə pozuntu varsa, buna xüsusi diqqət yetirilməli və belə hallar sərt formada cəzalandırılmalıdır: “Çünki hər bir vakansiya həm də kimin üçünsə ümid yeridir. İnsanlar bu iş yerini tapmaq, yaxud da hansısa bir sahədə işləmək üçün fürsətdən yararlanmalıdırlar. Hansısa müəssisənin, dövlət orqanının vətəndaşları bundan məhrum etməyə ixtiyarı yoxdur. Buna görə vəzifəli şəxslər ciddi məsuliyyət daşımalıdırlar”. Fazil Mustafa xatırladıb ki, qanunvericilikdə də bunu ehtiva edən maddələr var: “Bu, bir sıra hallarda unudula bilir. Amma hər halda buna nəzarət edən qurumlar məsələyə çox ciddi yanaşmalıdırlar". Müzakirələrin və qaldırılan problemin həlli istiqamətində addımlar atılıb artıq. Milli Məclisin ötən gün keçirilən iclasında müzakirə edilən “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə kvotadan əlavə iş yerlərinin yaradılması qaydası əksini tapıb. Qanuna əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən, qaydanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 iş yerindən çox olmamaqla müəyyən edilir. Kvotadan əlavə iş yerlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən göndəriş verilmiş şəxslərlə iki ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrə əməkhaqqı bu Qanunun 26.6-cı maddəsi nəzərə alınmaqla, işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir. Kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən faiz dərəcələri tətbiq olunmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərtilə İşəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan arasında bağlanılan müqavilə əsasında müəyyən edilir. Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçirilir. Müsabiqədə bu şərtlərə uyğun olan işəgötürənlər iştirak edə bilər: - son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan; son bir il ərzində işçilərin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən; bu Qanunun 18.3-cü maddəsinə uyğun olaraq müvafiq məlumatları vakansiya bankına təqdim edən. Dövlət orqanlarının, qurumlarının, bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının - səhmlərinin nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin müsabiqədə iştirakına yol verilmir. Müsabiqədə məqsədli proqramlar üzrə əmək bazarında ən çox tələb olunan peşələr üzrə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş yerləri yaradan işəgötürənlərə üstünlük verilir. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
  İqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az"a açıqlamasında müvafiq qanuna dəyişikliyi müsbət adlandırdı:

"Müəyyən qurumlar tərəfindən vakant iş yerlərinin gizlədilməsi, nəinki xoşagəlməz haldır, bu, dövlət siyasətinə birbaşa zidd hərəkətdir. Millət vəkilləri haqlı olaraq narazılıqlarını bildiriblər. Çünki seçicilər iş üçün məhz millət vəkillərinə müraciət edir, onlar da problemin hansı səviyyədə olduğunu bilirlər. Müsbət olan həm də budur ki, millət vəkilləri bu problemi gündəmə gətiriblər, nəticədə “Məşğulluq haqqında” Qanuna bu dəyişikliklər təsdiqlənib. Əhalinin işlə təmin olunması çox vacib məsələdir və dövlət bu məsələnin maksimum həllində maraqlıdır. Əhalinin böyük hissəsinin məşğul olması vətəndaşın maddi rifah halının yaxşılaşmasında ən mühüm rol oynayır. Görürük ki, işğaldan azad olunmuş ərazilərimizdə yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə çalışır. Bu ona gorədir ki, doğma yurdlarında məskunlaşmağa başlayan əhali işlə təmin edilsin, sosial-iqtisadi problemlərini həll edə bilsin. Sirr deyil ki, regionlardan paytaxta məhz işsizlik səbəbindən gəlirlər. Bunu hökumət də bilir. Ona görə də regionlarda, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vacib məsələlərdən biri əhalinin məşğulluğunu təmin etmək, yeni iş yerlərinin açılmasını sürətləndirməkdir".
  F.İbrahimov vakant iş yerləri barədə məlumatların verilməsinin önəmini vurğuladı:
" Bu, ilk növbədə əmək bazarında planlaşdırma və əmək bazarının tələblərinin öyrənilməsi baxımından vacibdir. İş adamları vakansiyaları açıq təqdim etməlidirlər. Bu həm onların vakansiyası ilə bağlı məlumatlandırmanı artırmış olar, həm də vətəndaşlar həmin vakansiya ilə bağlı digər xəbərlərlə də tanış ola bilər. Buradan çıxış edərək Məşğulluq idarələri də həmin vakansiyaya uyğun olaraq iş axtaranın yönəldilməsini və vakansiyalar üzrə təqdim olunmasını həyata keçirəcək. İş adamlarının, sahibkarların bu məsələdə aktiv olması çox vacibdir. Bu məsələdə dövlət və özəl sektor birgə fəaliyyət göstərməli, əməkdaşlığı gücləndirməlidir. Qanunvericiliyə edilən son dəyişikliklərdən sonra işəgötürənlər vakant iş yerlərini gizlədə bilməyəcəklər artıq. “Məşğulluq” altsisteminə bunun inteqrasiyası nəticəsində işəgötürənlər tərəfindən vakansiyaların gizlədilməsi mümkün olmayacaq, işaxtaranlar üçün də məşğulluqlarını təmin etmək imkanı yaranacaq. İnzibati Xətalar Məcəlləsinin 540-cı maddəsində məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə işəgötürənlərin üzərinə məsuliyyət qoyulub. Məcəllənin 540.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatların təqdim edilməməsinə görə 500 manatdan 1000 manatadək cərimə nəzərdə tutulur. İşəgötürən cəriməni ödəyə də bilər. Amma hər birimiz nəzərə almalıyıq ki, işsizliklə mübarizədə, əhalinin məşğulluğunun təmin edilməsində dövlətin yanında olmalıyıq".